Dünyanın bir çox nöqtəsində hərbi-siyasi gərginliyin pik həddə çatdığı, bir çox bölgələrdə lokal müharibələrin hər an qlobal münaqişəyə çevrilmək ehtimalının yüksək olduğu bir zamanda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfər etməsi xüsusi əhəmiyyət kəsb edir. Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələri, İsrail-İran və Türkiyə-İsrail münasibətləri, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan dialoqu, Rusiya-Ermənistan və Rusiya-ABŞ-Qərbi Avropa arasında yaşanan gərginliklər birbaşa, ya da dolayı yolla Azərbaycanın da tərkib hissəsi olduğu Qafqaz regionu ilə bağlıdır. Bütün bunların içindən salamat, ən pis halda isə minimum maddi və mənəvi itki ilə çıxmaq əlbəttə ki, böyük səriştə və siyasi bacarıq tələb edir.
Bu sözləri Lim10.az-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
Fərid Şahbazlı bildirib ki, son illərin çılğın siyasi prosesləri və dünya düzəninin az qala yenidən cızılması fonunda Azərbaycanın özünün şəksiz lideri İlham Əliyevin timsalında bunun öhdəsindən bacarıqla gəldiyini əminliklə demək mümkündür.
"Davamlı iqtisadi inkişaf, balanslaşdırılmış xarici siyasət, dost ölkələrin coğrafiyasının genişlənməsi və digər amillər ölkəmizi təkcə regionda deyil, bütün dünyada lider dövlətlərdən birinə çevirib. Belə bir dövlətlə yüksəksəviyyəli münasibətlər qurmaq, bu münasibətləri qoruyub saxlamaq və daha da inkişaf etdirmək şübhəsiz ki, hər bir ölkənin mənafeyinə uyğundur. Onlardan biri də Rusiyadır. Bu gün Şimal qonşumuz Ukrayna ilə müharibə səbəbindən ABŞ və Qərb tərəfindən sanksiyalara məruz qalıb. Əsrlər boyu yedirib-içirdiyi, bəsləyib qoynuna basdığı Ermənistan da bu gün Rusiyadan üz döndərib. Lakin Azərbaycan bu məqamda da özünəxas, balanslaşdırılmış siyasət yürüdür. Ölkəmiz Ukrayna ilə dostluq münasibətlərini qoruyub saxlayır, onun ərazi bütövlüyünü dəstəkləyir, humanitar yardımlar göstərir, lakin Rusiya ilə də qarşılıqlı faydalı əməkdaşlığı davam etdirir. Çünki bu ölkə ilə çoxəsrlik siyasi, iqtisadi və mədəni əlaqələrimiz mövcuddur. Uzağa getməyək, təkcə 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,1 milyard dollar olub. Bu ilin ilk altı ayında isə 7,1 faiz artaraq iki milyard dollar təşkil edib. Enerji sahəsində də əməkdaşlıq inkişaf edir", - deyə o əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, bundan əlavə, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi hər iki ölkənin, xüsusilə də sanksiyalara məruz qalmış Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. Lakin Rusiyadan fərqli olaraq, Azərbaycanın həm Avropa, həm Asiya, həm də dünyanın digər regionları və ölkələri ilə yaxşı əlaqələri var:
"Ölkəmiz həm BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformalarda iştirak edir, həm də ATƏT, NATO, Avropa İttifaqı və Qərbin digər qurumları ilə münasibətləri kəmiyyət və keyfiyyət baxımından durmadan genişləndirir. Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmağa çalışır, Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdən keçirir. Azərbaycan bütün dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərini qarşılıqlı fayda və hörmət prinsipləri əsasında qurmaqda maraqlıdır. Dünən Bakıda iki ölkə arasında mübadilə olunan sənədlər və qəbul edilən birgə bəyannamə də fikirlərimizi təsdiqləyir. İqtisadiyyat, humanitar, elm, təhsil və mədəniyyət əlaqələrinin inkişafından tutmuş, siyasi, regional və qlobal səviyyədə əməkdaşlıq, milli təhlükəsizlik, ölkələrin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, terrorçuluqla mübarizə, hərbi-texniki əməkdaşlıq kimi müddəaların da əksini tapdığı bəyannamə fikrimcə, Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı, bir yol xəritəsi deməkdir.
Bütün bunlar, heç şübhəsiz, Vladimir Putinin Azərbaycan səfərinin yalnız görünən tərəfləridir. Əlbəttə ki, liderlər məhdud tərkibdə görüşdə hər iki ölkəni maraqlandıran bir çox regional və qlobal problemləri müzakirə ediblər. Hesab edirik ki, yaxın gələcəkdə bu müzakirələrin və məsləhətləşmələrin müsbət nəticələrini görə bilərik".