Azərbaycan şirkətinin ABŞ sanksiyalarına düşməsinin ölkəyə ziyanı nə qədər olacaq?
ABŞ Maliyyə Nazirliyi mayın 1-də Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək ora 200-dən artıq şəxs və şirkəti əlavə edib.
Onlardan biri də Azərbaycanda mənzilləndiyi bildirilən "Lahic Energy" şirkəti və onunla əlaqəli Yevgeni Əliyevdir. Sənəddə Y.Əliyev Rusiya hərbi sənayesi ilə sıx əlaqələri olan vasitəçilər şəbəkəsini koordinasiya edən təchizat agenti kimi göstərilir. "Əliyevin təchizat şəbəkəsinə "Lahic Energy" MMC, "GMM FZE" və "GMM Management" şirkətləri daxildir", - ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Hələlik, məsələyə Y.Əliyevdən şərh almaq mümkün olmayıb.
"Lahic Energy" şirkətinin rəsmi internet səhifəsi ötən günə qədər fəaliyyətdə olsa da, bu gün, mayın 2-dən sayta girişdə müxtəlif texniki problemlər yaranıb.
"Azərbaycana heç bir mənfi təsiri olmayacaq"
Milli Məclisin deputatı Rasim Musabəyov "Turan"a bildirib ki, ilk növbədə sözügedən şirkətin rəhbərliyinin kimliyini araşdırmaq lazımdır: "Ukrayna ilə müharibə başlayandan, sanksiyaların tətbiqindən sonra bir çoxları gəlib Qazaxıstanda, Azərbaycanda, Ermənistanda, Gürcüstanda şirkət açıblar. Axtarmaq lazımdır ki, bu adam Azərbaycana nə dərəcədə aiddir".
Deputat hesab edir ki, bu sanksiyaların Azərbaycana heç bir mənfi təsiri olmayacaq: "Bu şirkətə qarşı sanksiyalar qəbul olunubsa, sadəcə həmin şirkətin bank hesablarını bağlayacaqlar, bununla da Azərbaycan ərazisində bütün əməliyyatlar dayandırılacaq. Ancaq mən istisna etmirəm ki, onun bundan başqa bir neçə şirkəti qeydiyyatdan keçib".
"Dövlətimiz də zərər görə bilər"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra ona qarşı sanksiyalar da getdikcə sərtləşir: "Sanksiyaların içində Rusiyanın vətəndaşları, oliqarxları, şirkətləri zaman-zaman yer alır. Amerika o şirkətləri və iş adamları hədəf alır ki, onlar Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edirlər. Buna görə hətta Çin və Türkiyə ehtiyatlı mövqeyə keçiblər, Hindistan Rusiya ilə ticarət əlaqələrini azaldıb".
Politoloqun fikrincə, Azərbaycan da bu məsələdə diqqətlidir: "Baxmayaraq ki, Rusiya ilə müəyyən münasibətlərimiz var, amma Ukraynada müharibə davam etdikcə Rusiya ilə hərbi sənaye sahəsində əməkdaşlığın riskləri böyükdür".
O hesab edir ki, "Lahic Energy" şirkəti ilə bağlı araşdırma aparılmalıdır: "Baxılmalıdır ki, bu şirkət Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edirmi? Əgər həqiqətən o nəticəyə gəlinsə ki, bu şirkət Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edir, onda qəti qərar verilməlidir. Yox, bilinsə ki, elə deyil, açıqlama verilməlidir. Şirkət sanksiyalar altına düşübsə, onun Amerika və Avropa ilə əlaqələrində ciddi problemlər yaşanacaq, üstəgəl, bundan dövlətimiz də müəyyən qədər zərər görə bilər".
Xatırlama
Hələ 2014-cü ildə Rusiya Ukraynaya məxsus Krim bölgəsini ilhaq edəndə bu ölkəyə qarşı Qərbin sanksiyaları başlayıb. 2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən hərbi təcavüzə başlayandan sonra sanksiyalar genişlənib. Azərbaycan sanksiyalara qoşulmasa da, Ukraynanın ərazi bütövlüyünü tanıyır.
2022-ci il fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Sənəddə iki ölkə arasında siyasi, iqtisadi, bank əməliyyatları və bir sıra başqa sahələr üzrə əməkdaşlığın gücləndirilməsindən bəhs edilir.