“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA.”
Səxavət Əlisoy
Kitabdan hissələr-2
1. Xruşşovun birinci səhvi SSRİ-nin dayağı sayılan, xalqın böyük etimad göstərdiyi orduda islahatlara start verməsi oldu. İkinci dünya müharibəsindən zəfərlə çıxmış, sosializm sisteminin genişlənməsində, onun qorunmasında əlahiddə xidmətləri olan silahlı qüvvələrdə ixtisarlara start verməklə Xruşşov SSRİ-nin müdafiə qüdrətinin zəifləməsinə zəmin yaratdı. Kapitalist ölkələri qarşısında iqtisadi parametrlərdən rəqabət aparmaq iqtidarnda olmayan SSRİ üçün o dövrdə silahlı qüvvələr bir sipər rolunu oynayırdı. SSRİ-ni parçalayıb məhv etmək məqsədi ilə bütün qüvvələrini səfərbər etmiş imperialist güclərin tək çəkindiyi gücünə bələd olduqları Sovet silahlı qüvvələri idi. Müdafiə nazirliyinin və Baş Qərargahın yüksək rütbəli zəbitləri- marşallar və generallar etiraz etsə də, Xruşşov onları saymadı. Ordudan 1.5 milyon nəfər ixtisar edildi. Minlərlə müxtəlif profilli kadr zabit ehtiyata göndərildi. Bu qərar ilk öncə İkinci dünya müharibəsindən sonra SSRİ ilə soyuq savaş durumunda olan ABŞ-ı, İngiltərəni və Fransanı məmnun etdi. Sovet ordusunda ixtisar qərarı imperialist güclərin əlinə oynamaq idi. Guya, uzaqgörən siyasət yürüdən Xruşşov ABŞ və Qərb ölkələri ilə sülh carçısı olaraq dostluq münasibəti saxlamaq, ikitərəfli əməkdaşlıq etmək fikrində idi. Xruşşov onu unutmuşdu ki, bu ölkələrlə SSRİ-dən əvvəl Rusiyanın belə heç bir dostluq münasibəti olmamışdı. Böyük Oktyabr Sosialist inqilabinin banisi Vladimir İliç Lenin bütün dünyanın proletarlarını birləşdirərək, Yer kürəsində sinifsiz bir formasiya-sosializm yaratmaq istəyirdi. O, inqilabdan sonra deyirdi ki, sosializmin kapitalizm sistemi ilə qarşıdurması qaçılmazdır. Stalin də Leninin bu fikrini qəbul etdi. O da vurğulayırdı ki, sosializm və kapitalizm “birgə yaşaya bilməz.” Xruşşov bu fikirlərin əleyhinə getməklə özünün siyasi dahi olduğunu düşünürdü. Kapitalist ölkələri ilə dostluğun mümkün olduğunu iddia edirdi. Dərk etmək istəmirdi ki, imperialis dövlətlər üçün “dostluq” dəyəri olmayan, populist bir kəlmədən başqa bir şey deyil. Kapitalizmin mahiyyətində “mənafe” dayandığını Xruşşov görə bilmədiyindən “sülh” gedişi ilə soyuq savaşda üstünlüyü ələ almaq istəyirdi. Hakimiyyəti ələ keçirdikdən sonra Xruşşov “Dünyada sülh” şüarını bayraq edərək, SSRİ-ni sülhün carçısı kimi göstərməyə qərar vermişdi. Məqsədinə çatmaq üçün Xruşşov yaxasına "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə" Beynəlxalq Lenin Mükafatının nişanını da taxdı. 1957-cı ilin iyul ayında isə Moskvada Ümumdünya gənclər və tələbələrin VI festivalını keçirdi. Festivalın şüarı “ Dünyaya sülh və dostliq” idi. Ancaq bu şüarın müəllifi bir il əvvəl-1956-cı ildə üsyanı basdırmaq üçün Macarıstana qoşun göndərdi. 1962-ci ildə Karib böhranını “çözmək” məqsədi ilə Sovet qoşunları Kubaya getdi. Nəhəng bir ölkənin başında qeyri-ciddi bir adamın oturması dünyada heyrətlə qarşılanırdı. ABŞ və Qərbin siyasi institutları Xruşşovun zəifliyindən ustalıqla yararlanırdı. Onlara nüvə silahına və güclü hərbi-sənaye komplrksinə malik SSRİ-nin zəifləməsi lazım idi və bu “zəifləmənin” müəllifi kimi Xruşşovun çıxış etməsini məmnunluqla qarşılayır, imperialist mediası ona təriflər yazırdı.
2. Xruşşovun ikinci səhvi “Çatmaq və keçmək” (ABŞ qəsd edilir) şüarı ilə İkinci dünya müharibəsindən sonra soyuq savaş halında olduğu ABŞ ilə rəqabətə girməsi idi. Qeyd etdik ki, həm, Lenin, həm də, Stalin sosializmin imperializm ilə barış içində yaşamasının mümkün olmadığını deyirdi. Xruşşov isə kapitalizmin dünyanın daimi bir parçası olaraq qalacağını önə sürdü və iki sistemin barış içərisində yaşamasını mümkün saydı. Xruşşovun məqsədi ekonomik baxımdan ABŞ-ı üstələmək idi. O, texnoloji aspektdən bunun mümkün olmayacağını görə bilmədi. SSRİ hərbi texnika baxımından ABŞ-la baş-başa rəqabət apara bilsə də, aqrar sahə də daxil bütün texniki parametrlərdə ondan çox-çox geridə qalırdı. Xruşşov ABŞ-a çatmaq eşqi ilə sovet xalqını səfərbər etmək üçün ideoloji maşını tam gücü ilə çalışdırırdı. Elm adamları və aqrar sistemin mütəxəssisləri bu rəqabətdə ABŞ-ı keçmək bir yana, ona çatmağın mümkümn olmadığını anlayırdı. Ancaq Xruşşovu yolundan döndərmək mümkün deyildi. Fəhlə və kəndlilər gecə-gündüz qeyri-insani şərtlər altında işləmək məcburiyyətində idi. O, ABŞ-a çatmaq üçün təzadlı qərarlar qəbul edirdi. Məslən, onun qərarı ilə koxozçuların həyatyanı sahələri azaldıldı, mal-heyvana və ağaclara vergi tətbiq edildi. Yüz illərlə heyvandarlıqla və əkinçiliklə məşğul olan kəndlilər üçün çox ağır zərbə oldu Xruşşovun bu qərarları. Ən acınacaqlısı o oldu ki, ABŞ-a çatmaq üçün saxta hesabatlara-pripiskalara əl atıldı. SSRİ iqtisadiyyatında “pripiskanın” miladı Xruşşov mərhələsinə dəng gəlir. Kağız üzərində ət və süd məhsulları mağazalara daxil olurdi. Zəruri ərzaq məhsulları isə demək olar ki, piştaxtalarda bir-iki saatdan çox görünmürdü. Kommunist partiyasının yerlərdəki rəhbərlərinin istənilən yolla, hətta qeyri-qanuni yolla da uğur qazanmaq istəyi açıq-aşkar görünürdü. Məsələn, 50-ci illərin sonunda Ryazan vilayətinin rəhbərləri ət tədarükünü 3 dəfə artırmaq öhdəliyi götürdü. Mətbuat bu təşəbbüsü bütün ölkədə yaydı. Vilayətdə süd verən inəklərin kəsilməsinə başlanıldı. Kolxozların pulları və bank kreditləri ilə vilayətdən kənar yerlərdən mal-qara alınıb kəsimə göndərilirdi. Əhalinin mülkiyyətində olan mal-qara belə qanunsuz olaraq əlindən alınıb kəsilirdi. Öhdəliyin bu şəkildə həyata keçirilməsi bir çox kolxozların və fərdi təsərrüfatların məhvinə səbəb oldu. “Ryazan fırıldaqları” kimi tarixə keçən bu anormal öhdəliyin nəticəsi olaraq vilayət partiya komitəsinin birinci katibi özünü güllələdi. Bu mənzərə təkcə Ryazan vilayətində deyil, digər bölgələrdə də müşahidə olunurdu. Qıtlıq ifrat həddə çatanda psixoloji aspektdən etirazlar özünü göstərməli idi və göstərdi də. 60-cı illərin başında artıq bütün Sovet İttifaqında zəruri ərzaq məhsullarının qıtlığı özünü biruzə verdi. Adamlar qıtlığa qarşı protesto edirdilər. Pıçıltı ilə başlanan etirazlar sonra səs-küylü oldu. Və bu etirazların ən kütləvisi SSRİ tarixində ilk dəfə olaraq 1962-ci ildə Novoçerkasskda gerçəkləşdi. Qiymət artımına, maaş azlığına və qıtlığa etiraz edən Novoçerkassk elektrovoz zavodunun fəhlələri tətilə başladı. Vilayət artiya komitəsinin önünə toplanan etirazçılara şəhər əhalisi də qoşuldu. Ordu, milis və KQB əməkdaşları mitinq iştirakçılarına hərbi güc tətbiq etdi. Aralarında uşaqların da olduğu 100-ə yaxın insan öldürüldü və ağır yaralandı. Etirazın başında dayanan 7 nəfər tutularaq, guya mühakimə olundu və məhkəmənin qərarı ilə güllələndi. Dünya “sülh carçısının” gerçək sifətini gördü. Novoçerkassk protestolarında Xruşşov Baş Katib olaraq həyatının ən böyük cinayətinə imza atdı. Və yalnız bu cinayətdəki roluna görə 1964-cü ildə vəzifədən kənarlaşdırıldıqdan sonra onu mühakimə edib layiq olduğu cəzanı vermək lazım idi. Lakin onun yerinə keçən Leonid İliç Brejnev bunu etmədi. Xruşşovu pensiyaya göndərib təcrid etməklə dəhşətli bir cinayətin üstünü örtmüş oldu.
3. Xruşşovun üçüncü səhvi SSRİ-ni açıq cəmiyyət etmək üçün qapıları xarici turistlərin üzünə açmaq fikrini ortaya atmaqla baş verdi. O, hesab edirdi ki, bununla dünya SSRİ-də sosializmin nailiyyətləri ilə tanış olacaq, SSRİ-nin çox qüdrətli bir dövlət olduğunu görəcək. İlk baxışda bu effektli addım kimi təsir bağışlayır. Ancaq turizm sənayesinin qapalı, diktatura rejimləri üçün çox zərərli olduğunu Xruşşov təxmin edə bilmirdi. Odur ki, Xruşşovun düşündüyünün tam əksi baş verdi. SSRİ-yə gələn xarici turistlər üçün sovet beynəlmiləlçiliyinin və xalqların qardaşlığının elə bir önəmi yox idi. Onları daha çox qalacaqları və gedəcəkləri məkan və göstərilən xidmət səviyyəsi maraqlandırırdı. Aşağı xidmət səviyyəsi, bir çox ərzaq və geyim mallarının qıtlığı, zəif əyləncə sektorunu görən turist SSRİ-nin gerçək mahiyyətini anlayırdı. Xaricə səfər edən sovet vətəndaşları isə sadalanan faktorların tam əksi ilə qarşılaşırdı. Bu qarşılaşma kapitalizm sisteminə qarşı rəğbət yaratmaqla yanaşı onlarda koqnitiv və psixoloji sarsılmaların yaranmasına səbəb olurdu.
Xruşşovun siyasi xətaları və anormal qərarları barədə onlarla deyil, yüzlərlə misalllar göstərmək olar. Ancaq məqsədimiz Xruşşovun saysız-hesabsız siyasi səhvlərini yazmaq deyil. Onun bütün dünyada təəccüb doğuran hərəkətlərindən bir-iki misal göstərməklə Xruşşov mərhələsini yekunlaşdıraq.
Xruşşovun ölkə daxilində və xarici səfərlərdə qəbul olunmuş protokoldan kənara çıxan hərəkətləri onu xalqın gözündən salırdı. Nəhəng bir dövlətin başında dayanan adamın 12 oktyabr 1960-cı ildə Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyasındakı çıxışı zamanı ayaqqabısını çıxarıb tribunaya vurması tam bir biabırçılıq idi.
SSRİ-nin 37 milyon hektarlıq ərzasini qarğıdalı sahələrinə çevirmək ideyasının müəllifi kimi Xruşşov, haqqında lətifələrin qoşulmasına rəvac verdi. Nəticədə nəhəng bir dövlətin başçısının adına xalq “kukuriznik” ayamasını əlavə etdi.
Xruşşovun şok hərəkətləri barədə başqa bir misal. 1959-cu ildə Sokolnikidə ABŞ sərgisinə baxarkən, ABŞ-ın vitse-prezidenti R.Niksona xitabən «Мы вам покажем кузькину мать» (“Sizə Kuzkanın anasını göstərəcəyik”) deyir. Tərcüməçi bu kəlmənin ingilis dilində uyğun ekvivalentini tapa bilməyərək şaşqın vəziyyətə düşür.
("Kuzkanın anasını göstərmək" rusca idiomatik-kobud danışıq və ya ironik istehzalı ifadədir, cəza təhlükəsi deməkdir.)
Xruşşov əsl kimliyini 19 sentyabr 1959-cu ildə Hollivudda “20TH CENTURY FOX” film şirkətinin onun şərəfinə verdiyi ziyafət zamanı açıqlayır: “Mənim kim olduğumu bilmək istəyirsiniz? Yeriməyə başlayan kimi işə başladım. 15 yaşıma kimi buzov otardım, qoyun otardım, sonra torpaq sahibləri üçün inək otardım. Sonra almanlara məxsus fabrikdə, daha sonra fransızlara məxsus mədənlərdə işlədim. Mən belçikalılara məxsus kimya zavodlarında da fəhlə işləmişəm. İndi isə böyük Sovet dövlətinin Baş Katibiyəm”.
Belə bir savada və kültürə malik birinin Sovet İttifaqı kimi nəhəng bir dövlətin başında dayanması tam olaraq tarixin ironiyası idi.
42 il, 1922-ci ildən 1964-cü ilə qədər SSRİ-nin başında dayanan iki savadsız rəhbərin-İosif Stalinin və Nikita Xruşşovun elmə münasibəti necə ola bilərdi? Bu adamlar GENETİKA elminə Sovet İttifaqında qadağa qoydu. Bu qadağa əslində bisavadların elm üzərində “zəfəri” idi.
Brejnev mərhələsi- 1964-cü ildən başladı. Xruşşovu saray çevirilişi ilə taxtdan salan Leonid İliç Brejnev SSRİ-nin başına keçdi. Stalin və Xruşşovdan fərqli olaraq Brejnev ali təhsilli idi. Pis-yaxşı institut diplomuna sahib idi. Stalin və Xruşşovdan yarımamış zəhmətkeş Sovet xalqı Brejnevə böyük ümidlə baxırdı. Zəhmətkeş sovet xalq firavan yaşamaq istəyirdi, əmin-amanlıq istəyirdi. Gerçəkdən sovet xalqı firavan həyat yaşamağa haqq edirdi. SSRİ-ni quran bu xalq idi. Faşizm üzərində qələbə çalan da bu xalq idi. Dünyanın heç bir toplumu Sovet xalqı qədər mübariz və zəhmətsevər deyildi. Bu xalq səfalət içində yaşadı, məşəqqətlər, sürgünlər, repressiyalar gördü. Sovet xalqı İkinci dünya müharibəsindən sonra viran qalmış bir ölkəni dünyanın iki ən qüdrətli dövlətindən birinə çevirməyi bacardı. Sovet xalqı sosializmə inanırdı.
Brejnev SSRİ-nin başına keçəndə orta məktəbin birinci sinifini bitirmişdim. Brejnev dünyasını dəyişəndə isə həkimlik stajım bir il idi. Yəni, Brejnev dövrünə uşaqlıqdan ta gənclik illərinə qədər şahidi oldum. 18 il sovet xalqı Brejnevlə yaşadı. 18 il sovet xalqı Brejnevi dinlədi. O, demək olar ki, hər gün qəzetlərin manşetində idi. Hər gün radio-televiziya Brejnevdən danışırdı...
Davamı olacaq