Sutkanın əsas dünya xəbərləri



 BMT-nin Baş katibi Antonio Quterreş Haitidə humanitar böhranın öhdəsindən gəlmək üçün beynəlxalq hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı müraciətə baxmağı təklif edib. Hərbçilərin ölkənin dəniz və hava limanlarından əhaliyə, eləcə də tibb müəssisələrinə su, yanacaq, ərzaq və dərman vasitələrinin sərbəst hərəkətini təmin edəcəyi güman edilir. Bundan əvvəl Haitinin Baş naziri Ariel Henri beynəlxalq ictimaiyyətə müraciət edərək, insanların qorxmadan işə və məktəblərə getməsi üçün yolları silahlı dəstələrdən təmizleməyi xahiş edib. Haitidə vəba epidemiyası fonunda silahlı birləşmələrlə bağlı problemlər yaranıb.
                        ***
 Avstriyanın hazırkı prezidenti, “Yaşıl alternativ” partiyasının keçmiş lideri Aleksandr Van der Bellen prezident seçkilərində qalib gəlir. O, 54.6% səs çoxluğu qazanıb. Van der Bellenin əsas rəqibi “Azadlıq” partiyasının namizədi Valter Rosenkranz isə 19.1% səs toplayır. Bu o deməkdir ki, seçkilərin ikinci turu olmayacaq.
                       ***
 Hindistan BMT-nin Baş Assambleyasında Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsinə dair “referendumların” nəticələrini pisləyən qətnamə layihəsinə necə səs verəcəyini vaxtından əvvəl elan etməyəcək. Bunu ölkənin xarici işlər naziri Subramanyam Caişankar bildirib.
                        ***
 Rusiyaya qarşı yeni sanksiyalar paketində ilk dəfə olaraq ekstraterritorial element yer alıb. Belə ki, Avropa İttifaqı ruslara məhdudiyyətlərdən yan keçməyə kömək edən üçüncü ölkələrin vətəndaşlarını və təşkilatlarını sanksiyalar siyahısına əlavə etməyi vəd edib.
                      ***
 Belarus hökuməti ət və süd məhsullarının xaricə ixracına məhdudiyyətlər qoyub. Vurğulanır ki, sözügedən ərzaq məhsullarının Rusiyaya da ixracı müvəqqəti olaraq dayandırılıb.