Məşqçi və seks qalmaqalı: "Qulağını kəsərəm"

Qan Turalı yazır...

Uşağın üç yaşına qədər ən çox eşitdiyi söz "olmaz"dır.

Mütəxəssislər də deyirlər ki, "olmaz" sözü qısa zamandan sonra uşaq üçün dəyərini itirir. "Niyə olmaz?" anlayışı isə onun beynində daha möhkəm yer tutmağa başlayır.

Əvvəllər uşaqları tərbiyə etmək elə bil daha asan idi. Düzdür, çətin tərbiyə olunan uşaqlar həmişə olub, amma yenə də, ümumi baxanda bizim nəsil daha üzüyola olub. Sakitcə ev-məktəb yolu, arada icazə verəndə həyət-baca, vəssalam. Aramızda dərsdən qaçan olurdusa, az qala "qatı cinayətkar" statusu alırdı.

İndi uşağa bir söz deyirsən, sonra da düşünürsən ki, görəsən xətrinə dəymədi ki, birdən depressiyaya düşər, birdən apatiya yaşayar və s.

Əslində sözümün canı bu deyil, məsələ uşaq-valideyn arasında olan etibardandı. Mütəxəssislər həm də onu deyirlər ki, 8-10 yaşına qədər uşaqlarla valideyn arasında etibar sistemi yaranmalıdır. Əgər bu yaşa qədər bu məsələ həll olundusa, əla, olunmadısa heç nə, işiniz Allaha qalıb. Yəni uşaq dediyinin 58 yaşı da olsa, valideyninə güvəni olmayacaq.

8-10 yaşa qədər uşaq nəyi bilməlidir?

Uşaq dəqiq əmin olmalıdır ki, valideyn və uşaq bir-birinə yalan danışmır, bir-birinə sonsuz güvənirlər. Və uşaq həm də onu bilməlidir ki, həyatda nə baş versə də, valideyn ondan imtina etməyəcək.

Azərbaycanda geniş yayılmış "atan bilsə, hamımızı doğrayar", "bilsəm qıçlarını qıraram", "qulağını kəsərəm" və s. qorxu və şantaj vasitələri sən demə bir işə yaramırmış.

Bu məsələyə qayıdacağıq.

Dünəndən məşqçinin üç qız uşağına (yetkinlik yaşına çatmayan) seksual hərəkətlər etməsi haqqında xəbərlər yayıldı. Qısa xatırlama verim.

Bakıda tanınmış karate müəllimi Tərlan Cavadov, tanınmış idman ustası mərkəzdə idman dərslərində iştirak edən 15-16 yaşlı 3 qızı (2008, 2009, 2009-cu il təvəllüdlü) pornoqrafik məzmunlu videoya baxmağa məcbur edib. Hadisə mərkəzin idman zalında baş verib. Daha sonra qızlar baş verənlər barədə yaxınlarına bildiriblər və polisə müraciət edilib. Valideynlərinin şikayəti əsasında həbs edilib.

Əslində bu xəbərin üzə çıxmasına sevindim.

Amma baxın hansı tərəfdən.

Düşündüm ki, nə yaxşı ki, bu qızların valideynləri onlarda dediyimiz güvən hissini yarada bilib ki, uşaqlar baş verənləri gəlib valideynlərlə bölüşə, açıq danışa biliblər. Nəzərə alsaq ki, yeniyetmə böyük bədənində olan uşaqdır, nəyin doğru, nəyin yanlış olduğunu hələ özü üçün müəyyən edə bilmir, bu, çox böyük uğurdur. Qızlar məsələni düz anlayıb, dərdlərini deyə biliblər.

Açığı mən o yaşda, o vəziyyətlə üzləşsəydim nə edərdim, bilmirəm. Özümdə güc tapıb bunu valideynlərimə deyə bilərdim, yoxsa cəmiyyət məndə günah görəcək deyə gizli saxlayardım? Həmin an deyiləcəkdi ki, niyə "o hərəkəti filankəsin qızına yox, sənə qarşı edib?"

Çünki gəlin etiraf edək ki, biz hələ də günah öləndə, döyüləndə, təcavüz olunandadır. "Gör o qız necə geyinibsə, kişi də özünü saxlaya bilməyib", "gözü-başı qaynayıb ki, belə olub" və s. bu qəbildən sözləri eşitməyə öyrəşmişik.

"Namus" üstündə isə öldürülən qadınlardan isə heç danışmıram. Çünki cəmiyyət üçün bütün hallarda öldürülən qadındır günahkar.

Nə yaxşı ki, Azərbaycanın cinayət məcəlləsi belə düşünmür və cinayətkarlar layiqli cəzasını çəkirlər.

Amma nə məsələdirsə, "namus" üstündə elə kasıb, fağır qadınlar öldürülür. Hələ indiyə qədər hallı-varlı qadının "namus" üstündə öldürüldüyünü görmədik. Heç Allah göstərməsin. Bütün hallarda zorakılığa qarşı olan adamlarıq. Amma alt qatda çatdırmaq istədiyim budur ki, söhbət "namus"da deyil. Başqa şeydədir. Hər nəsə, uzağa getməyək.

Qayıdaq məşqçiyə. Ara-sıra yerli mediada məşqçilər barədə xoş olmayan hadisələr eşidirik. Pul qarşılığında hansısa uşağı yarışa göndərən, amma layiq olanı kənara atan məşqçilər, uşaqlara məşq zamanı mənəvi, psixoloji, fiziki şiddət göstərən məşqçilər, seksual xarakterli hərəkət edənlər mütəmadi olaraq mediaya çıxır, tirajlanır.

Yəqin yadınıza gələr, Sumqayıtda yeddi yaşlı uşağı öldürən məşqçi Mehman Xəlilova 19 il həbs cəzası verildi. Maraqlı olsa detallara buradan baxa bilərsiniz. Amma bu cəza 7 yaşlı Fərid Bakarovu geri qaytarmayacaq.

Ümumiyyətlə, valideynlər məşqçi seçərkən nəyə diqqət etməlidirlər?

Təbii ki, çox adi və bizə görə psixoloji cəhətdən sağlam görünən biri pedofil, manyak ola bilər. Təəssüf ki, bunu təyin edən bir cihaz yoxdur. Bəxtə-bəxt məsələdir.

Amma düşünürəm ki, valideynin edə biləcəyi ilk növbədə övladı ilə arasında güvən hissini aşılamaq, idmana gedən uşağın hər məşqdən sonra fiziki-psixoloji vəziyyətinə diqqət yetirmək və onunla çox danışmaqdır. O qədər çox danışmaq ki, bu vərdişə çevrilsin.

Uşaq nə, harada baş versə, ilk növbədə bunu valideyni ilə bölüşsün.

Və düşünürəm ki, uşağa kiçik yaşlarından başa salmaq lazımdır ki, bu bədənə ancaq sən özün toxuna bilərsən. Başqa heç kəs. Heç bir əmi, dayı, xala, bibi sənin şəxsi sərhədlərini keçə bilməz. Səni sığallaya bilməz. Səni zorla öpə, qucaqlaya bilməz.

Məsələ həqiqətən də, qəlizdir, amma həlli var. Uşaq valideynindən qorxmalı deyil.

Bir film var, "Gucci evi". Orada qəhrəmanlardan biri deyir ki, "mənim oğlum gicdir, amma mənim oğlumdur". Yəni mən onu heç kimə qurban verən deyiləm.

Uşaqları heç kimə qurban verməyək!