Ukrayna ordusu onlarla qəsəbəni azad edib

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Ordusu hazırkı müdafiə əməliyyatı çərçivəsində Ukraynanın cənubunda kifayət qədər sürətli və güclü hərəkat həyata keçirir - bir həftə ərzində onlarla yaşayış məntəqəsi azad edilib.

Bu barədə dövlət başçısı ənənəvi videomüraciətində danışıb.

Onun sözlərinə görə, təkcə bu həftə onlarla yaşayış məntəqəsi artıq Rusiyanın “psevdoreferendumundan azad edilib”: “Bu, Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərində baş verib”.

V.Zelenski xatırladıb ki, Xerson vilayətində Lyubimovka, Xreşenivka, Zolotaya Balka, Belyaevka, Ukrainka, Bolşaya və Malaya Aleksandrovka və Davidov Brod yaşayış məntəqələri azad edilib: “Bu heç də tam siyahı deyil... Döyüşçülərimiz dayanmır. İşğalçını bütün torpaqlarımızdan qovmağımız sadəcə zaman məsələsidir”, - deyə Zelenski bildirib.