Sutkanın əsas dünya xəbərləri

 İstanbulun İstiqlal küçəsinə bomba qoymaqda şübhəli bilinən şəxs saxlanılıb. Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, hadisə terror aktı kimi qiymətləndirilir. Türkiyənin səhiyyə nazirinin sözlərinə görə, partlayış nəticəsində xəsarət alan 81 nəfərdən 42-si xəstəxanaya yerləşdirilib: “5-i hələ də reanimasiya şöbəsindədir, onlardan ikisinin vəziyyəti ağırdır”.

                      ***

 Noyabrın 13-ü axşam saatlarına olan məlumata görə, Demokratlar Partiyası ABŞ Konqresinin Senatında səs çoxluğu əldə edir: demokratlar - 50, respublikaçılar - 49 yer. Nümayəndələr Palatasındakı uçurum da daralır: respublikaçılar 218 yerdən 211-ni, demokratlar isə 204-nü qazanır. 

                       ***

 İran məhkəməsi Tehran vilayətində etirazçıya qarşı ilk ölüm hökmü çıxarıb. O, hökumət binasını yandırmaqda, asayişi pozmaqda, milli təhlükəsizliyə qarşı cinayət törətməkdə təqsirli bilinib. Daha beş nəfər milli təhlükəsizliyə qarşı cinayətlər törətməkdə və asayişi pozmaqda təqsirli bilinərək 5 ildən 10 ilə qədər azadlıqdan məhrum edilib.