Paşinyanın müharibə təhlükəsi barədə bəyanatına Moskvadan reaksiya
Qərbin siyasəti gətirib ona çıxarıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin həmsərhəd bölgəsində Azərbaycanla mümkün müharibənin təhlükəsindən danışır.
Rusiyanın TASS dövlət xəbər agentliyinin məlumatında deyilir ki, bunu özünün teleqram kanalında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yazıb:
"Görün Avropa İttifaqının, NATO və Vaşinqtonun yeni kuratorları işi nə həddə çatdırıblar. Xahiş edirəm diqqət edəsiniz: bu bəyanatın (Paşinyanın bəyanatı-red) Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bu müstəsna olaraq Yerevandakı hazırkı hakimiyyətin kompetensiyasındadır və qərbçilərlə məsləhətləşmələrin nəticəsidir”.
Maraqlıdır ki, ölkəsinin həmsərhəd bölgələrinə səfər zamanı verdiyi bəyanatlarda Paşinyan nə Rusiya, nə də Qərbin adını çəkməyib.
Moskva öhdəliyini niyə yada salmır?
Ermənistan şərhçiləri bildirirlər ki, 1997-ci ildə Ermənistan və Rusiya arasında imzalanmış “dostluq, əməkdaşlıq və qarşılıqlı yardımlaşma” haqqında müqaviləyə görə Rusiya Ermənistanı xarici təcavüz və hücumlardan müdafiə etmək üçün öhdəlik götürüb.
Bu da vurğulanır ki, eyni öhdəliyə Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da malikdir. Yerevanın fikrincə KTMT də öhdəliyinə əməl etməyib.
Paşinyan martın 18-də Tavuş vilayətinin Azərbaycanla həmsərhəd kəndlərinə səfəri zamanı demişdi ki, Yerevan Bakının tələb etdiyi 4 kəndi qaytarmasa, tezliklə müharibə başlana bilər.
Paşinyanın sözlərinə görə bu proses ona görə zəruridir ki, “müharibəyə yol verilməsin”.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun baş nazirlə görüşmüş kəndlilərə istinadla yazır ki, Paşinyan onları narahat edən məsələlərə aydınlıq gətirməyib, amma deyib ki, bütün bu narahatlıqlar nəzərə alınacaq.
Tavuş vilayətinin icra başçısı Nver Beqlaryan xəbərdarlıq edib ki, sözü gedən kəndlər Azərbaycana qaytarılarsa, Ermənistanın Azərbaycanla həmsərhəd Voskepar, Bağanis, Voskevan kəndlərinin, habelə Noemberyan şəhərinin sakinləri yolları bağlamağa və özünümüdafiə təşkil etməyə hazırdırlar.
Paşinyan ötən həftə bəyan etmişdi ki, Bakının tələb etdiyi kəndlər beynəlxalq sərhədlər daxilində Azərbaycana aiddir.
Azatutyun yazır ki, buna baxmayaraq Ermənistanın həmsərhəd kəndlərinin sakinləri burada da “Qarabağda baş verənlərin təkrar olunacağından” narahatdırlar.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.
Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.