Rus işğalının üçüncü mərhələsi başlandı


Rusiyanın Ukraynanı işğalının ilk mərhələsinə TƏKƏBBÜR və XƏYAL, ikinci mərhələsinə OYANIŞ və ARAYIŞ adını qoydum, üçüncü dönəmə də MƏĞLUBİYYƏTDƏN QAÇIŞ adını vermək olar. Bu dönəmin beş özəlliyi var:
Birincisi, Rusiya işğal etdiyi bölgələrdə saxta referendum keçirdi, bu əraziləri Rusiyaya birləşdirdi, işğalı ilhaqa çevirdi. Putin Kiyevdən Donbas, Luqansk bölgələrinə geri çəkiləndən sonra uzun müddət barış yolu axtardı, savaşın uzanmasını istəmədi, Ukraynaya 20 faiz ərazini ver, barış olsun, Avropaya da yasaqları qaldır, enerji al təklifi etdi. Bu məqsədlə Donbas, Luqansk, Xerson, Zaporejye bölgələrində referendum keçirilməsini ləngitdi. Təklifləri rədd olunduqdan sonra siyasətini dəyişdi, saxta referendum keçirərək adlarını saydığımız bölgələri Rusiyaya birləşdirdi. Nəticədə: 1) Rusiya savaşa başqa ad qoydu, öncə həyasızcasına “xüsusi əməliyyat” deyirdi, indi Ukrayna Rusiyanın ərazilərini işğal edir, o, işğalçıdır deməyə başladı; 2) Rusiyanın qırmızı xəttini açıqladı – geriyə yol yoxdur, Ukrayna bu bölgələri işğaldan azad etsə, Putinin çöküşü başlayar; 3) Nüvə silahından istifadənin yolunu açdı – torpaqlarımı işğal etsən, vuraram; 4) səfərbərliyi əsaslandırdı, rus xalqını Putinin ətrafında birləşdirmək istədi, vətəni – Putini qorumaq vəzifənizdir demiş oldu; 5) zəfər elanı ilə itkilərini, ağır məğlubiyyətini gizlətməyə çalışdı – itkilərimiz var, ancaq əvəzində torpaq qazanmışıq dedi; 5) danışıqlar yolunu bağlamış oldu – Ukrayna Prezidenti bu addımlardan sonra bir sənəd imzaladı, o sənəddə deyilir ki, Putinlə heç bir danışıq olmayacaq;
İkincisi, Rusiya işğalın üçüncü dönəmində qismən səfərbərlik elan etdi, bu addım dedi: 1) Putin yalan danışır, bu, xüsusi əməliyyat deyil, savaşdır, işğal hərəkatıdır; 2) Rusiyanın çox böyük itkiləri var, Şoyqunun dediyi kimi, altı minə yaxın əsgər itirilmiş olsa idi, səfərbərliyə ehtiyac qalmazdı; 3) ölüm Rusiyada hər ailənin qapısını döydü, bəlli oldu ki, rus xalqı bu işğalı Vətən savaşı kimi qəbul etmir; 4) rusların səfərbərlikdən qaçması qorxaqlıqla deyil, Putinin bu, Vətən savaşıdır tezisinə inanmaması ilə bağlıdır; 5) səfərbərlik Ukraynaya qalib gəlmək üçün deyil, Rusiyanı məğlubiyyətdən qurtarmaq üçündür; 6) səfərbər edilən əsgərlərin sayının çox göstərilməsi qorxutma siyasətinin tərkib hissəsidir;
Üçüncüsü, Rusiya savaşın bu mərhələsində nüvə silahını birinci sıraya qoydu, anlayır ki, səfərbərlik nəticəsində toplayacağı əsgərlərin sayı Rusiyanı məğlubiyyətdən xilas etməz, qırmızı xətti qorumağa gücü çatmaz, savaşın nəticəsini professionallıq, cəsarət, döyüş əzmi, müasir silahlar həll edəcək. Bunlardan heç biri rus ordusunda yoxdur, bircə çıxış yolu var, o da nüvə silahından istifadə etməkdir. Rusiyanın nüvə silahından istifadə etmək təhdidinin qarşısını almağın yolu nüvə silahı olan dövlətlərin açıq və qəti mesaj verməsidir: vursan, vurulacaqsan. ABŞ-dan sonra Çin də mövqeyini açıqladı: nüvə silahından istifadə etmək atəşin üzərinə benzin tökməkdir;
Dördüncüsü, Rusiya işğalın üçüncü mərhələsində Avropanı enerji ilə təhdid siyasətini ən üst səviyyəyə qaldırdı. Məqsədi Avropa dövlətlərində xalqla hakimiyyət arasında gərginliyi artıraraq, onları Ukraynaya yardımdan çəkindirməkdir;
Beşincisi, Putin savaşın üçüncü mərhələsində - ölüm hər qapını döyəndə rus xalqı ilə qopuşun, qırılmanın əlamətlərini gördü, bu, Rusiyanın deyil, Putinin savaşıdır sözlərini açıqca eşitdi, xalqı ətrafında səfərbər etmək üçün bu addımları atdı, atır:1) xüsusi əməliyyat anlayışını geri çəkdi, Vətən uğrunğa, Böyük Rusiya uğrunda savaş təbliğatını önə çıxartdı; 2) biz NATO ilə savaşırıq deyərək qorxunu artırdı – qorxunun birləşdirmə gücü var; 3) şovinist duyğuları körüklədi – artıq Donbas, Luqansk, Xerson, Zaparojye rus torpaqlarıdır, onları qorumaq milli vəzifədir dedi, deyir, deyəcək; 4) savaşdan qaçanların cəzasını ağırlaşdırdı, onları Vətən xaini elan etdi; 5) savaşa gedən əsgərlərə böyük məbləğdə pul vəd etdi, maaş ayırdı;
Bu addımlar Putini xilas edərmi? Başqa bir yazıda bu suala cavab axtaracağıq...