Sevinmək, yoxsa zərurəti dərk etmək?
İdris Abbasov
Qəbrimizin üstündə bir qarış otlar bitənədək ruhumuzun ayrılmadığı cahillikdən doğan yolsuzluqlar - korrupsiya, rüşvət, qanunsuzluq, haqsızlıq, ədalətsizlik, eyni zamanda qarşılıqlı kin, nifrət, ədavət, paxıllıq, acgözlük, riyakarlıq kimi bizi rəzil edib, kölələşdirən keyfiyyətlərimizlə bu dünyada ikən vidalaşmasaq, lehimizə və ya əleyhimizə siyasi çıxışlar etmiş hansısa xarici ölkə siyasətçilərinin, ictimai xadimlərinin ölməsi, ya dirilməsinin bizim bir millət kimi xoşbəxt, yaxud bədbəxt olmağımıza heç bir aidiyyəti yoxdur. Bu, yalnız öz əlimizdədir, yəni səbəbi bəlli olan xoşbəxtliyimiz və bədbəxtliyimiz özümüzdən, öz şüurumuzdan, davranışımızdan asılıdır.
Biz elə özümüzün başına bəla olmaqda davam edən, özünə əriştə kəsə bilməyib, özgəyə umac ovduğunu xəyal edən həminkiyik. Xarici problemimizdən qat-qat çox, Everest boyda daxili problemimiz var. Bu çətin işə girişə bilmədiyimizdən xarici problemlərlə bir babat başımızı qatıb, ömrü başa yetirir, problemin üstünə birini də yükləyib gələcək nəslə ötürə-ötürə gedirik. Hara qədər? Allah bilir!
PS. İnsan olaraq nəinki həmcinsimizin, hətta itin, pişiyin öldürülməsinə də sevinmirik, çünki hamımız öləcəyik. Düşməni məhv etmək isə sevincdən yox, zərurətdən irəli gəlir.