Ötən gün İranla Ermənistan arasında 500 milyon dollarlıq silah satışına dair məxfi müqavilə imzalanması barədə xəbərlərin həqiqəti əks etdirmədiyi üzə çıxıb.
Lim10.az xəbər verir ki, müvafiq xəbərlərə Ermənistan Müdafiə Nazirliyi tərəfindən münasibət bildirilib.
Qurumun mətbuat katibi Aram Torosyan sözügedən informasiyanı uydurma adlandırıb.
Məsələ ilə bağlı xüsusən qeyd etmək lazımdır ki, müvafiq xəbər Azərbaycanla İran münasibətlərində nəzərəçarpacaq dərəcədə normallaşmanın, müsbət tendensiyanın müşahidə olunduğu dövrə təsadüf edir. Görünür müvafiq proses müəyyən xarici dairələrdə narahatlıq yaradıb. Odur ki, həmin dairələr qarşısında təbliğat maşınından istifadə edərək feyk xəbərlərlə ölkələr arasında və ümumən regionda gərginlik yaratmaq, sabitliyi təhdid altında saxlamaq məqsədi qoyulub.
Aydın məsələdir ki, bu cür ucuz təxribatlar son dövrlərdə əlaqələrin inkişafını görənlərdə yaranmış qorxu və narahatlığın birbaşa təzahürüdür. Feyk xəbərlərlə süni gərginlik yaratmaq cəhdləri əbəsdir və Azərbaycan tərəfi üçün də bu cür ucuz təxribatlar heç bir əhəmiyyət daşımır.