7 saylı Seçki Dairəsinin 10 saylı seçki məntəqəsində müşahidəçi olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım seçkinin nəticəsindən gözləntiləri və digər məsələlərlə bağlı "Report"un suallarını cavablandırıb.
- Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi ilə bağlı müşahidəçi kimi nə deyə bilərsiniz?
- Azərbaycanda keçirilən parlament seçkisi demokratik qaydalara tam uyğun davam edir. Seçkinin şəffaflığı üçün bütün lazımi şərait təmin edilib. Zaldakı kameralar obyektivliyi təmin edir. Hər şey yaxşıdır. Mən müşahidəçi kimi gördüklərimi deməliyəm. Gördüklərim məndə çox yaxşı təəssürat yaradır.
- Bu il həm də ilk dəfə olaraq parlament seçkisi azad olunan ərazilərdə də keçirilir. Bu tarixi hadisəni necə qiymətləndirirsiniz?
- Dediyiniz kimi, bu, tarixi hadisədir. Qarabağ 30 ildən çox işğal altında qalıb. Amma artıq azaddır. Bundan sonrakı seçkinin hamısı bütöv Azərbaycan torpaqlarında keçiriləcək.
- Azərbaycanda formalaşacaq yeni parlamentdən gözləntiləriniz nədir?
- Əslində bu, təkcə Azərbaycanı yox, həm də Türkiyəni maraqlandıran məsələdir. Çünki iki dövlət xarici siyasətdə birgə addım atırlar. Parlamentarilərin xarici siyasətin reallaşmasında rolları var. Odur ki, layiqli, dövlətçiliyə və xarici siyasət kursuna töhfə verəcək namizədlərin seçiləcəyinə ümid edirəm.
- Cənubi Qafqazdakı son prosesləri necə qiymətləndirirsiniz?
- Azərbaycan regionun parlayan ulduzudur. 44 günlük İkinci Qarabağ müharibəsi və bir sutkalıq antiterror tədbirlərindən sonra bölgədə yeni reallıq yaranıb. Azərbaycanın gündəliyində sülh var. Bunun üçün əsas şərt Ermənistan konstitusiyasının dəyişdirilməsi və Minsk Qrupunun ləğvidir. Fikrimcə, İrəvan Bakının uzatdığı sülh əlini tutmalıdır.