İRAN DOSTUMUZDUR, YOXSA DÜŞMƏNİMİZ?

Səxavət Əlisoy 

İranın ABŞ və İsraillə gizli anlaşması varmı?

Bir gün şimaldan cənuba şiddətli “TÜRK KÜLƏYİ” əsə bilər.

İkinci hissə

…İranda Azərbaycanı düzgün oxuyurlar. Yaxşı bilirlər ki, Azərbaycan nə ABŞ, nə də İsraillə müttəfiqliyini pozmağa qərar verəcək. Bu iki supergücün isə İranla öz hesabları var. Nədir o hesablar?

Öncə İranın yerləşdiyi coğrafiyaya bir nəzər salaq. İran körfəzi neft və qazla zəngin bir höfzədir. Bu körfəzin sahəsi 1.4 milyon kvadrat kilometr.
İran körfəzində 300-ə yaxın neft və qaz yatağı müəyyən edilmişdir ki, onlardan 13-ünün 1 milyarddan 10 milyard tona qədər, 40-ının isə 100 milyondan 1 milyard tona qədər neft ehtiyatı vardır.
Qətər, Bəhreyn, SəudiyyəƏrəbistanı, Küveyt, İraq, İran, Oman, Birləşmiş Ərəb Əmirlikləri, qismən Türkiyə və Suriyanın ərazisində yerləşən bir neft və qaz hövzəsinin dünya üçün nə qədər önəmli olduğunu yazmağa gərək yox.
Bu körfəzin ABŞ-ın və müttəfiqləri üçün nə qədər əhəmiyyət kəsb etdiyini anlamaq üçün isə körfəz dövlətlərinin siyahısına təkrar baxmaq yetər. Körfəz dövlətlərindən yalnız Türkiyə və İran ABŞ və müttəfiqlərinin təsiri altında deyil. Yerdə qalan 8 dövlət dünyanı idarə edən güclərin sərt dillə desək, oyuncaq dövlətlərdir. Bu dövlətlər heç bir halda o güclərin istəyinin ziddinə hərəkət etmək iqtidarında deyil. Əgər bu dövlətlərdən biri cızılmış cizgidən kənara çıxarsa, çox ciddi cəzalandırılır. Dünyanın ən qədim iki-üç dövlətindən biri olan İraqın nə günə qaldığını xatırlayın.
ABŞ Energetika Nazirliyi 2023-cü il hesabatında İranın dünyada ikinci ən böyük qaz ehtiyatına və üçüncü ən böyük neft ehtiyatına malik olduğunu bəyan edib.
İran son dərəcə böyük neft yataqlarına malik olsa da, ABŞ-ın illərlə tətbiq etdiyi embarqolar və ağır sanksiyalar səbəbindən hasilat və ixrac imkanlarında azalma yaşanırdı. Lakin Çinin son illərdə İrandan neft alışını artırmasından sonra gündəlik neft hasilatı 3,2 milyon barrel, qaz hasilatı 1.07 milyard kubmetr.
Belə bir durumda ABŞ və müttəfiqlərinin (bura İsrail də daxildir) İranla “haqq-hesab çəkmək məcburiyyətində”.

İRANIN ABŞ VƏ İSRAİLLƏ GİZLİ ANLAŞMASI VARMI?
50 ilə yaxındır ki, ABŞ və İsrail İranla soyuq müharibədə. Sual etmişdik məqalənin birinci hissəsində. Ki, nədən bu savaş “istiləşmir”?
ABŞ İranın böyük generallarından birini- Qasım Süleymanini məhv etdi. Bir həftə əvvəl-Aprelin 1-də İsrail İranın Dəməşq konsulluğunda daha iki generalını öldürdü. Ümumiyyətlə İsrail son illər İrana qarşı 45 dəfə raket zərbələri endirib. Heç birinə qarşı İran cavab verməyib. ABŞ deyək ki, məsafəcə uzaqda. İran raketləri ora çatmaz. Bəs. İsrailə necə? İran hərbi arsenalındakı raketlər 2 min kilometrdəki hədəfi vurmaq gücündə. Tehranla Qüds arasındakı məsafə də 1856 km.
Nədən vurmur? ABŞ general Qasım Süleymanini öldürəndən sonra molla hakimiyyəti ABŞ-I dəfələrlə hədələdi ki, çox ciddi zərbələr vuracaq. Vurdu da. ABŞ-ın İraqdakı hərbi bazaları raketlə vuruldu. Və İran hakimiyyəti bu zərbələrdən 100-ə yaxın ABŞ əsgərinin öldüyünü duyurdu. Cümlə İranda bu “qələbə” münasibəti ilə şoular düzənləndi. Əsl həqiqəti isə ABŞ-ən keçmiş prezidenti Donald Tramp 2024-cü ilin Yanvar ayında president seçkiləri ilə bağlı keçirdiyi bir toplantıda açıqladı. Bəlli oldu ki, İranın başında dayananlar ABŞ-ən İraqdakə hərbi bazalarına zərbə endirəcəklərini əvvəldən Vaşinqtona xəbər verib. Nə üçün bunu edib İran? İranın baş mollası xalqının gözündən düşməmək, daha dürüstü iqtidarını qorumaq üçün bu addımı atıdı İran. İraqda ABŞ üçün elə də bir əhəmiyyət kəsb etməyən obyektlərə raket atdı İran. BİR ABŞ ƏSGƏRİNİN burnu belə qanamadı. Bunları Tramp deyir. İnanmaq istəməyənlər, internetdən Trampın çıxışını tapıb oxuya bilər.
Açıq yazıram, İran nə ABŞ-ə, nə də, İsraili vurmaq iqtidarında deyil. Nədən ki, İran oyuna çəkildiyini gözəl bilir. Bilir ki, ABŞ və müttəfiqləri neftinə və qazına görə İranı İraqın gününə salmaq istəyir…
ŞİMALDAN ƏSƏ BİLƏCƏK “TÜRK KÜLƏYİ”
Azərbaycanda kimsə İranın İraqın gününə düşməsini istəməz. Nədən ki, İranda 30 milyondan artıq qan qardaşımız yaşamaqda.
Əgər ABŞ və müttəfiqləri İranı bitirmək planını gerçəkləşdirməyə start versə, bölgədə çox fəlakətli bir durumun yaranması qaçılmaz olacaq.
50 ilə yaxındır ki, bu soyuq savaş davam etməkdədir. Nə ABŞ və İsrail İranı vurur, nə də İran 1 və 2 saylı düşmənlərinə həmlə edir. Arada Azərbaycanın başı ağrımaqda.
Azərbaycan İran məsələsində həm İsrail, həm də ABŞ üçün sərfəli partnyor. Məkan baxımından. ABŞ və İsrail üçün İrana hərbi müdaxilə planında Azərbaycan bir platforma. İran bunu bilir. Və düşmənlərinin müharibə edəcəyi təqdirdə əks-zərbə endirəcəyi dövlətlər sırasına Azərbaycanın da adını yazıb.
İmperialist qüvvələr gündə 3 milyon barrel neft, 1 milyard kubmetr qaz hasil edən bir ölkə ilə sonsuza qədər soyuq müharibə vəziyyətində qala bilməz.
Bir nüansa diqqət etməkdə fayda var. Əsla yaddan çıxarmayın, Rusiya-Ukrayna, İsrail-Fələstin müharibələrinin əsl səbəbi enerji qaynaqlarının ələ keçirilməsidir.
Aralıq dənizindəki 3 trilyon dollarlıq neft yataqları, Baltik dənizi vasitəsi ilə Avropaya çatan Rusiyanın Şimal qaz xətti, İranın neft yataqları imperialist güclərin hədəfində.
Azərbaycan necə hərəkət etməlidir, bu durumda?
Azərbaycanın münaqişədə olan tərəflərin heç biri ilə düşmən olmamalı. Türkiyə xaric heç bir dövlət bizimlə “qardaş” ola bilməz. Onların çıxarları olduğu kimi bizim də çıxarliləarımız önəmli.
Əslində 33 yaşlı gənc bir dövlət böyük imtahan qarşısında. Rusiya, Ermənistan, İran, Fransa, ABŞ və İngiltərə ilə dövlət, dövlətçilik naminə yüz ölçülmüş, soyuqqanlı diplomatik gedişlər ortaya qoyulmalıdır.
Təkrar yazıram, Qarabağ savaşının birinci hissəsi-hərbi hissəsi bitib. İkinci hissə-diplomatik savaş davam etməkdədir.
Diplomatik mərhələdən yalnız soyuq başla, təmkinlə çıxmaq olar. Azərbaycanın imperialist güclərin İraqa, Yəmənə, Liviyaya, Əfqanıstana… GƏTİRDİYİ DEMOKRATİYAYA ƏSLA EHTİYACI YOXDUR.
Bunu hər bir Azərbaycan vətəndaşı anlamalıdır. Hər bir Azərbaycan vətəndaşı onu da anlamalıdır ki, Aazərbaycanda TEOKRATİK, MƏZHƏB dövləti qurmaq ideyası başdanbaşa absurd. Yalnız xəstə təxəyyüllü insanlar belə bir dövlətin qurulma zəruriliyini ortaya ata bilər.
İrana qayıdaq. Mövcud durumda İran bizim nə dostumuz, nə də düşmənimiz. İran bizim 700 kilometrlik qonşumuz. Bu dövlətin HƏM DAXİLİ. HƏM DƏ XARİCİ problemlərinin sayı-hesabı yox.
İran Azərbaycanla təhdid dilində danışmağa son qoymalı. Din və etnik faktorunu qabartmaqla Tehran heç bir şeyə nail ola bilməz. İki il əvvəl Azərbaycan prezidentinin orada yaşayan soydaşlarımız barədə ifadə etdiyi bir cümlə bir gün şimaldan cənuba əsən şiddətli “türk küləyinə” çevrilə bilər. O küləyə bu gün gərək yox. İsti qonşuluq münasibətlərini davam etdirmək yetər…

“Təşəbbüs” Vətəndaş Platforması. IX məqalə