KONSTİTUSİYANIN 37-Cİ MADDƏSİ VƏ HÖRMƏTLİ ƏHALİMİZİN KÜRƏYİNİN QAŞINMASININ NƏDƏNİ

Səxavət Əlisoy

VIII məqalə

Yaxınlarda bir neçə həmkarımla hörmətli əhalimizin düçür olduğu bəzi xəstəliklər barədə fikir mübadiləsi etdik. Terapevt ağ ciyər və ürək xəstəliklərindən, cərrah onkoloji xəstəliklərdən, qastroenteroloq metobolizm pozğunluqlarından danışdı. Xəstəliklərin yaranma səbəblərinin müxtəlifliyindən söhbət düşdü. Adətən, tibbdən danışmağı sevməyən dəri-zöhrəvi həkimi işləyən dostumuz eynən tələbə kimi əlini qaldırdı. Hörmətli əhalimizin ən çox əziyyət çəkdiyi mərəzlərdən biri yox, məhz birincisi kürək qaşınmasıdır, dedi.
Zatən terapevtin və cərrahın fikirlərində təzə bir şey yox idi, nədən ki, cümlə dünyada ağ ciyər və ürək, onkoloji xəstəliklər rast gəlməsinə görə birinci və ikinci sırada dayanmaqda. Ancaq kürək qaşınması təzə bir mövzu olduğundan bəzi fikirlərimi izhar etməyi özümə borc bildim.
Heç bir rəy sorğusu yoxdur ortada, sadəcə məsləkə güvənərək əminliklə demək olar ki, hörmətli əhalimizin ən azı 90 faizinin kürəyi qaşınır. Bu qaşınma da elə bir mərəzdir ki, nə cinci, nə yaşı, nə də savadı saya sayır. Gəldimi, gərək mütləq ya qaşıyasan, ya da ki, qaşıdasan.
Lütfən, elə buradaca beynində qırışı olanlar dost-tanışını, qohum-qardaşını gözünün önünə gətirsin. Tanıdığı neçə adamın kürəyini divarın küncünə sürtməklə rahatlıq tapdığını, neçəsinin evində qaşımaq üçün alətlərin olduğunu düşünsün. Hətta qaşovdan istifadə edənlər var. Axşam işdən gələndə arvadı qaşovu götürüb kürəyini qaşovlayır.
Arvadla soyuq müharibə durumunda olanlar (ki, bizdə hər 100 ailənin minimum 90-da bu müharibə var) 30-40 santımlıq taxta əldən istifadı edib canını rahatladır.
Kürəkdə olan qaşınmanın digər orqanların qaşınmasından fərqi ondan ibarətdir ki, digər əzalarını hörmətli əhalimiz ürəyi istədiyi qədər əli ilə qaşıya bildiyi halda kürəyini keyfiyyətli şəkildə qaşıya bilmir. Və elə buna görə də yardımçı vasitələrdən istifadə edir. Yardımçı vasitələr də Allaha şükr ki, saysız-hesabsız. Sağ olsun Çin hökuməti hörmətli əhalimizin kürəyini canı-könüldən qaşıyıb feyziyyab olması üçün növbənöv taxta əl, daraq, qaşov və sair istehsal edib Azərbaycanlı tacirlərə satır.
Bəs bu qaşınmanın etiologiyası- yaranma səbəbləri nədir?
Tibbi terminologiyanı bir kənara qoyub sadə el dilində izah etməyə çalışacaam.
1. Gigiyena. Yəni, fərdin cildini təmiz saxlaması. Buna nail olmağın ən bəsit yolu yaya-qışa baxmadan, ilboyu hər gün hamama girməkdir. Az da olsa, vicdanı olan təsdiq edər ki, gigiyenik mədəniyyətimiz ürəkaçan səviyyədə deyil. XXI əsrin 24-cü ilində yaşayırıq, amma yenidoğulmuşları hələ də XIX əsrdə olduğu kimi qırxı çıxandan sonra çimizdiririk. Hər birinizin əhatəsində elələri var ki, el dili ilə desək, ilim-ilim iylənir. Adam qışı boş ver, yayda belə duş qəbul etməyi özünə böyük işgəncə bilir. Rəhmətlik Əbdürrəhman Vəzirov Azərbaycanın başına keçəndə hamam problemini nahaq yerə qaldırmadı. Adam fəaliyyətinə toplumun gigiyenik mədəniyyətini yüksəltməklə başlamaq fikrindəydi, mərdiməzarlar arzusunu gözündə qoydu. Nəticə? Gigiyenasına önəm verməyənin kürəyi qaşınar. Bu belə.
2. Anormal qidalanma. Etiraf edək, toplum olaraq “nə gəldi yeməyə” vurğunuq. Gəyirənə qədər yeyənlər gördüm, əminəm ki, sizlər də görübsünüz. Həzm sistemini, metobolizmi əsla diqqətə almayan toplumuq. Axtarın internedən, görün, Avropa, Asiya bir yana Afrikanın sivilizasiyadan uzaq toplumlarının birində belə toy məclisində 5 cürə ət yeməyi qəbul etdikdən sonra gecə saat 11-də süfrəyə gətirilən yağlı plovdan da bir qab yeyən kimsə varmı? Biri var, adını çəkməyi rəva bilmirəm, donuz ətini yemir, deyir müsəlmanam. Amma süfrəyə qoyulanları eynən donuz kimi yeyir. Nəticə? Anaormal qidalanma kürəyi qaşındırır. Bu da belə.
1. Stress. Gərgin və əsəbi həyat tərzi. Qaşınmanın yaranmasında gigiyenadan və qidalanmadan 10 qat artıq rol oynayır. Hörmətli əhalimizin az qala yüzdə 90-ı stressdən, əsəbdən, gərginlikdən şikayətçi. On-on beş gün əvvəl bir universitet müəllimi ilə söhbət edirdim. Adam 1 saatlıq söhbətin tən yarısını əsəb gərginliyindən şikayət etdi. Elə yanındaca açdım internetdən Azərbaycan Konstitusiyasının 37-maddəsini oxudum: I. Hər kəsin istirahət hüququ vardır. II. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
Və sual etdim ki, nədən Ana Yasanın bu maddəsinə etinasız yanaşırsan. Söz tapmadı deməyə.
İstirahət etmək Ana Yasaya hüquqşünaslar tərəfindən gəlişigözəl söz kimi yazılmayıb. İstirahət sözünün içərisində tibbi aspektdən insanın sağlamlığı dayanır. Və adam olan kəs öz sağlamlığına biganə qalmamalı, istirahət etməlidir.
Amma hörmətli əhalimiz bir kəsim istisna olmaqla “istirahət etməyi beyninə həzm etdirə bilmir”. Bu bir zehniyyət problemi, daha dürüstü mental patologiya. Məsələn, həkimlərin əksəriyyəti məzuniyyətə getməyi sevmir. Baş həkim işlədiyim dönəmdə 10 həkimdən 9-u min oyundan çıxırdı ki, məzuniyyət zamanı da işləsin. Toplumun ziyalı kəsiminə aid edilən həkim məzuniyyətə gedib istirahət etmək istəmədiyi halda məmləkəti başına götürmüş bazarlarda, ticarət mərkəzlərində çalışan yüz minlərlə vətəndaşımıza istirahətin insan sağlamlığına faydası barədə danışmağın bir anlamı qalırmı?
Təxmini hesablamalara rəğmən Azərbaycanın alış-veriş məkanlarında 1 milyondan artıq adam işləyir. İldə yalnız iki gün ( Aşura və 20 Yanvar ) istisna olmaqla 12 saat iş başındadırlar. Bu 1 milyon ticarət adamını məcburi dispanserizasiyadan keçir, hər birində minimum 2-3 xroniki xəstəlik aşkarlanacaq. Adam profilaktik məqsədlə əsla tibb müəssəsinə getməz, yalnız xəstəliyi kəskinləşəndə həkimə müraciət edir. Bu durumda İstirahətdən, sağlamlıqdan nə danışacaqsan?
Rica edirəm, maddi durumu, kasıblığı önə çəkməyin. Varlı da, kasıb da öncə insandır, istirahət etməlidir. Və istirahət üçün varlının gedəcəyi məkandan savayı, kasıbın da gedəcəyi məkanlar var. Hökm deyil ki, Kanar adalarına, Kislovodska, Antalyaya gedəsən. Ən uzağı evdə oturub istirahət etmək olar. Önəmli olan bir müddət işdə olan gərginlikdən, stressdən uzaq qalmaqdır. Ki, bununla qismən də olsa Mərkəzi Sinir Sisteminin normal fəaliyyətini təmin etmiş olursan.
Maddi durum məsələsinə bir də qayıdıram. Toplumda bir kəsim var ki, ( onların arasında mənim də şəxsən tanıdığım çoxlu insan var) necə deyərlər, “ağlaşma qurmaqdan” yana sinov gedir. Cibində son model telefonu var, normal evi-eşiyi var, metrəyarımlıq televizoru var, 5-10 xalçası, arvadının qızıl- brilyantı var, maşını var, (Allah daha da çox etsin) onları əldə etməyə pul tapır, ancaq ildə 10-15 gün uzağı demirəm, Qəbələdə, ya da, Şamaxıda istirahət etməyə “maddi imkanı yol vermir”
Yuxarıda yazdım, istirahət etmək zehniyyət məsələsidir. Daha dürüstü insanın bir istirahət mədəniyyəti də olmalıdır.
İstirahətin yoxsa, əmin ol stressdən, əsəb gərginliyindən qaça bilməyəcəksən. Başqa sözlə kürəyin hər zaman qaşınacaq.
Yəqin ki, əsas məqsədimin kürəyimizdəki qaşınma yox, zehniyyətimizə pərçimlənmiş problemlərin olduğunun fərqindəsiniz. Sübh tezdənnən xaşxanaya getmək, səhərdan-axşama çayxanalarda oturmaq, parklarda nərd-domino oynamaq istirahət deyil, hörmətli əhali.
Yer kürəsi təkcə Azərbaycandan ibarət deyil. Toplumun bir kəsimi üçün dünya Azərbaycan da yox, doğulub öldüyü kənddən, ya da, rayondan ibarətdir.
Şübhəsi olanlar, dost-tanışının, qohum-əqrabasının adını bir kağıza yazıb onlardan neçəsinin Ümumvətandaş pasportu olduğunu hesablasın. ( Naxçıvanlılar və Rusiyada yaşayanlar istisnadır.)
Hörmətli əhalimizin ən az yüzdə yetmişinin Ümumvətəndaş pasportunun ( xarici pasport ) olmadığını və yaxud da pasportu olduğu halda əsla istifadə etmədiyini görəcəksiniz.
Təkrar yazıram, istirahət bir zehniyyət məsələsidir. Elə kürəyin qaşınması da onun kimi...

"Təşəbbüs" Vətəndaş Platforması