Brüsseldən absurd interpretasiya: Avropa İttifaqı qayıdış hüququnu necə anlayır?

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar avqustun 4-də "Jam.news"a verdiyi müsahibədə, yumşaq deyilsə, birmənalı qarşılanmayan fikirlər səsləndirib. O, Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi məqam kimi ön plana çəkib. T.Klaar Qarabağ ermənilərini normallaşma prosesi üçün "xüsusi amil" kimi göstərib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat katibinin müavini Vasif Əliyev avqustun 5-də bu məsələyə münasibət bildirib. O, belə məzmunlu qeyri-obyektiv açıqlamaları Aİ rəsmisinin təmsil etdiyi qurumun reputasiyasına zərbə kimi qiymətləndirib.

XİN rəsmisinin sözlərinə görə, T.Klaarın Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə Ermənistana və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir.

O bildirib ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri dönmələri üçün müvafiq şəraitin yaradılması Ermənistanın öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb etməlidir:

"Azərbaycan tərəfinin erməni sakinlərin öz evlərində qalması və onların geri qayıtması üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, ermənilərin suveren Azərbaycan ərazilərinə geri dönmək niyyətində olmadığı səfir təyin edilmiş T.Klaara yaxşı məlumdur. Bu xüsusda Azərbaycan tərəfi yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət edən erməniəsilli şəxslərin Azərbaycana qayıtması niyyətinə hörmətlə yanaşır", - V.Əliyev vurğulayıb.

Qeyd olunmalıdır ki, T.Klaarın bəhs olunan açıqlaması Aİ-nin Cənubi Qafqaz region ilə bağlı qərəzli siyasətinin növbəti təzahürüdür. Bu yaxınlarda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin əsas müavini Yuri Kim də oxşar fikirlərlə çıxış etmişdi. Əlbəttə, regionda yaranmış yeni reallığı həm Vaşinqton, həm də Brüssel başa düşürlər. Belə açıqlamaların verilməsi isə məqsədli xarakter daşıyır. Hədəf Ermənistanın daha çox rəğbətini qazanmaq və perspektivdə rəsmi İrəvanın şüuruna təsir imkanını artırmaqdır.

Məlum olduğu kimi, həm ABŞ, həm də Aİ Cənubi Qafqazla əlaqədar siyasətlərini regionun ən zəif bəndi hesab olunan Ermənistan vasitəsilə həyata keçirmək istəyirlər. Bunun üçün Ermənistan hərbi-siyasi hakimiyyətinin şüuruna təsir etmək mühüm şərtdir. Vaşinqton və Brüsseldən bəyan edilən qərəzli, birtərəfli mövqe ifadələri də məhz bu "strategiya"nın tərkib hissəsidir.

Amma Cənubi Qafqazda sülhün vacibliyini sözdə təkrar-təkrar dilə gətirən üçüncü qüvvələr, o cümlədən, Aİ başa düşməlidir ki, obyektivlikdən uzaq belə açıqlamalar həmin siyasi mərkəzlərin vasitəçiliklə bağlı səmimiliyini sual altına salır, nüfuzlarına zərbə vurur.

Nəzərə almaq lazımdır ki, azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması mövcud şəraitdə rəsmi Bakının əsas tələblərindən biridir. Beynəlxalq hüquq da, tarixi faktlar da Azərbaycanın bu tələbinin əsaslı olduğunu təsdiqləyir. XX əsrin 80-ci illərinə qədər indiki Ermənistanın mövcud olduğu tarixi Azərbaycan torpaqlarında - Zəngəzur, İrəvan və Göyçədə azərbaycanlılar yaşayıblar. Deməli, xüsusilə, indiki dövrdə - münasibətlərin normallaşması istiqamətində həm Bakının, həm də İrəvanın addımlar atdığı vaxtda azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması tələbini gündəmə gətirmək Azərbaycanın ən təbii hüququ olaraq mübahisə doğurmamalıdır.

Digər tərəfdən, azərbaycanlılar və ermənilərin mümkün qayıdış məsələsini eyniləşdirmək də doğru olmazdı. Çünki Zəngəzur, İrəvan və Göyçədə yaşayan azərbaycanlılardan fərqli olaraq, ermənilər Qarabağa sonradan - XIX əsrin 30-cu illərində köçürülüblər. Bu prosesdə əsas məqsəd Cənubi Qafqazın etnik tərkibinin dəyişdirilməsi olub. Yəni tarixi yaşayışla sonradan köçürülməni eyniləşdirmək mümkün deyil. Aİ isə bu məqamları nəinki "eyni tərəzinin gözünə qoyur", həm də Azərbaycanın hüquqlarını etiraf etməkdən yayınır.

Reallıqda bu tip bəyanatlar, birtərəfli yanaşmalar Ermənistanın nizamlama prosesindən uzaqlaşdırmaqdır. Bununla rəsmi Bakı ilə İrəvan arasında ikitərəfli müzakirələrin davamlılığının qarşısı alınır və prosesin sürəti süni şəkildə azaldılır. ABŞ ilə Aİ-nin əsas məqsədlərindən biri də məhz budur.

Beləliklə, bu vəzifədə son günlərini keçirən, səfir kimi Özbəkistana getməyə hazırlaşan T.Klaar tarixi həqiqətləri təhrif etməklə kifayətlənməyib, həm də beynəlxalq hüquqa aşkar hörmətsizliyə yol verib. Onu bu davranışa sürükləyən isə əlbəttə, Aİ-nin Cənubi Qafqazda sabitliyi təhdid edən destruktiv mövqeyidir.

"Report" İnformasiya Agentliyi