“Tahir Kərimlinin təklifi populizmdən başqa bir şey deyil”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli İcra Hakimiyyəti başçıları ilə bağlı maraqlı təkliflə çıxış edib.

Deputat təklif edib ki, rayonlarda rentabelli iş yerləri açılması barədə plan hazırlayıb təqdim etmələri üçün icra başçılarına 3 ay müddət verilsin: "Rayonlarda iş yerlərinin olmaması səbəbindən insanlar paytaxta axın edir. Bu vəziyyətdə Bakının yükünün azalma ehtimalı çox azdır".

İcra başçılarının 3 ay ərzində bu işləri həyata keçirməsi nə qədər mümkündür?

TNS-in bu barədə suallarını cavablandıran iqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, icra hakimiyyəti başçılarının 3 ayda bu işləri həyata keçirməsi mümkün deyil: "Bu fikir populizmdən başqa heç nə deyil və icra başçılarının səlahiyyətləri xaricindədir. Problemin bir həlli yolu var. Ölkədə iş qurmaq istəyən və buna imkanı çatan şəxslərin sayı kifayət qədərdir. Ancaq onlar əllərində olan vəsaitlərlə iş qurmaqdan çəkinirlər. Əgər onlara şərait yaradılsa və maneələr törədilməsə, mühüm nəticə əldə etmək mümkündür. Üstəlik, icra başçılarının plan qurmasına da ehtiyac olmayacaq. Onun əsas işi bir rayonu idarə etməkdir, rayonun iqtisadiyyatı ilə bağlı iş görmək səlahiyyəti yoxdur. İdarəetmənin effektivliyi şəffaflıqdan və düzgün hesabatlılıqdan keçir. Mərkəzi icra hakimiyyəti orqanları isə onları vətəndaşlarla düzgün davranmağa dəvət etməli, xüsusilə də sahibkarlara toxunmamaları, onlara müvafiq şərait yaratmaları, dəstək olmaları barədə göstərişlər verməlidir. İcra başçıları sahibkarlara həddən ziyada çox problem yaradırlar".

Ekspertin fikrincə, bu problemlər aradan qaldırılsa, bölgələrdən axının qarşısını cüzi də olsa, almaq mümkündür: "Bu zaman Tahir Kərimlinin və ya hansısa bir deputatın populist təkliflərinə ehtiyac qalmaz".

Qeyd edək ki, son illər bölgələrdə iqtisadi və aqrar əhəmiyyətli zonalar yaradılır. Onların tərkibində fabriklər, zavodlar, istehsalat, eləcə də fermer təsərrüfatı sahələri qurulur. Bəs bunlar bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində hansı rola malikdir?

Bu istiqamətdə atılan addımları müsbət qiymətləndirirən ekspert bildirib ki, aqrar əhəmiyyətli bölgələrdə də istehsalat müəssisələri qurulsa, daha yaxşı olar: "Hər 20 min nəfərə 1 müəssisə olmalıdır. Məsələn, Beyləqanda 100 min əhali yaşadığı üçün 5 emal müəssisəsi yaradılmalıdır. Əhalinin bir hissəsi burada işləyəcək, digər hissəsi isə müəssisələr üçün lazım olan məhsulu yetişdirməyə başlayacaq. Deyək ki, burada qarğıdalı yağı istehsal edən müəssisə açıla bilər. Bunu etsələr, qarğıdalı sahələri genişlənəcək, müəssisə də yağı istehsal edəcək və hazır məhsulu ölkənin daxili tələbatına yönəldəcək. Xaricdən idxal olunan və tərkibində palma yağı olan qarğıdalı yağından əhalinin canı qurtaracaq. Bu cür müəssisələrin sayı nə qədər çox olarsa, ölkədə məşğulluq artacaq, işsizlik müəyyən qədər aradan qalxacaq, paytaxta axının qarşısını alacaq, əhali bölgələrə qayıdacaq, xaricə valyuta çıxışı azalacaq. Dövlət bunun üçün öz dəstəyini göstərməlidir".

Rövşən Ziya