İran Rusiyaya silahı mülki təyyarələrdə göndərir

Ukraynaya qarşı istifadə üçün İrandan Rusiyaya silahları mülki təyyarələr daşıyıb.

Avstriyanın "Aviasiya" jurnalı və Britaniyanın "Forbes" jurnalı noyabrın 16-da yazıblar ki, İranın 4 mülki aviaşirkəti Rusiyaya İran hərbi texnikasının göndərilməsində əməkdaşlıq ediblər.

Məlumata görə, "İran Air", "Mahan Air", "Qeshm Fars Air" və "Səha Air" şirkətlərinə məxsus 4 ədəd Boeing 747 təyyarəsi silahları, o cümlədən, Şahid-136 kamikadze dronları Rusiyaya daşıylb. Adıçəkilən iki nəşr araşdırmaçı jurnalistlərin ilk dəfə noyabrın 12-də Britaniyanın “İ” jurnalında dərc edilmiş və iki gün sonra yenilənmiş hesabatına istinad edib.

Jurnalistlər araşdırmaları zamanı müəyyən ediblər ki, İran şirkətlərinin mülki təyyarələri Tehranla Moskva arasında azı 70 dəfə uçuş edib və Rusiyaya İran istehsalı olan silahlar daşıyıb. Araşdırmanın nəticələri göstərir ki, bu il fevralın 24-də Rusiyanın Ukrayna ərazisinə hərbi təcavüzü başlayandan bəri İranın mülki təyyarələri ilə Rusiyaya silah daşınması həftədə iki dəfə həyata keçirilib.