Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
Seperatçı Ruben Vardanyanın Nobel Sülh mükafatına namizəd göstərilməsinə dair kampaniya son günlər daha da aktual xarakter almağa başlayır.
Belə ki, hazırda Bakıda həbsdə olan Ruben Vardanyanın törətdiyi cinayətlərin sayı-hesabı olmasa belə, sülh keşikçisi göstərilməyə çalışılır. Təbii ki, buradakı dəst-xətt hamıya aydındır. Tipik olaraq “görünməyə və göstərilməyə çalışmaq” kampaniyaları Qərb istehsalıdır. Burada da Qərbin maraqları və erməni diasporunun məkrli planlarını sezmək mümkündür. Ruben Vardanyana gəldikdə isə artıq onun sülh mükafatına namizəd kimi obrazının formalaşmasına Ukrayna Ali Radasının üzvləri də qarşı çıxıblar. Ukraynanın ali qanunverici orqanında bununla bağlı bəyanat da imzalanıb.
Bəyanatda Ruben Vardanyan kimi cinayətkarın, separatçılığı, müharibəni dəstəkləyən və sahibi olduğu şirkətlərin qaranlıq fəaliyyətləri ortaya qoyulmuş şəxsin Nobel Sülh mükafatı namizədi kimi təqdim olunmasından kəskin narazılıq və qəzəb ifadə olunub. Ukrayna prizmasından hər şey aydındır, Ruben Vardanyan müharibəni dəstəkləyən şəxslərdən biridir və bu mənada Ukrayna üçün əliqanlı bir cinayətkar hesab edilir.
Ukraynaya dəstək verən Qərbin bu cür separatçının təbliğini aparması isə heç bir məntiqə sığmır. Belə olan halda Qərbin ikiüzlü siması ortaya çıxır. Bəs bu prosesin arxasında kimlər və niyə dayanırlar? Heç şübhəsiz burada əli olan ilk ünsür erməni diasporudur. Diasporun resursları və imkanları bu prosesə cəlb olunub, fəal şəkildə istifadə olunur. Erməni diasporunun Qərbdə sahib olduğu imkanlar da hər kəsə bəllidir.
Xüsusən burada ABŞ-dəki diasporu vurğulamaq gərəklidir. Ancaq ən azından Şərqdə yaşayan hər bir insan bilir ki, Qərb maraqları təmin olunmayan heç bir işə qol qoymur, dəstəkləmir. Demək ki, burada həmçinin Qərbin öz maraqlarından da söhbət gedir. Əks halda böyük əzm və reallıqda çox böyük resurslarla dəstəklədikləri Ukraynanı belə görməzdən gələrək bu cür kampaniya başladılardımı?
Cavabsız suallar çox olsa da, bir suala cavab tapmaq mümkün olub. Müqəssirlərdən birinin adı ortaya çıxıb və onun ünvanı heç də təəccüb doğurmur: Amerika Birləşmiş Ştatları... “Edelman” mərkəzi ABŞ-də yerləşən ictimaiyyətlə əlaqələr və marketinq konsultasiyası şirkətidir. Məhz bu şirkət Ruben Vardanyandan “sülhpərvər”, “sülh quşu” imici yaratmaq üzərində fəal iş aparır.
Qeyd edək ki, Nobel Sülh mükafatına namizədlər təşkilat komitəsi tərəfindən heç vaxt açıqlanmır, hətta mükafat təqdim edildikdən sonra belə... Ancaq bütün dünyada bir sıra namizədlərin ön plana çıxarılması və reklamı işləri aparılır. Sözügedən şirkət bu sahədə artıq 72 ildir fəaliyyət göstərir və kifayət qədər təcrübəlidir. Qərb və erməni diasporu öz işlərini ehtiyatlı tutublar. Öz riyakar və ikiüzlü oyunları üçün peşəkar komanda toplayıblar...
Ancaq bütün bu kampaniya belə hələ Ruben Vardanyanın namizəd olması anlamına gəlmir və böyük bir cəfəngiyat olmaq yolunda irəliləyir. Ancaq bütün bunlar “Edelman”ın ortaya qoyduğu ikiüzlülüyü kölgə altında qoymamalıdır. Həqiqət ondan ibarətdir ki, hazırda diaspor və ya başqa dairələrin maraq və pulları uğruna sözügedən şirkət canidən, əliqanlı qatildən böyük əzm və bir o qədər riyakarlıqla “qəhrəman” düzəltməyə çalışır.
Sözsüz ki, bu riyakar plan sonda iflasa məhkumdur. Çünki heç bir reklam və PR kampaniyası Vardanyanın separatçı, qatil, qanunsuz əməllərin icraçısı kimliyini şübhə altına ala bilməz. Ancaq bu kampaniya Qərbin riyakarlığının sərhədləri olmadığını görmək və anlamaq üçün əvəzsizdir. Bütün dünyada nüfuz sahibi olan “Edelman” isə pul və tapşırıq hesabına qatili qəhrəmanlaşdırmağa çalışacaq qədər cılız və iküzlü qurumdur...
Orxan Tağıyev