Paşinyan Nyu-Yorkda açıq dedi ki, "Dünya kəsişməsi" Zəngəzur dəhlizinin alternatividir..

Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib ki, onun hökumətinin təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsi dinc gələcəyə yönəlib.

Nikol Paşinyan qeyd edib ki, bu layihənin məqsədi təkcə Ermənistanla Azərbaycan arasında avtomobil yolları, dəmir yolları və digər nəqliyyat kommunikasiyalarını açmaq deyil, həm də Ermənistan, Azərbaycan, Türkiyə və bütün region arasında əlaqələri təmin etmək, eləcə də imkanlar yaratmaqdır: "Boru kəmərlərinin və kabellərin keçməsi və son nəticədə sülhün qurulması üçün əsas və kritik amil olan insanlar arasında əlaqənin təmin edilməsi. 

Sülh və inkişafın əsas amili həm də ondan ibarətdir ki, bütün bunlar ölkələrin suverenliyinə, yurisdiksiyasına, ərazi bütövlüyünə lazımi hörmətlə, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında baş verəcək. Biz bu gün həm Azərbaycan, həm Türkiyə, eləcə də digər qonşularımız və tərəfdaşlarımız üçün nəqliyyat kommunikasiyalarımızı açmağa hazırıq.

Yeri gəlmişkən, "Dünyanın kəsişməsi” Orta Dəhlizin bir hissəsinə çevrilə bilər, oradan yüklərin daha yüksək sürət və səmərəli keçməsini təmin edə bilər”.

O, vurğulayıb ki, Ermənistan Respublikası malların, nəqliyyat vasitələrinin və insanların öz ərazisindən keçməsinin təhlükəsizliyini tam təmin etməyə hazırdır.

"Bu, bizim istəyimizdir, öhdəliyimizdir və biz bunu yerinə yetirə bilərik. Yeri gəlmişkən, Ermənistanın haradasa, hansısa sənəddə guya üçüncü qüvvələrin öz ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməsi ilə razılaşdığına dair bütün bəyanatlar sadəcə olaraq reallığın təhrifidir.

Ermənistanın öhdəliyi aydındır: onun ərazisindəki yüklərin, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyinə zəmanət verməkdir və biz buna zəmanət veririk”, - deyə Paşinyan təsdiqləyib.

O, qeyd edib ki, təbii ki, narahatedici hallar var, lakin əlavə edib: “Bu gün mən heç bir mənfi, narahatedici və ya bədbin mesajlar göndərmək istəmirəm. Erməni atalar sözündə deyilir: “Gəlin yaxşı şeylərdən danışaq ki, yaxşı şeylər olsun”. Yaxşı şeylərdən danışanda, sonra yaxşı şeylər reallaşır. Ola bilsin ki, Azərbaycanda, Türkiyədə, İranda, Gürcüstanda və dünyanın başqa ölkələrində də belə bir atalar sözü var və bunu hamı özlərininki hesab edir".

Əvvəl başlayaq Paşinyanın iqtibas gətirdiyi "erməni xalqının" atalar sözündən, bu atalar sözü də türk xalqlarından oğurlanıb. Bunu dəqiq bilən baş nazir özünü sığortalayır ki, bu atalar sözü başqa xalqlarda da ola bilər və onlar da bunu özününkü sayır. Oğru erməni xisləti yazıq Nikolu hər yerdə "utandırır".

O ki qaldı Nikol Paşinyan iqtidarının Zəngəzur dəhlizinə alternativ olaraq "Dünyanın kəsişməsi" dəhlizini təklif etməsinin səbəbinə, bu onun sözlərindən aydın oxunur.

Əvvəl aydınlaşdıraq ki, Zəngəzur dəhlizi ilə "Dünyanın kəsişməsi" layihəsinin fərqi nədir? Coğrafi fərq yalnız ondan ibarətdir ki, Zəngəzur dəhlizi İranla sərhəddən keçərək, Zəngilan rayonu ilə Ordubad rayonunu birləşdirir, lakin "Dünyanın kəsişməsi" bir qədər şimaldan keçərək, Laçın və ya Cəbrayıl rayonu ilə Şahbuz rayonunu birləşdirir. "Dünyanın kəsişməsi" layihəsi coğrafi-iqtisadi göstəricilərinə görə İrəvan üçün daha səmərəlidir. Ona görə ki, bu dəhliz Ermənistan ərazisini yarıya bölür, ölkə ərazisinin hər tərəfi üçün eyni əlçatanlığa malikdir. Amma baş nazirin dərdi bu da deyil.

Azərbaycan üçün "Dünyanın kəsişməsi" dəhlizi müəyyən problemlərə malikdir. Belə ki, Zəngəzur dəhlizinin Azərbaycan hissəsi artıq hazırdır. Lakin Ermənistan hökumətinin təklif etdiyi "Dünyanın kəsişməsi" dəhlizi üçün yeni dəmir yolu çəkmək lazım gələcək. Özü də bu dəmir yolu Laçın və ya Cəbrayıl rayonunun dəmir yolu tikintisi üçün əlverişsiz relyefi şəraitində həyata keçirilməlidir. Yəni Azərbaycana dəyən zərər bu xərclərı çəkməkdir.

İndi isə gələk əsas mətləbə. Ermənistan hökuməti nə üçun Zəngəzur dəhlizindən imtina etmək istəyir? Bunun yeganə səbəbi Ermənistan hökumətinin dəhlizə Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətindən yayınmaq istəyidir. Ermənistan 10 noyabr Üçtərəfli bəyanatının 9-cu bəndinə əsasən Zəngəzur dəhlizinə rus sərhədçilərinin nəzarət edəcəyi barədə öhdəlik götürüb. Paşinyan həmin bəyanatın öhdəliyindən yayınmaq məqsədi ilə Zəngəzur dəhlizinə alternativ təklif edir ki, yəni bu artıq 10 noyabr bəyanatında nəzərdə tutulan dəhliz deyil, mənim bu dəhlizlə bağlı heç bir öhdəliyim yoxdur. Məhz ona görə Paşinyan çıxışında deyir ki, "Ermənistanın haradasa, hansısa sənəddə guya üçüncü qüvvələrin öz ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməsi ilə razılaşdığına dair bütün bəyanatlar sadəcə olaraq reallığın təhrifidir". Yəni Ermənistanın yeganə problemi rus sərhədçilərinin dəhlizə nəzarətindən yayınmaqdır. Çünki Ermənistan öz ərazisində rus hərbi varlığına son qoymaq üçün Qərb və ABŞ qarşısında öhdəlik götürüb.

Akif NƏSİRLİ