İcazəli vətənpərvərlik və ya sanksiyalaşdırılmış qəhrəmanlıq
Ərəstun Oruclu
Hər şeyin zamana ehtiyacı var. Bunu keçdiyimiz həyat məktəbi durmadan tədris edir bizə. Cəmi iki il əvvəl rus ordusunun Qarabağa buraxmasının yanlış olduğunu deyəndə bizi söyənlər, təhqir edənlər, düşmənə işləməkdə ittiham edənlər bu gün rus "sülhməramlılarının" terrorçuları silahlandırmasından danışırlar.
Çox simvolikdir ki, bu, "üçtərəfli tarixi bəyanatın" heç iki ili də tamam olmamış baş verir. Özü də ən isterik formada. Dünən bizim dediklərimizi bu gün ağzı köpüklənə-köpüklənə bağıranlar rus əsgərlərinin sonuncusuna qədər Qarabağdan çıxarılmasını tələb edirlər.
Yox, "çıxarılmasını", özü də tələb etmirlər, verilən tapşırıqları tutuquşu kimi təkrar edirlər. Bəs Rusiya ilə strateji tərəfdaşlıq, qonşuluq münasibətləri necə oldu? Bəs dünən iddia edirdilər ki, Rusiyanı qıcıqlandırmaq lazım deyildi, indi necə onu qovmaqdan danışırlar?
Nə dəyişdi ki, iki ildə? Bəs deyirdilər Rusiya ilə bir olmalıyıq ki, Ermənistanı cəzalandıra bilək? Bəs necə oldu ki, bu gün Rusiya həmin erməniləri silahlandırır?
Çox suallar var, amma imkan verək özləri danışsınlar. Danışsınlar və hər şeyi desinlər. Nə qədər ki, buna icazə və tapşırıq verilib.