İran mediasından cəfəng iddia
“Pakistan və Bakı rejimi İrana qarşı koalisiya yaradıblar”
Daim anti-Azərbaycan çıxışları və yazıları ilə tanınan və İran hökumətinə bağlı “Tahririeh” saytı iddia edir:
“Son zamanlar rəsmi İslamabad “Bakı rejimi” ilə nisbətən yaxşı münasibətlər qurub və bu da onu göstərir ki, Pakistan hökuməti regional məsələləri düzgün dərk etmir”.
Bu sözləri siyasi iqtisadiyyat üzrə iranlı ekspert Əta Bəhrami “Tahririeh” saytının YouTube kanalında “Pakistan və Bakı rejimi İrana qarşı koalisiya yaradıblar” başlıqlı və əsassız fikirlərlə dolu hazırladığı video süjetdə bildirib.
O, iddia edib: “Bakı rejimi və onun rəhbəri İlham Əliyev Pakistanı aldadaraq, ondan İrana təzyiq vasitəsi kimi sui-istifadə edir. Pakistanın keçmiş baş naziri İmran Xana qarşı edilən çox mürəkkəb çevriliş burada özünü göstərir.
Təxminən iki il əvvəl Türkiyə, Azərbaycan və Pakistanın iştirakı ilə “Üç qardaş” adı altında keçirilən hərbi təlim əslində Əliyev-Ərdoğan ittifaqının İrana qarşı onun şərqində cəbhə açmaq məqsədi güdürdü. Bunun üçün Pakistanı da buna cəlb etdilər. Bu oyunun əsl məqsədini anlamayan İslamabad sözügedən hərbi təlimə qatıldı.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri Pakistana gedərək bu ölkənin həmin təlimdə iştirakının yersiz olduğunu əsaslandıraraq deyib: “Siz aldanmısınız, bir az ağıllı olun, Qafqazda baş verən qarşıdurmanın sizə nə dəxli var?”
Pakistan öz səhvini başa düşüb geri çəkildi. Pakistanın yeni Baş naziri Şahbaz Şərif “Bakı rejimi” ilə hərbi əlaqələr qurub ona qırıcı təyyarələr vermək niyyətində idi".
Daha sonra Azərbaycan Prezidentini həyasızcasına təhqir edən iranlı "siyasi şərhçi" hədyan yağdırıb: “Zəif şüurlu” insan olan İlham Əliyev isə deyib ki, İran bizə hücum etmək istəyir. Bu hücum reallaşana qədər Pakistan Tehranda hərbi parad keçirəcək...”.