G20 sammitinin birgə bəyanat layihəsi hazırdir

G20 sammiti iştirakçılarının əksəriyyəti Ukraynadakı müharibəni şiddətlə qınadı. Bu barədə G20 liderlərinin görüşün yekunlarına dair birgə bəyanat layihəsində deyilir.
Financial Times və Bloomberg yekun bəyanatın layihəsi ilə tanış ola biliblər. Financial Times-ın məlumatına görə, sənəd noyabrın 14-ü axşam saatlarında nümayəndələr tərəfindən razılaşdırılıb. İndi onu G20 liderləri imzalamalıdır.
Birgə bəyanat layihəsində deyilir ki, müharibə “böyük insan iztirabları gətirir” və “dünya iqtisadiyyatında mövcud problemləri daha da dərinləşdirir”. Sənəddə həmçinin nüvə silahından istifadənin və ya istifadə təhlükəsinin yolverilməzliyi qeyd olunur.
“Münaqişənin dinc yolla həlli, böhranın idarə olunması səyləri, diplomatiya və dialoq həyati əhəmiyyət kəsb edir. bu dövr müharibə dövrü olmamalıdır”, - deyə “Financial Times” kommünike layihəsindən sitat gətirib.
Bloomberg qeyd etdiyi kimi, sənəddə kompromis dili var ki, mümkün qədər çox iştirakçı bəyanatı imzalasın və sammit tarixdə birgə kommünike olmadan başa çatan ilk sammit olmasın. Məsələn, layihədə qeyd olunur ki, bəzi ölkələrin “vəziyyətə fərqli baxışları və qiymətləndirmələri” var.
G20 sammitinin rəsmi hissəsi noyabrın 15-də İndoneziyanın Bali adasında başlayıb. Tədbiri giriş sözü ilə açan İndoneziya Prezidenti Coko Vidodo “dünyanın başqa bir soyuq müharibəyə sürüklənməməsi lazım olduğunu” söylədi və eyni zamanda Ukraynadakı münaqişəyə son qoymağa çağırdı.
İclasda Rusiya nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edir. Rusiya prezidenti Vladimir Putin iştirakdan imtina edib. “Bloomberg” yazıb ki, Putin digər ölkələrin liderləri ilə qarşıdurmadan qaçmaq üçün G20 sammitinə getməyəcək