"ABŞ-Çin münasibətlərindəki irəliləyiş COP29-a ümidləri artırır"
Lim10.az xəbər verir ki, bunu COP29 üzrə baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev AFP-yə müsahibəsində bildirib.
O vurğulayıb ki, beynəlxalq danışıqlarda tez-tez qlobal Şimal və Cənub tərəfdarı kimi çıxış edən dünyanın iki ən böyük iqtisadiyyatı arasında son yüksəksəviyyəli danışıqlardan müsbət siqnallar alıb. Onun sözlərinə görə, ABŞ və Çin beynəlxalq iqlim maliyyəsi ilə bağlı fikir ayrılıqlarını azaldır və Azərbaycanda keçiriləcək böyük iqlim konfransında irəliləyiş olacağına ümidləri artırır.
"ABŞ və Çinin mövqeləri arasında çox böyük uçurum var idi. Bu boşluq indi qapanır və biz irəliləyiş görürük", - deyən diplomat hər iki tərəfin mövqelərində yumşalma olduğunu söyləyib.
O, həssas danışıqlara xələl gətirməmək lazım olduğunu əsas gətirərək təfərrüata varmaqdan imtina etsə də, bunun COP29-da müsbət nəticəyə ümidi artırdığını deyib.
Y.Rəfiyev vurğulayıb ki, COP29-un uğurunun meyarı yekun əsas rəqəm üzrə konsensusun əldə olunması olacaq. O bildirib ki, Azərbaycan Bakı sammiti ərəfəsində yeni iqlim strategiyasını dərc etmək üçün mümkün olan hər şeyi edəcək və bu məqsədə çatmaq üçün Braziliya və BƏƏ - COP-un növbəti və əvvəlki ev sahibliyi ilə koordinasiyada çalışır.
Diplomat xatırladıb ki, Azərbaycan sammit zamanı münaqişələrin dayandırılmasına və qlobal barışığa çağırıb. O qeyd edib ki, Azərbaycan sülh üçün çalışır və ölkəyə qarşı tənqidlər əsassızdır.