Qəzada iki nəfəri öldürən FHN polkovniki məsuliyyətdən yayınmaq istəyir
Bakıda avtomobildən 40 min dollar pul oğurlanması hadisəsinin detalları bəlli olub. Trend-in məlumatına görə, 40 min dollar pul qəzaya düşən maşından oğurlanıb. Belə ki, oktyabrın 8-də Sabunçu rayonu, Nardaran qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Range Rover” və KİA markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində KİA-da olan iki nəfər ölüb, bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qəza zamanı KİA-da 40 min dollar pul da olub. Hadisə baş verən vaxt kömək məqsədilə yaralılara yaxınlaşan Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov avtomobildə olan pulu görüblər. Əvvəlcə bu şəxslər hadisə yerindəcə maşından pulu götürmək istəsələr də, bu alınmayıb. Şübhəli şəxslər bu zaman KİA-nı aparan evakuatoru təqib ediblər, daha sonra isə dayanacağa yaxınlaşaraq özlərini qəzaya düşən şəxslərin yaxın qohumu kimi təqdim ediblər.
Bundan sonra avtomobildə olan 40 min dolları götürərək ərazidən uzaqlaşıblar.
Bu qəza hadisəsinin daha maraqlı tərəfi isə cəmiyyətdən gizlədilir. Belə ki, qəza olan zaman polislər "Range Rover"in dövlət nömrə nişanlarını söküblər. Bunula yanaşı, ərazidə nə qədər mağaza, obyekt var, gecə ilə gəlib hamısının kameralarını hədə-qorxu ilə söküb aparıblar. Müstəntiq də “Təhlükəsiz Şəhər” kamerasından görüntülərin verilməsi üçün sorğu göndərib, amma indiyə qədər görüntülər verilmir.
Araşdırdım nəticəsində məlum olub ki, "Range Rover"in üzərində "10DF090" dövlət nişanı olub ki, bu avtomobil da 1978-ci il təvəllüd, Sabunçu rayon sakini Əliyev Elşən Helmi oğlu adlı şəxsin adına qeydiyyatdadır. Özü də Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli məmuru, polkovnik rütbəli şəxsdir, 2013-cü ildə prezident İlham Əliyev tərəfindən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Polkovnikin adına 90ND700 nömrəli MINI COOPER, 10GV700 nömrəli LEXUS LX570, 10BS700 nömrəli BMW 740LI, 10DF090 nömrəli RANGE ROVER, 10HA700 nömrəli PORSCHE PANAMERA, 90HD700 nömrəli KIA OPTIMA markalı avtomobillər var.
Polkovnik qəza törətdikdən sonra başqa bir şəxs tapıb və qəzanı həmin adam üzərinə götürüb, özü isə məsuliyyətdən yayınaraq, məsələni ört-basdır etməyə çalışır. Ölkədə hüquq mühafizə orqanları görün nə durumdadır ki, qatildə şübhəli şəxsi gizlətmək üçün nömrə sökürlər, kameralari gizlədirlər - əllərindən gələni edirlər ki, cinayətdə şubhəli şəxs cəzasız qalsın.