AZƏRBAYCANDA DÖVLƏT ADAMI VARMI?
səxavət Əlisoy
“Dövlət Adamı” - iqtidarda önəmli vəzifə tutan, yalnız qanunlar çərçivəsində işləyən, ailəsini dövlətdən aldığı maaşla dolandıran, yəni, rüşvət almayan, dövləti çapıb-talamayan, dürüst, fəaliyyəti şəffaf olan, dövləti və dövlətçiliyi qırmızı xətt sayan, vəzifə kreslosuna atasının mirası kimi baxmayan bir şəxsdir. Sıradan bir vətəndaş da Dövlət Adamı kimliyini daşıya bilər.
Bu tərifə uyğun bir kişinin Azərbaycanda olub-olmaması barəsində düşünməkdə olun, sizə qardaş Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqqında yazdığım “ƏN BÖYÜK DÖVLƏT VƏ MİLLƏT ADAMI” kitabının “Dövlət və Millət adamları” bölümündən biri nazir, digəri əsgər olan iki Dövlət Adamının həyatını analadım.
1. Reşit Qalip. 1893-cü ildə bu gün Yunanıstana məxsus Rodos adasında dünyayaya gəldi. Rodosun İtalyanlar tərəfindən işğal təhlükəsi yarananda qardaşı ilə İzmirə gəldi. Orta məktəbi bitirib İstanbul Darülfününün tibb bölümündə oxudu. Tələbəlik illərində könüllü olaraq Balkan və 1-ci dünya müharibələrində, Qurtuluş savaşında iştirak etdi. Mustafa Kamal Atatürklə ilk dəfə doktor olaraq çalışdığı Mersində üz-üzə gəldi.
Atatürk 1923-cü ilin Mart ayının 17-də Mersinə gəldi. Millət bağçasındakı görüşdə Reşit Qalip də çıxış etdi. Onun nitqindən təsirlənən Mustafa Kamal Reşit Qalipə millət vəkili olmağı təklif edir. 1925-də Reşit Qalip Türkiyə Böyük Millət Məclisinə üzv oldu. Yüksək intellekti və yenilikçi xarakteri ilə seçilən doktor təpədən-dırnağa dövlətə bağlı bir adam idi. Onun M. K. Atatürklə bir hekayəsi isə əfsanə kimi dillərə düşüb. Qısa olaraq bu hekayəni yazıram.
Mustafa Kamal Atatürkin axşam yeməyində süfrəyə bəzi vəzifəli şəxslər və millət vəkilləri də dəvət olunurdu. Adətə dönmüş bu süfrələrdə dövlətin mühüm məsələləri müzakirə olunurdu. 1931-ci ilin qış günlərinin birində Reşit Qalip də dəvət alır. Süfrədə doktor söz alıb təhsildə baş verən problemlərdən danışır. Xüsusi olaraq vurğulayır ki, təhsil naziri orta məktəblərdə qız uşaqlarının qısaqol köynək və yubka geyinməsinin qarşısını almaq üçün bir təlimat hazırlatdırıb. Bunun yanlış olduğunu deyərək nazirin köhnəfikirli olmasına bağlayır. Mustafa Kamal Maarif nazir Esat beyin müəllimi olduğunu və bu günkü süfrədə iştirak etmədiyini xatırladaraq bildirir ki, mənim müəllimim köhnəfikirli ola bilməz. Reşit Qalip tənqidlərini davam etdirəndə süfrədə bir gərginlik yaranır. Mustafa Kamal doktora xitabən “yoruldunuz, bir az istirahət edin” deyir. Bu sözün anlamının “süfrəni tərk edin” deməyin kübarcası olduğunu Reşit Qalip də daxil süfrədə hər kəs bilirdi. Buna baxmayaraq, "Bu süfrə sizin deyil, millətin süfrəsidır. Millətin problemlərini danışırıq. Biz cumhuriyyət üçün savaşdıq. Müəlliminiz sizi deyil, Allahı da oxutsa, ondan Maarif naziri olmaz. Cumhuriyyətdə tənqid sərbəstdir. Burada oturmaq sizin qədər, mənim də haqqımdır" deyir.
Ortalıq buz kimi olur. Mustafa Kamal Atatürk ayağa qalxıb “o zaman biz gedərik” deyib süfrəni tərk edir. Mustafa Kamalın ardınca digərləri də gedir.
Sonra nələr olur? Bu fövqəladə səhnənin davamı daha da ibrət vericidir: Reşit Qalip bütün geceni Dolmabahçe Sarayında pəncərə kənarındaki bir stulda oturaraq keçirir.
Atatürk səhər oyandığında yavərindən Reşit Qalipi xəbər alır.
"Sabaha qədər gözlədi, xəcalətini sizə çatdırmamızı rica etdi. Ankaraya yol pulu olaraq borç istədi. 25 lira verdik" deyir yavər.
Atatürk "Ankaraya gedəcək adama 25 lirami verilir. Barı mənim hesabımdan bir neçə yüz lira verəydiniz. Cibində beş parası yox amma xarakterindən heç güzəştə getmir. Parası yox, amma cəsarəti var" deyir.
Hər kəs Atatürkə söz qaytaran, sayğısızlık edən doktorun ciddi cəzalanacağını gözləyirdi. Lakin Mustafa Kamal Atatürk bir müddət keçdikdən sonra Reşit Qalipi yanına çağırdı. Və onu Maarif naziri təyin etdi.
Bu təyinat dünya demokratiya tarixində örnəyi olmayan bir olay.
Bu təyinat Mustafa Kamal Atatürkün nə qədər böyük bir adam olduğunu ortaya qoydu.
Doktor Reşit Qalip isə dövlətə olan sədaqətini Türk milləti qarşısında isbatladı.
Yazdığı bu Andı 91 ildir Türkiyə məktəblərində şagirdlər oxumaqdadır:
Türküm, doğruyum, çalışkanım,
İlkem:
küçüklerimi korumak, büyüklerimi saymak, yurdumu, milletimi özümden çok sevmektir.
Ülküm:
yükselmek ileri gitmektir.
Ey Büyük Atatürk!
Açtığın yolda, gösterdiğin hedefe durmadan yürüyeceğime ant içerim.
Varlığım Türk varlığına armağan olsun.
Ne mutlu Türküm diyene!
Digər xidmətləri barədə yazmağa lüzum görmədim, təkcə bu And milyonlarla Türk gəncin vətənpərvərlik ruhunda böyüməsində, Vətənə, Bayrağa, Millətə və Dövlətə olan bağlılığında əlahiddə rol oynamaqda.
Təkcə bu AND ilə doktor Reşit Qalib adını qızıl hərflərlə Cumhuriyyət tarixini yazdırdı.
Əsl Dövlət Adamı olaraq türk insanının yaddaşında qaldı.
Bir detalı da yazmaqda fayda var. Doktor Reşit Qalib gənc yaşlarında-41 yaşında pnevmaniyadan dünyasını dəyişdi. İlginc olan bilirsinizmi, nə idi?
3 dönəm millət vəkili olmuş, ilyarım Maarif naziri vəzifəsində çalışmış Reşit Qalipin evi belə yox idi. 3 otaqlı bir evdə 3 qızı və həyat yoldaşı ilə kirayədə qalırdı. Vəfat edərkən cibində 5 TL parası vardı.
Təkrar və böyük hərflərlə yazıram: 3 DÖNƏM MİLLƏT VƏKİLİ OLMUŞ, MAARİF NAZİRİ VƏZİFƏSİNDƏ İŞLƏMİŞ BİR ADAMIN EVİ YOX İDİ. KİRAYƏ EVDƏ QALIRDI. VƏFAT EDƏNDƏ CİBİNDƏ 5 TL PARASI VARDI.
Lütfən, böyük hərflərlə yazdıqlarımı ağlınızın süzgəcindən keçirin...
2. SEYİT ONBAŞI -Seyit Ali Çabuk.
1889-cu ildə Balıkesirin Havran İlçəsi Manastır kəndində dünyaya gəldi. 1909-cu ildə Osmanlı Ordusuna qatılmış, Balkan müharibəsində topçu kimi iştirak etmişdir. Çanakkala dastanı yazılarkən, minlərlə Türk Mehmetciyi qəhrəmanlıq göstərdi. Seyit Onbaşının cəsurluğu isə bu savaşın tarixinə qızıl hərflərlə keçdi.
18 Mart 1915-ci il. Düşmən donanması Çanakkala Boğazına girmək üçün irəliləyirdi. Yoğun bombardımana başladılar. Ağırlığı bir tona çatan top mərmilərindən biri Mecidiye Tabyası istehkamına na düştü. 10 əsgər şəhid oldu, 18 əsgər yaralandı. 3 əsgər sağ qaldı. Sağ qalan 3 əsgərdən biri də Seyit Onbaşı. Düşmən gəmisinə atəş açmaq lazımdır, amma topun vinçi dağıldığından mərmini topun ağzına qoymaq mümkün deyil. Bu zaman Seyit Onbaşı 275 kiloluq mərmiləri kürəyində daşıyıb topun ağzına qoyur. Atəş açılır. Mərmilərdən biri Fransız zirehli gəmisini zədələyir və gəmi batır. Seyit Onbaşı və o biri iki əsgərin bu cəsurluğu dillər əzbəri olur…
1918-ci ildə ordudan tərxis olunan Seyit Onbaşı Havrana qayıdıb kəndində odunçuluqla məşğul olmağa başlayır. 1922-ci ildə Qurtuluş Savaşı üçün yenidən orduya çağrıldı. Savaşdan sonra yenidən kəndə qayıdıb odunçuluğunu davam etdirdi…
1925-ci ildə Mustafa Kamal Atatürk Havrana gəlir. Havran kaymakanına Seyit Onbaşı ilə görüşəcəyini deyir. Seyit Onbaşını Atatürkün yanına gətirirlər. Seyit Onbaşı otağa girəndə Mustafa Kamal Atatürk əlindəki qəhvə fincaını masanın üstünə qoyub ayağa qalxır. Seyiti qucaqlayır. İlginc bir mənzərə. Təsəvvür edin qos-qoca Mustafa Kamal Atatürk bir odunçu olan vətəndaşının ayağına gəlir. Onu görəndə ayağa qalxıb qucaqlayır.
Atatürk Çanakkala savaşında Seyit Onbaşının qəhrəmanlığından danışır və sonda deyir:
- Məndən nə istəyirsən, Seyit? Səni əməkli maaşına bağlayacam.
Seyit Onbaşı əməkli maaşından imtina edir və Musstafa Kamal Atatürkə deyir:
Paşam, mən əməkli maaşı üçün savaşmadım. Dövlətə, Millətə və Vətənə olan borcumu qaytardım.
Hörmətli oxucu, Seyit Onbaşının bu cavabını təkrar-təkrar oxuyun. Odunçuluq edən, sıradan bir Türk vətəndaşının Dövlət və Vətən sevgisinə diqqət edin. Seyit Onbaşı Atatürkdən maaş da, ev də, para da istəsəydi, Mustafa Kamal Atatürk imtina etməzdi.
Fəqət Seyit Onbaşının içindəki Dövlət, Vətən və Millət sevdası hər şeydən üstün olduğundan Mustafa Kamal Atatürkdən bir şey istəmədi.
1939-cu ilə qədər bu gün adını daşıyan Koca Seyit kəndində yaşadı. 50 yaşında Reşit Qalib kimi o da pnevmaniya xəstəliyindən dünyasını dəyişdi…
Nədən yazdım, bu məqaləni? Və məqalənin başlığına çıxardığım o sualı nədən verdim sizə?
Müstəqilliyimizə qovuşduğumuz 1991-ci ildən bəri yüksək vəzifədə olmuş və Dövlət Adamı adlandırmağa layiq olan bir nazirin, yaxud yüksək vəzifəli bir şəxsin adını çəkə bilərsinizmi?
Hansı nazirə, yüksək dövlət görəvlisinə Dövlət Adamı demək mümkündür?
Çox çətin sual olduğunun fərqindəyəm. Di gəl ki, təşəkkül mərhələsində olan dövlətin büdcəsini dağıdan yüzlərlə nazir, icra hakimiyyəti başçısı və digər dövlət görəvlisi olub və olmaqdadır Azərbaycanda.
Onların hamısı vəzifəyə təyin olunanda dövlətə və dövlət başçısına sədaqətli olacağına söz verir. Ancaq Dövlətə də, Dövlət başçısına da sədaqətli olmurlar. Sədaqətli olduqları tək şey büdcənin talanı və rüşvət.
Həbsxanalara atılan nazirləri, icra hakimiyyəti başçılarını xatırlayın. Onların və hələ ki, dövlətin büdcəsini dağıtmaqda davam edən vəzifəlilərin bu Dövlətə və Millətə nə qədər xəyanət etdiyini düşünmək belə çox ağrılıdır…
Nazirlərimizə və yüksək vəzifə sahiblərinə dəyər vermək üçün Reşit Qalipi xatırlamamız yetər.
Müdafiə Nazirliyinin tabeliyindəki orta və ali hərbi məktəb kursantlarına dövlət və vətənsevərlik nümunəsi kimi Seyit Onbaşının həyatını anlatmalı, odunçu Seyit Onbaşının Mustafa Kamal Atatürkün “məndən nə istəyirsən” sualına verdiyi cavabı təkrar-təkrar oxutmalıdır…
Zaman gələcək Azərbaycanda da Dövlət və Millət adamları olacaq.
O zaman Dövlət daha da güclü olacaq.
Nədən ki, dövlətin gücünə güc qatan Dövlət Adamlarıdır.
“Təşəbbüs” Vətəndaş Platforması.
VII məqalə