Uşaq mənimdir, özüm bilərəm!

Kubra Məhərrəmova yazır...

Çox yox, elə bir əsr qabaq insanlar ona görə çox uşaq doğurdular ki, bu, ilk növbədə pulsuz və havayı işçi qüvvəsi idi.

Təbii ki, sənaye inqilabından sonra ortaya yeni reallıqlar gəldi və çoxuşaqlı ailə sayı sürətlə azalmağa başladı.

Bütün dünyada urbanizasiya başladı. İnsanlar kəndlərdən şəhərlərə köç etməyə başladılar. Artıq çox uşaq kömək deyil, daha çox xərc olmağa çevrildi.

Eyni hal bir az başqa formada bizdə də baş verdi. 

Bunun əsas səbəbi Birinci Qarabağ savaşında bir milyondan artıq qaçqın və məcburi köçkünün əsasən şəhərlərə və daha çoxunun da paytaxta üz tutması idi. Yəni bizim insanımız kefindən deyil də, müharibə olduğu üçün, yer-yurdundan didərgin düşdüyü üçün şəhərə üz tutdu.

Səbəblərin fərqli olmasına baxmayaraq nəticə eynidir. İnsanlar yeni şərait və reallığa öyrəşməli, ya da məhv olmalıdırlar. Eynən biologiyada olduğu kimi. 

Son dövrlər ölkəmizdə demoqrafiya ilə bağlı ciddi problemlər yaşanır. Ən birincisi kişi və qadın cinslərinin qeyri-bərabər şəkildə artımı müşahidə olunur. Selektiv abortlara görə Qafqazda birinci olmağımızla “fəxr” edə bilərik. Çünki Azərbaycan ailələrində övladın cins prioriteti əsasən oğlandır. Qız uşaqlarını isə sakitcə ananın bətnində öldürmək kimi “gözəl” ənənəmiz var...

Demoqrafik məsələyə gəlincə, son zamanlar ailələrdə bir və ya iki uşaq dünyaya gəlir. Çünki bu gün uşaq saxlamaq artıq bahalı məsələyə çevrilib. 

Dünyanın bir sıra dövlətlərinə nəzər salsaq görərik ki, kollec və ali məktəblərin ödənişi də xeyli yüksəlib. Qiymət artımının əsas səbəbi isə tələb-təklif məsələsidir. Təbii ki, təhsilin keyfiyyəti öz yerində. Yəni dediyim odur ki, 100 il əvvəlki zamanla müqayisədə bu gün daha çox insan bahalı universitetlərdə ali təhsil almaq istəyir. Bu da birmənalı şəkildə valideynin cibindən çıxır. Çıxan vəsait isə geri dönmür. 

Qısa xülasə verim ki, düşünən insan üçün bu gün dünyaya övlad gətirib və onu “ayaq üstə” qaldırmaq əməlli yatırım və investisiyadır. Bugünkü müasir valideynin əsas hədəfi özündən sonra gələn nəslin layiqli yaşamasıdır. Həm mənəvi, həm də maddi cəhətdən. 
Bu kimi nümunələrin Azərbaycanda da müşahidə olunması yaxşı tendensiyadır.

İndi keçirəm baş verən hadisəyə.

Azərbaycanda fəaliyyət göstərən sığınacaqların birinə üç uşaq gətirilib - biri qız, ikisi oğlan. Sığınacağın rəhbəri Mehriban Zeynalovanın verdiyi məlumata görə uşaqların sığınacağa gətirilmə səbəbi atalarının uşaqlara görə dövlətdən aldığı sosial yardımın kəsilməsi olub. Ata bundan sonra uşaqlara baxmaq istəmədiyini bildirib. Daha sonra xəbərdar edib ki, əgər uşaqları kimsə evə qaytarsa, onları eyvandan küçəyə atacaq. Terror və şantaj. Ana da bu müddət ərzində cəmi bir dəfə üç uşağına baş çəkib. 

Qayıdaq ataya. Bu ifadələrdən sonra o üç uşağın ümumiyyətlə indiyə kimi həmin atanın əlində necə böyüməsi məndə əsaslı şübhələr yaradır. Bəlkə elə bu uşaqlar indiyə kimi digər şiddətə də məruz qalıblar? Sadəcə ata dövlətdən pul aldığı üçün müəyyən qədər onları yola verib. Pul bitəndən sonra da atıb elə dövlətin üstünə.

Bu məsələdə müəyyən olunan həqiqət o olur ki, bu qəbil insanlar sosiala güvənərək uşaq doğurlar.

Düşünürlər ki, bu yolla daha rahat yaşamaq olar. Uşağı doğ, dövlətdən pul al, yaşa. 

Əslində mən sosial yardımların daha çox olmasını istəyən adamlardanam. Ən böyük istəyim odur ki, Azərbaycanda yaşayan, doğulan uşaqlar heç kimə möhtac olmasınlar. Uşaqların bütün təməl tələbləri yerinə yetsin, layiqli təhsil alsınlar, Vətənə, dövlətə xeyirli övlad kimi yetişsinlər.

Gəlin məsələyə başqa istiqamətdən yanaşaq. Əgər ki, uşaqlar üçün nəzərdə tutulan müavinətlər gedib onlara çatmırsa, onların təməl ehtiyacları ödənmirsə, bu pul niyə o valideynlərə verilməlidir?

Bir ana ki, üç uşağını sığınacağa atmağa razılıq veribsə və cəmi bir dəfə onlara baş çəkibsə... Görəsən bu ana uşaq dünyaya gətirəndə hansı şərtlər və imkanlar üzərində bunu etdiyini bilmirdimi?

Növbəti sual, ana birinci uşağı dünyaya gətirəndən sonra imkansızlıqdan əziyyət çəkdiklərini, uşağı çətinliklə böyütdüklərini görüb niyə ikinci uşağı dünyaya gətirir? Növbəti doğulacaq uşaqları niyə ehtiyaclar girdabına atır? Niyə bu uşaqlar başqalarına həsəd aparmalıdırlar? Niyə onlar ömürlərinin 18 ilini bu vəziyyətdə keçirməlidirlər? 

Ümumiyyətlə, niyə bizim cəmiyyətdə uşaq ən son yerdə durur? Niyə uşaqlara qarşı münasibət bu qədər qəddar və haqsızdır? Niyə bizdə zorakılıq və istismara görə valideynlik hüququndan mərhum etmək halları azdır? Niyə görk üçün heç bir addımlar atılmır?

Bir neçə gün öncə bir ata “TikTok” sosial şəbəkəsində azyaşlı uşağına siqaret çəkdirir, ona bildiriləndən sonra ki, bunu eləmək olmaz, adam bildirir ki, “uşaq mənimdir, özüm bilərəm!”

Azyaşlı qızını ərə verən valideynlər də deyirlər ki, “qız mənimdir, özüm bilərəm!”

Bu cür düşünən insanların XXI əsrdə olmaları həqiqətən də möcüzədir. Çünki təkamül prosesi bu halda əksinə işləmiş olur. Bu da dünya elmi üçün tapıntıdır...