Böyük savaşın başlanğıcı
Ərəstun Oruclu
Təəssüf ki, ən pessimist proqnozlar özünü doğrultmaqdadır: Rusiya Ukraynada məğlubiyyətə uğradı(ldı)qca geosiyasi mübarizənin mərkəzi Böyük Orta Doğuya və özəlliklə də onun bir parçası, həm də "qapılarından" biri olan Cənubi Qafqaza keçir.
Artıq bütün mübarizə tərəfləri əllərində olan arsenalları ilə bölgədədir: kimisi ordusu ilə, kimisi siyasi gücü, kimisi pulu, kimisi kəşfiyyatı, kimisi terrorçusu, kimisi də hamısı ilə. İstanbul terroru buna əyani sübutdur, amma o, hələlik yalnız başlanğıcdır.
Türkiyəyə verilən mesaj da kifayət qədər aydındır: məsələ sizin miqyasınıza uyğun deyil, odur ki, ya meydandan çıxın, ya da o meydan sizin eviniz olacaq. Başınızı daxili məsələlərə qatacağıq. Başqa sözlə, sizi bir-birinin ardınca gələn terror dalğasında boğacağıq.
Bu da böyük savaşın anatomiyasıdır. Amma heç bir ölkəni təkcə xarici təsirlərlə çökdürmək elə də asan deyil. Rusiyanın Ukraynadakı acı təcrübəsi bu, sadə həqiqəti bir daha təsdiqlədi. Xarici düşmən güclü olduğu qədər eyni zamanda daxili müqaviməti motivasiya edir.
Ona görə də müasir hibrid müharibələrdə daxili düşmənlərdən də yetərincə istifadə edilir. Çünki daxili düşmən gözəgörünməzdir, maskalıdır, cildə girir və nəticədə insanları yanlış səmtə yönəldir, onları qarşı-qarşıya qoyur, onlarda bir-birinə inamsızlıq yaradır.
Daxili düşmən məkrlidir, çünki o, özünü cəmiyyət üçün son dərəcə əhəmiyyətli olan bütün dəyərlərin daşıyıcısı kimi təqdim edir. O, həm də xüsusi hazırlıq keçmiş olur və həmin səbəbdən də öz pafosu ilə əsl dəyər daşıyıcılarını ləkələyə, neytrallaşdıra bilir.
Bu gün qaynar bölgənin tam mərkəzində olan ölkəmizdəki kimi. Dünənə qədər rus sevdalısı olanlar bu gün vətənpərvərə, bütün şəcərəsi KGB arxivlərində yatanlar millətçiyə, PKK-çı tumanından çıxmayanlar turançıya metamorfoz edib xalqa nağıllar danışırlar.
Bütün bu, çeşidli təxribatçılar xalqı inandırmağa çalışırlar ki, az qala günü sabah Bütöv Azərbaycan, birigün isə Böyük Turan qurulacaq. Biz isə sadəlövhcəsinə inanaraq gedilən yolun Böyük Turana deyil, böyük qana apardığını görmürük, görmək də istəmirik.
Çünki vaxtilə böyük dövlətlər qurmuş bir xalqı kiçik hədəflərə köklədilər, bizi ermənilərlə rəqabətə yönəltdilər və ən dəhşətlisi də odur ki, həmin mübarizədən də məğlub çıxardılar. Hər tərəfdən rəqibimizə dəstək verib, bizə məğlub kompleksi aşıladılar.
Məğlub kompleksi də özünü qalib görmək ehtiyacı doğurur. Heç olmazsa xəyalda, düşüncədə də olsa özünü qalıb olduğuna inandırmaq istəyi. Amma xəyallar dağılanda ayılıb daha böyük məğlubiyyətə uğradığını anlayırsan. Yəni, artıq gec olanda.