Azərbaycan vətəndaşlarının bir qismi yerli sığorta şirkətlərinin səfər etdikləri ölkələrdə tanınmadığını qeyd edirlər. Bu isə bəzən çox ciddi problemlərə yol açır.
Belə hadisələrdən biri ötən həftə Polşada baş verib. Lim10.az-ın əldə etdiyi məlumata görə, qızını görmək məqsədilə Polşaya səfər edən və vəziyyətinin pisləşməsi səbəbilə xəstəxanaya yerləşdirilən soydaşımız bir aya yaxın orada müalicə olunub. Ancaq təəssüf ki, dünyasını dəyişib. Qadının xəstəxanada qaldığı müddət ərzində 30 000 PLN (13 311AZN) məbləğində xərci yaranıb və bu ödənilməyəcəyi təqdirdə xəstəxana rəhbərliyi vətəndaşın ölüm kağızını verməyəcəyini bildirib. Yaşlı qadının xidmətindən yararlandığı sığorta şirkətinin Polşadakı xəstəxana ilə müqaviləsi olmadığı üçün şirkət vətəndaşın maddi xərclərini qarşılamayıb.
Həmçinin, bəzi soydaşlarımız hesab edirlər ki, səfər etdikləri ölkələrin sığorta şirkətləri ilə müqavilə bağlamaq daha məqsədəuyğundur. Yəni bu halda lazımi maddi vəsaiti tez və problemsiz əldə etmək mümkündür. Düzdür, müqayisədə həmin müqavilənin qiymətinin baha olduğunu da vurğulayırlar.
Bəs xaricdə sığorta xərcləri ilə bağlı problemlərin yaşanmaması üçün vətəndaşlar nə etməlidirlər?
Mövzu ilə bağlı Lim10.az-ın suallarını cavablandıran sığorta eksperti Vüsal Bədəlov qeyd edib ki, səyahət sığortalarının əsas məqsədi ölkə hüdudlarından kənarda ani meydana gələn xəstəliklər zamanı səfərdə olan vətəndaşa dəymiş ziyanın maddi cəhətdən qarşılanmasını təmin etməkdir:
"Bu tip sığortalar səyahətin müddəti, məqsədi, sığortaalanın yaşı və müqavilə şərtlərindən asılı olaraq dəyişir. Əgər vətəndaşların səfər etdikləri ölkədə sığorta şirkəti tanınmazsa, viza almaq da mümkün olmaz".
Ekspertin sözlərinə görə, tələbə uyğun olaraq, vətəndaşlar sığorta şirkətlərinə müqavilə zamanı nə qədər təminat istədiklərini bildirməlidirlər:
"Şengen ölkələri minimum otuz min avro miqdarında səyahət sığortası tələb edirlər. Vətəndaşlar sığorta şirkəti ilə müqavilə imzalayan zaman şərtlərlə mütləq şəkildə tanış olmalıdırlar ki, problem yaşamasınlar. Müqavilədə limit və şirkətin hansı həcmdə zərəri qarşıladığı göstərilir".
Eyni zamanda, ekspert vurğulayıb ki, müqavilələrdə servis mərkəzinə müraciət üçün əlaqə nömrəsi qeyd olunur:
"Vətəndaşlar həmin nömrə ilə əlaqə saxlayan zaman səfər etdikləri ölkədə yerləşən aptek və xəstəxanalara yönləndirilirlər. Həmçinin, ödənilən maddi vəsaitin qəbzi gətirildiyi halda geri qaytarılması prosesi də həyata keçirilir".
Xarici ölkələrin sığorta şirkətləri ilə müqavilələrin bağlanmasını isə V.Bədəlov effektiv hesab etmir:
"Səfər edən şəxslərin öz ölkələrinin sığorta şirkətləri ilə müqavilə bağlamaları daha məqsədəuyğundur. Çünki bəzi ölkələrdə elə müqavilələr var ki, sərhəd yoxlanışında tələb olunur və həmin sənədlər olmadığı halda səfərin baş tutması qeyri-mümkündür. Vətəndaşların bir qismi xarici ölkələrdə tibbi sığorta etdirə bilər. Bu yalnız onların bəzi tibbi ehtiyaclarının ödənməsi məqsədini daşıyır. Ancaq xarici ölkələrdəki sığorta qiyməti yerli şirkətlərdə tələb olunandan daha yüksəkdir. Hər bir halda vətəndaşların öz ölkələrində sığorta olunması vacibdir".
Aytac Qasımova