Rusiyada bədbəxt hadisə: Şimali Koreya nümayəndə heyətinin üzvü göldə boğuldu

Şimali Koreya nümayəndə heyətinin üzvü Kim Kum Çol Rusiyanın Moskva şəhərində göldə çimərkən boğulub.

Bu barədə Lim10.az "SHOT" "Telegram" kanalına istinadən məlumat verir.

Məlumata görə, 64 yaşlı Kim Kum Çol Rusiyada işgüzar səfərdə olub.

O, Koreya kənd təsərrüfatı müəssisəsinin nümayəndəsi olub və nümayəndə heyətinin tərkibində Moskvaya gəlib, Şimali Koreya səfirliyində yaşayıb. O, isti havada sərinləmək qərarına gəlib və Zelenoqradın "Anqstrem" çimərliyinə yollanıb, lakin bundan sonra ondan xəbər alınmayıb.

Kimin həmkarları həyəcan təbili çalıb, onlar bir neçə saatdan sonra sahildə yalnız onun əşyalarını tapıblar. Həmkarları kömək üçün polisə müraciət ediblər. Bir neçə saat axtarışlar aparılsa da, Kimi tapmaq mümkün olmayıb. Ertəsi gün koreyalının cəsədi gölün səthinə çıxıb və kimliyi müəyyən edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.