Məzahir Pənahovdan erkən seçki anonsu verdi

"Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır, ancaq seçkilərin müddəti önə də çəkilə bilər".

"Turan"ın xəbərinə görə, bunu bu gün, mayın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

Pənahov bunu seçkilərin noyabrda Azərbaycanda keçiriləcək COP29-la (BMT-nin İqlim Dəyişikliyi Konfransı) eyni vaxta təsadüf etməsi ilə əlaqələndirib: "Bu səbəbdən seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər".

Müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı xatırladır ki, parlament seçkilərinin erkən keçirilməsi barədə məlumatlar ölkədə çoxdandır dolaşır: "Görünür ki, seçkilər iyul-avqust aylarında keçiriləcək. Bu, COP29 beynəlxalq tədbirin noyabrda keçirilməsi ilə izah edilir. Məhz ona görə də seçkilərlə bağlı hazırlıq işləri artıq başlayır".

AXCP: "Sovet vaxtında keçirilən seçkilərə bənzəyir"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi isə bildirib ki, seçkilərlə bağlı tələbləri onların keçirilmə müddəti ilə bağlı deyil: "Mövcud seçki qanunvericiliyinin beynəlxalq standartlara cavab verməməsi ilə bağlıdır. Mövcud seçki qanunvericiliyi ilə demokratik seçkiləri keçirmək mümkün deyil. Ona görə də həm qanunvericilik, həm də seçkiqabağı və seçki zamanı insan haqları ilə bağlı vəziyyət dəyişməlidir. Hazırda seçkilərə hakim Yeni Azərbaycan Partiyası nəzarət edir və bu, faktiki olaraq birpartiyalı, sovet vaxtında keçirilən seçkilərə bənzəyir".

Xatırlatma

Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub. Onda MSK dörd dairədə pozuntular olduğunu bildirərək nəticələri ləğv etmişdi. Həmin dairələrdə indiyə kimi seçkilər keçirilməyib. Azərbaycanda həm sonuncu parlament, həm də prezident seçkiləri növbədənkənar keçirilib. Parlament seçkilərinin 2020-ci ildə təqribən altı ay önə çəkilməsi "islahatların sürətləndirilməsi" ilə izah edildi.

Gələn il keçirilməsi nəzərdə tutulan prezident seçkisinin bu il fevralın 7-nə təyin edilməsinə isə ölkənin bütün ərazilərində suverenliyin bərpası səbəb göstərilmişdi. Rəsmilər deyirdilər ki, bu tarixi prosesdən sonra ölkədə ilk seçkilərin prezident seçkisi olmasını vacib sayırlar.

Bu il Azərbaycanda, qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri də keçirilməlidir.

Müxalifət partiyaları isə həm parlament, həm də prezident seçkilərinin önə çəkilməsini hakimiyyətin azad, ədalətli yarışa hazır olmaması və bu üzdən seçkiləri tez-tələsik keçirmək istəməsi ilə izah edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası da Azərbaycanda son seçkilərdə bir çox pozuntuların baş verdiyini açıqlayıb. Amma rəsmilər tənqidləri qəbul etmir.