Bahalaşma ilə bağlı daha bir açıqlama: "İnhisarçı təkcə "Azərsun" deyil, başqaları da var..."

“Təkcə “Azərsun” deyil, ümumiyyətlə, iqtisadi seqmentlər müxtəlif inhisarçılar tərəfindən inhisara alınıb. Bu, Azərbaycan iqtisadiyyatının köklü problemlərindən biridir. Hələ rəsmən elan edilməyib ki, Azərbaycan iqtisadiyyatının neçə faizi inhisardadır. Əsas bundan başlamalıyıq. Hökumət qiymət artımına qarşı mübarizə aparmaq istəyirsə, birinci növbədə inhisarçılığı aradan qaldırmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib. 

Çörək 80 qəpik olacaq? - AÇIQLAMA Pravda.az

O bildirib ki, “bazar iqtisadiyyatı” deyilən bir modelin iki əsas şərti var: “Rəqabət mühitinin formalaşdırılması və sərbəst qiymətlər siyasəti. Yəni qiymətlər sərbəst buraxılır, sahibkar öz məhsuluna istədiyi qiyməti qoyur. Biri oturub bazarda yumurtanı 5 manata sata bilər, buna hökumət heç nə deyə bilməz. Bazar iqtisadiyyatı modelinin tələbi, əsas qayəsi budur. Neçəyə satırsan, sat. Qiymətə məhdudiyyət yoxdur. Buna görə də bazar iqtisadiyyatı şəraitində, bu modelin çalışdığı ölkədə “süni qiymət” artımı deyilən bir məhfum olmamalıdır. İnhisarçılıq varsa, deməli, avtomatik rəqabət yoxdur. Rəqabət və sərbəst liberal qiymət bazar iqtisadiyyatının məğzini təşkil edir. Biz, doğrudan da, qiymət artımına qarşı mübarizə aparmaqda səmimiyiksə, ölkədə rəqabət mühiti formalaşdırmalı, inhisarçılığı aradan qaldırmalıyıq. Bazar iqtisadiyyatı modelində hökumətin bir nömrəli vəzifəsi inhisarçılığa yol verməməkdir. Belə halda avtomatik olaraq qiymətlər aşağı düşəcək, keyfiyyət yüksələcək. Bazar iqtisadiyyatının gözəlliyi budur. Bazarda hər məhsulu ayrı-ayrı 10 adam satır. Hər biri bazarın daha əhəmiyyətli hissəsini öz əlinə almaq, daha çox məhsul satmaq uğrunda mübarizə aparır. Bunun üsulları nədir? Yalnız alıcı cəlb etmək. Rəqabət mühitində sahibkar çalışır ki, rəqibinə nisbətən daha keyfiyyətli, ucuz mal satsın, alıcı onu seçsin. İnhisarçı bazarda isə sahibkarın rəqibi olmadığına görə sahibkar nə qiyməti aşağı salmaqda maraqlı olur, nə də keyfiyyəti qaldırmaqda. Onun qorxacağı nəsə yoxdur. Nə vaxt dövriyyə artırsa, qiymətləri qaldırırlar ki, daha çox qazansınlar. Dövriyyə azalanda isə qiymət sabitləşir, amma ucuzlaşmır. Çünki ucuzlaşdırmağa səbəb olmalıdır, səbəb isə yoxdur. İnhisarçı bazarda böyük inhisarçılar yalnız hökumətin təsirləri ilə cüzi ucuzlaşmaya gedə bilərlər. Müşahidə etdiniz, çörəyin qiyməti beş qəpik-beş qəpik azaldı. Halbuki 3 il ərzində çörəyin maya dəyəri yarıbayarı aşağı düşüb. Bunlar isə 5 qəpik ucuzlaşdırırlar. Hökumətin inhisarçılara təsiri realdır, lakin bu təsirlər həmişə onları təzyiq altında saxlaya bilmir. Hökumət istəsə də, sahibkarı daimi təzyiq altında saxlaya bilməz. Bazar iqtisadiyyatının mexanizmi belədir ki, orada rəqabət mühiti daim təzyiq altında saxlayır. Azərbaycanda monopoliya olduğuna görə qiymətləri artırırlar. Hər qiymət artanda onların mənfəəti artır”.

Aytəkin Qardaşova