Batumidə Gürcüstan-Azərbaycan hüquq forumu başlandı

Batumidə Gürcüstan-Azərbaycan hüquq forumu öz işinə başlayıb.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, forumu Gürcüstanın ədliyyə naziri Rati Breqadze və azərbaycanlı həmkarı Fikrət Məmmədov açıblar. Bildirilib ki, hüquq forumunun keçirilməsində məqsəd iki ölkənin ədliyyə nazirlikləri arasında təcrübə mübadiləsi və hüquqi əlaqələrin dərinləşdirilməsidir. Tədbirdə Gürcüstan və Azərbaycanın ədliyyə nazirlərinin müavinləri, prokurorluq və ədliyyə nümayəndələri, hüquqşünaslar korpusunun nümayəndələri iştirak edirlər. Forumda ədliyyə sisteminin gücləndirilməsi, xidmətlərin rəqəmsallaşdırılması, penitensiar və probasiya sistemlərinin gücləndirilməsi, qarşılıqlı hüquqi yardım kimi məsələlər müzakirə olunur.

Qeyd edək ki, hüquq forumu iki ölkənin ədliyyə nazirləri arasında ötən il Avropa Şurasının təşkil etdiyi beynəlxalq konfrans çərçivəsində Venesiyada başlayan sıx və səmərəli əməkdaşlığın davamıdır. Bu ilin martında Rati Breqadzenin Bakıya səfəri zamanı Gürcüstan və Azərbaycanın Ədliyyə nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb ki, bu da digər tədbirlərlə yanaşı, illik birgə hüquqi forumun keçirilməsini də nəzərdə tutur.