Cəlilabad şəhəri geriyə - orta əsirlərə dönür?
Şəhərdə salınan fermalar yağışdan sonra çıxan göbələk kimi günbəgün çoxalır
Son illər rayonlarda örüş yerlərinin satılması və ya texniki bitkilər (əsasən pambıq) sahələri altına verilməsi nəticəsində əhali arasında qapalı şəraitdə heyvan bəsləmək təcrübəsi genişlənməkdədir. Bu bir tərəfdən müsbət tendensiyadır - respublikanın ətə olan tələbatının ödənilməsinə xüsüsi töhfə verir. Amma bir çox rayon mərkəzlərində də heyvanların qapalı şəraitdə saxlanılması şəhər əhalisinin ciddi narazılığına səbəb olur. Şəhərdə əhali kəndə nisbətən sıx yerləşdiyindən orada heyvan bəslənməsi düzgün hal deyil. Heyvan qapalı şərapitdə bəslənsə də onun tullantılarının zərərsizləşdirilməsı üçün xeyli geniş əraziyə ehtiyac duyulur. Onda görə də heyvan ən azı kəndlərdə bəslənə bilər. Hərçənd ki, heyvandarlıq biznesi üçün kəndlər də uyğun deyil, bu biznes geniş ərazilərdə qurulmalıdır. Lakin yuxarıda qeyd etdiyimiz kimi örüş sahələri və dövlət fondu torpaqları hamısı sahiblənərək becərilir, hətta, dincə belə qoyulmur. Ona görə də əhali kənddə heyvanları qapalı şəraitdə bəsləməyə üstünlük verir.
Bu günlərdə belə bir məsələ ilə bağlı Cəlilabad şəhərinin Qaçaq Nəbi və Əhməd Məmmədov küçələrinin sakinləri redaksiyamıza şikayət məktubu ünvanlayıb.
Məktubda qeyd edilir ki, Cəlilabad şəhəri Qaçaq Nəbi küçəsinin sakini, Dəyanət adlı şəxs həyətyanı sahəsinə bitişik, bələdiyyəyə aid 0.1 ha. sahədə heyvan ferması tikintisi aparmağa başlayıb: "Bu da ərazidə yerləşən 40-a yaxın evin sakinləri tərəfindən etirazla qarşılanıb.
Onsuz da ətrafda yerləşən bir neçə fermanın tullantısının qoxusundan bu ərazidə nəfəs almaq mümkün deyil, bir yenisini də tikirlər.
Qonşular Dəyanətlə bu mövzuda dəfələrlə müzakirə apaprsalar da, geri addım atmayıb. Ferma bu günlərdə də tikilməkdə davam edir. Biz nə edək, köçək-gedək yurd-yuvamızdan? Axı bu məkanın adı şəhərdir, şəhərdə də heyvan saxlayıb, həyətə peyin tayası vurarlar? Cəlilabad şəhəri onsuz da üfunət qoxuyur, aidiyyatı qurumlar isə heç bir tədbir görmür".
Sakinlər səslərinin mətbuat vasitəsilə aidiyyəti qurumlara çatdırmağa qərar veriblər.
Bu müraciəti Əhməd Məmmədov və Qaçaq Nəbi küçəsinin sakinləri adından Əhmədağa Zülfüqarov göndərib. O, özünün və qonşuların adından səlahiyyətli qurumların bu məsələyə müdaxilə etməsini - ferma tikintisini dayandırmağı, Cəlilabad şəhərində fəaliyyət göstərən digər fermaların isə sökülməsini xahiş edir.
Məsələ ilə bağlı Cəlilabad Rayon Bələdiyyəsinin sədri Özüxan Niftiyevlə əlaqə saxladıq. Sədir bildirdi ki, həmin ərazi üzrə müqavilə mən sədir olandan əvvəl bağlanıb: "Hazırda bələdiyyənin müvafiq səlahiyyətliləri əraziyə baxış keçirir, sahənin təyinatı üzrə istifadə edilib-edilmədiyini araşdırır. Cəlilabad şəhərində kifayət qədər belə fermalar var və onlar əhalinin haqqlı narazılığına səbəb olur. Hesab edirəm.ki, bu işə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli nümayəndələri müdaxilə etməlidir".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaya məsələ ilə bağlı məlumat verdik. O, isə bildirdi ki, müraciəti poçt ünvanımıza göndərin, müvafiq qurumlar məsələni araşdırıb, ölçü götürəcəklər. Bizə də sakinlərin müraciətini nazirliyin elektron poçt ünvanına göndərdik.
Bundan sonra bizə və Cəlilabad şəhər sakinlərınə gözləmək qalır, görək kim necə ölçü götürəcə.
Mövzu diqqətimizdədir, nəticələr barədə oxucuları məlumatlandıracağıq.
Akif Nəsirli