Bu gün Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri çərçivəsində Milli Muzeydə Qazaxıstan Milli İncəsənət Universitetinin tələbələri üçün mühazirələr təşkil olunub.
Lim10.az xəbər verir ki, mühazirələrdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın "1920-1980-ci illərdə Azərbaycanda rəngkarlıq və qrafika", Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimovanın "Təbriz miniatür məktəbi" və Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikovanın "Azərbaycan Milli Xalça Muzeyi. Müasir məkanda qədim incəsənət" mövzularında çıxış ediblər.
Şirin Məlikova məruzəsində Azərbaycanda realist rəssamlıq məktəbinin təşəkkülündən bəhs edərək, onun inkişaf trayektoriyasını müəyyən edən məşhur rəssamların əsərləri əsasında XX əsrin rəngkarlıq və qrafika üslublarını və istiqamətlərini nəzərdən keçirib.
Sevil Kərimova "Təbriz miniatür məktəbi" adlı məruzəsində qeyd edib ki, Azərbaycan miniatür sənəti uzun bir inkişaf yolu keçib. Onun ilk nümunələri XIII əsrdə yaradılıb: "Birinci Təbriz məktəbinin rəssamları uyğur-çin və ərəb-Mesopotamiya ənənələrini uğurla sintez edərək diqqətəlayiq nümunələr yaradıblar. Təbriz miniatürü Səfəvilər dövründə, Sultan Məhəmmədin başçılıq etdiyi dəbdəbəli kitabxananın burada fəaliyyət göstərdiyi zaman öz zirvəsinə çatıb. Öz üslubunun formalaşması kontekstində Təbriz məktəbi Osmanlı, Hindistan, İran və digər Şərq miniatür məktəblərinə güclü təsir göstərib. Müasir Azərbaycan incəsənətində Təbriz miniatürü ikonik ilham mənbələrindən biridir".
Daha sonra öz məruzəsində Əminə Məlikova xalça sənətindən söz açıb. O bildirib ki, xalqımızın dünyagörüşünü, milli xüsusiyyətlərini və estetik zövqünü əks etdirən xalça sənəti Azərbaycan mədəniyyətinin inkişaf tarixində xüsusi yer tutur.
Xanım Aydın