Epşteyn sənədləri nədir? - İLGİNC FAKTLAR

Son dönəmlər “Epşteyn sənədləri” dünya gündəmini zəbt edib.

Lim10.az bildirir ki, Ceffri Epşteyn ABŞ-da varlı maliyyəçi kimi tanınsa da, onun adı tarixə əsasən azyaşlı qızların cinsi istismarı və insan alveri qalmaqalı ilə düşüb. O, illər boyu siyasi elita, milyarderlər, məşhurlar və kral ailəsi üzvləri ilə sıx əlaqələr qurub.

2000-ci illərin əvvəllərində Floridada ona qarşı ciddi ittihamlar irəli sürülsə də, 2008-ci ildə son dərəcə yüngül bir razılaşma ilə həbsdən faktiki olaraq xilas olub. Bu razılaşma Epşteynin təkcə özünü yox, potensial olaraq onunla əlaqəli digər şəxsləri də hüquqi məsuliyyətdən qoruyub. Məhz bu məqam sonradan “ədalət necə susduruldu?” sualını gündəmə gətirib.

2019-cu ildə Epşteyn federal səviyyədə yenidən həbs olunub və bu dəfə azyaşlıların cinsi istismarı məqsədilə insan alverində ittiham edilib. Lakin o, məhkəməyə çıxmadan əvvəl həbsxanada ölü tapılıb.

Rəsmi açıqlamaya görə, bu, intihar olub. Ancaq təhlükəsizlik kameralarının işləməməsi, nəzarətçilərin qaydalara əməl etməməsi və Epşteynin çox həssas statusda olmasına baxmayaraq tək saxlanılması ictimaiyyətdə dərin şübhələr yaradıb. “Epşteyn özünü öldürməyib” ifadəsi qısa müddətdə qlobal memə çevrilib və bu günə qədər konspirasiya nəzəriyyələrinin əsas sütunlarından biridir.

“Epşteyn sənədləri” adlandırılan materiallar isə onun ölümündən sonra tədricən üzə çıxan məhkəmə və istintaq sənədləridir. Buraya şahid ifadələri, e-mail yazışmaları, fotoarxivlər, uçuş jurnalları və Ədliyyə Nazirliyinin daxili sənədləri daxildir. Xüsusilə Virciniya Giuffre ilə Gileyn Maksvel arasında olan mülki məhkəmə işi çərçivəsində minlərlə səhifə sənədin möhürdən çıxarılması Epşteyn çevrəsinin miqyasını ilk dəfə real şəkildə göstərib. Daha sonra 2025-ci ildə ABŞ Ədliyyə Nazirliyi on minlərlə sənəddən ibarət yeni paket açıqlayıb, baxmayaraq ki, bu materialların böyük hissəsi qara xətlərlə redaktə edilib.

Sənədlərdə ən çox diqqət çəkən məqam tanınmış şəxslərin adlarının və görüntülərinin yer alması olub. Keçmiş ABŞ prezidenti Bill Klintonun Epşteyn arxivindən çıxan fotoları, onun Epşteynin təyyarəsində uçuş qeydlərində görünməsi mediada geniş rezonans doğurub. Klinton tərəfi isə dəfələrlə bildirib ki, onun Epşteynin cinayətlərindən xəbəri olmayıb və heç vaxt qanunsuz hərəkətdə iştirak etməyib. Hüquqi baxımdan bu iddiaları təsdiqləyən sübut da yoxdur, lakin adın sənədlərdə keçməsi ictimai rəy üçün kifayət qədər sarsıdıcı olub.

Ən ağır zərbəni isə Britaniya kral ailəsinin üzvü Şahzadə Endryu alıb. 2025-ci ildə açıqlanan e-mail yazışmaları Britaniya mediasında xüsusi səs-küy yaradıb. Bu yazışmalarda “A” imzası ilə Gileyn Maksveldən “uyğunsuz dostlar” tapmağın soruşulması və kontekstual ifadələr sənədlərin Endryu ilə əlaqələndirilməsinə səbəb olub. Bu məlumatlar şahzadənin illərdir davam edən reputasiya böhranını daha da dərinləşdirib. O, əvvəllər də Epşteyn qurbanının iddiaları ilə üzləşib, lakin məsuliyyəti qəbul etmədən maliyyə razılaşması yolu ilə işi bağlanıb.

ABŞ prezidenti Donald Trampın adı da sənədlərdə müxtəlif formalarda keçir. Bəzi daxili prokuror yazışmalarında onun Epşteynin təyyarəsində əvvəl düşünüldüyündən daha çox uçduğu iddia olunur. Eyni zamanda sənədlərdə Tramp barədə doğruluğu təsdiqlənməmiş, hətta “sensasion və əsassız” kimi qiymətləndirilən iddiaların da yer alması göstərir ki, Epşteyn işi təkcə real faktlarla deyil, siyasi manipulyasiyalarla da çulğalaşıb. Tramp özü Epşteynlə əlaqəsini kiçildib və ona qarşı hər hansı hüquqi ittiham irəli sürülməyib.

Cəmiyyətin ən çox gözlədiyi məsələ isə “gizli müştəri siyahısı”dırş Bir çoxları Epşteynin xidmətlərindən istifadə edən güclü şəxslərin adlarının olduğu ayrıca bir siyahının mövcudluğuna inanır. Lakin indiyə qədər açıqlanan sənədlər belə bir konkret siyahının olmadığını göstərir. Bunun əvəzinə uçuş jurnalları, kontakt kitabçaları və şahid ifadələri var. Bu isə insanların gözlədiyi “bir səhifəlik böyük ifşa”nı deyil, daha mürəkkəb və natamam bir mənzərəni ortaya qoyur.

Nəticə etibarilə, Epşteyn sənədləri bir sirrin tam açılması yox, daha çox sistemli bir problemin üzə çıxmasıdır. Burada təkcə bir cinayətkarın deyil, onu illərlə qoruyan əlaqələr şəbəkəsinin, hüquqi boşluqların və güc sahiblərinin toxunulmazlığının izləri görünür. Sənədlər göstərir ki, bəzi adlar hüquqi baxımdan məsuliyyət daşımır, amma etik və ictimai suallar hələ uzun müddət cavabsız qalacaq. Epşteyn işi bu səbəbdən hələ də bitmiş sayılmır sadəcə ən qaranlıq səhifələri oxunmağa başlayıb.(Lent.az)