İranda son vaxtlar prezident seçkisi ölkə gündəminin bir nömrəli mövzusu olsa da, eyni dövrdə baş verən qalmaqallı hadisə diqqətdən kənarda qalmayıb.
"Azad İran" YouTube" kanalında dərc edilən yeni videosüjet İran siyasətinin qalmaqallı simalarından biri olan şəxslə əlaqədardır.
Söhbət İran hakimiyyətinin tanınmış ideoloqu, özünün publik nitqləri ilə müəyyən auditoriya qazanmağa nail olmuş Əli Əkbər Raefipura qarşı cinayət işi açılmasından gedir.
İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) bəlli qruplaşmanın danışan dili olduğu şübhə doğurmayan Raefipurun bu vəziyyətlə üzləşməsi onun hakimiyyətin qəzəbinə gəlməsinə səbəb olan çıxışı kimi medianın və sosial şəbəkələrin aktiv müzakirə mövzusu oldu. Həmin çıxışında o, bu ilin may ayında İran prezidenti İbrahim Rəisinin və bir sıra digər yüksək rütbəli rəsmilərin həlak olması ilə nəticələnən helikopter qəzası barədə bəzi müəmmalı məqamlara toxunub.
"Mən çox səbir elədim və ölkənin xüsusi durumunu nəzərə alaraq çalışdım ki, bu barədə heç nə deməyim", - söyləyən Raefipur helikopter qəzası ilə bağlı xeyli araşdırma apardığını, şəxsən orduda və SEPAH-da xidmət edən pilotlarla söhbət etdiyini bildirib və ölkənin ikinci şəxsinin bu şəkildə həlak olmasının inanılmaz və qəbuledilməz olduğunu vurğulayıb.
O, əlavə edib ki, Rəisinin olduğu helikopter heç də deyildiyi kimi pis helikopter olmayıb, yaxşı vəziyyətdə olub, üstəlik, onu idarə edən pilot da ölkənin ən mahir və təcrübəli pilotlarından biri olub. Ölkənin ali rəhbəri Əli Xameneinin və parlamentin sədri Məhəmmədbağır Qalibafın dəfələrlə həmin helikopter və həmin pilotla ölkənin müxtəlif bölgələrinə uçduğunu xatırladan Raefipur baş verən hadisənin çox qəribə olduğunu və bununla bağlı cəmiyyətə dolğun və dürüst izahatın verilməsi zərurətini qeyd edib. Maraqlıdır ki, sözügedən çıxışında o, Rəisinin və onu müşayiət edən şəxslərin həlak olduğu helikopter qəzasını 2006-cı ilin yanvarında Urmiya yaxınlığında SEPAH-ın Quru Qoşunlarının komandanı general Əhməd Kazıminin ölümü ilə nəticələnən təyyarə qəzası ilə müqayisə edib, bununla da, necə deyərlər, sarı simə toxunub.
İranda Rəisinin ölümündən danışmaq qadağandır?
Daha ətraflı videosüjetdə: