Söz azadlığı yalnız lallara məxsusdur
Yusif Seyid
Bircə soyulmamış dərimiz qalıb,
Soyun dərimizi, soyun yaşayaq.
Beş günlük ömürdür, qoyun yaşayaq,
Qurd ola bilmədik, qoyun yaşayaq.
(Məmməd Araz)
Müasir Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərindən biri olan Məmməd Araz bu şeiri nə vaxt yazıb, bilmirəm. Bunun elə bir fərqi də yoxdur. Sadəcə zamanla səsləşdiyi üçün diqqətinizə çatdırdım.
Gəlin bir məsələyə diqqət edək. Belə bir deyim var, "yazsam öldürərlər, yazmasam ölləm". Görəsən, bu deyimin mənası nədir? Yazar üçün elə bir fərqi yoxdur, çünki yazsa da öləcək, yazmasa da. Burada yazarın yaşaması üçün yeganə yol haqqı danmaq, ədalətdən üz çevirmək və azadlıqdan imtina etməkdir. Şair demişkən: "Qurd ola bilmədik, qoyun yaşayaq". Yəni qurd ola bilmədik, buna imkan vermədiz, heç olmasa qoyun qoyun kimi başımızı aşağı salıb, lal-dinməz yaşayaq. Belə yaşadığın təqdirdə hətta mükafatlanmaq şansın da ola bilər. Müasir dövrümüzün reallığı budur zatən, mükafat naminə susmaq.
Amma susmayan haqq, ədalət və azadlıq uğrunda ölməyə belə hazır olanlar da yox deyillər bu cahanda. Onlara isə layiq olduğu mükafatı kimlərsə deyil, zaman verir.
30 ildən artıqdır ki, müstəqil dövlətin vətəndaşlarıyıq. Amma hansısa səbəblərdən bu müstəqilliyi istədiyimiz kimi yaşaya bilmirik. Yəni Rus-sovet-proletariat diktaturasından qurtulsaq da, tam azad və müstəqil ola bilmirik. Azadlığımızı və müstəqilliyimizi vəzifəsi "xalqa xidmət" olan məmurlarımız əlimizdən alıb. Müstəqilliyin ilk on ilində demokratiya, söz və mətbuat azadlığı, insan haqq və hü-quqlarının tanınması ideyaları ilə başlayan bu mücadilə, zamanla məmur diktaturasına çevrildi.
Bu gün hökumətin özünün yetişdirdiyi məmurlara qarşı mübarizə aparmaq zorunda qalması da, bunun bariz nümunəsidir. Görünəni odur ki, hökumət bu məmur çetesinə qarşı mübarizədə çox zəifdir. Çünki məmurlara verdiyi hududsuz səlahiyyətləri ilə xalqdan çox uzaq düşüb, uçurum isə gündən-günə dərinləşir. Belə davam edəcəksə, ölkədə sosial-siyasi gərginliyin artacağını görməmək müm-kün deyil. Hökumət isə bunu görməzdən gəlir, çünki məmurların girovuna çevrilib.
Müstəqilliyin ilk illərində çox güvəndiyimiz demokratiya isə boş söz yığınından başqa bir şey deyilmiş. Hazırda müasir demokratiyanın vəziyyəti Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin durumu ilə eynidir. Dünya ictimaiyyətinin və Qərbin M.Saakaşviliyə münasibəti necədirsə, demokratiya, azadlıq və müstəqillik kimi ideyalara da münasibətləri bundan oyana keçmir. Əslində, demokratiya pərdəsi ilə maskalanan Qərb dövlətlərinin bir çoxuna demokratiya lazım deyil. Onları heç Azərbaycan, Rusiya, Ermənistan, İran, Türkiyə, hansısa Afrika, yaxud Asiya ölkələrində demokratiyanın vəziyyəti də maraqlandırmır. Onlara lazım olan bu qarışıqlıqdan (bulanıq suda balıq tutmaq) istifadə edib, bu ölkələrdə öz maraqlarını gerçəkləşdirməkdir.
Amerika və bir sıra Avropa dövlətləri demokratiya pərdəsi arxasında, guya dünyada demokratiyanın oturuşması üçün çalışdığı görüntüsü yaratmaqla, bunun onlara hansı dividentlər gətirəcəyi daha çox düşündürür. Bunun üçün də demokratik və azad medianı susdurmaq, yaxud da onlara sərf edən məcraya yönəltmək üçün ciddi işlər görürlər.
Onu da qeyd etmək lazımdır ki, hətta ən demokratik dövlətlər belə, medianın aşırı müstəqilliyini həzm edə bilmir. Çünki cəmiyyətin güzgüsü olan mediada öz real sifətlərini görmək onları əndişələndirir.
Bu baxımdan Azərbaycan da istisna deyil. Son zamanlar Əvəz Zeynallının, Aydın Cəniyevin (Aydın Can) və başqa qələm əhlinin həbsi də müəyyən mənada onu deməyə əsas verir ki, cəmiyyətdəki pisliklərin üzə çıxması, bu məmləkətdə heç kimə lazım deyil. Amma bu cənablar yadlarından çıxarırlar ki, söz azadlığının və müstəqil medianın olmadığı cəmiyyətlərdə heç zaman demokratik inkişaf ola bilməz. Demokratiyanın mövcud olmadığı cəmiyyətlər gecpartlayan minalara oxşayır, səs-səmiri hiss olunmur, partlayanda isə çox böyük faciələr yaradır.
Sovet rejimində media yalnız dövlətə məxsus idi və dövlətin təlimatlarından kənara çıxa bilməzdi. Bununla belə, bugünkü Azərbaycan mediasından daha demokratik və daha güclü idi. Bir məmurun həddi nə idi ki, mediaya göz ağartsın. Hər şansı bir məmur haqqında yazılan faktlar təsdiqini tapsaydı, məmurun karyerası bitərdi. İndiki məmurlarımız barədə medianın yazmadığı qalmır, məmura "gözün üstə qaşın var" deyən olmur, jurnalisti həbs edirlər ki, başqalarına görk olsun. O dövrdə nəşr olunan "Kirpi" jurnalı, "Mozalan" satirik kino-jurnalı məmurların qəniminə çevrilmişdi.
Aydın Cəniyevin və Əvəz Zeynallının hansı səbəbdən həbs edilmələri barədə verilən rəsmi məlumatlar heç də inandırıcı görünmür. Təpədən dırnağa qədər rüşvət çamurunda çapalayan bu məmləkətdə, belə çıxır ki, ancaq jurnalistlər rüşvət ala bilməz. Mən bununla jurnalistin rüşvət almasına haqq qazandırmaq istəmirəm. Ancaq fakt-faktdır.
Milyonlarla dövlət sərvətini talayan, dünyanın çeşidli ölkələrində malı, mülkü olan və bu sərvətin mənbəyi belə məlum olmayan məmur şikayət edir ki, filan jurnalist məndən rüşvət tələb edir. Jurnalistin həmin məmurun qanunsuz əməlləri və fəaliyyəti barədə yazdıqları qalır bir kənarda, bunu heç kim araşdırmır, jurnalist həbs olunur. Mənə belə gəlir ki burada məqsəd təkcə jurnalisti həbs etmək deyil, əsas məqsəd jurnalistlərin məmur qarşısında acizliyini ortaya qoymaqdır. Yəni sus, lal ol, danışma. Görünür Azərbaycana lal, kar və kor junalistlər lazımdır. Yaxud da, MİA-nın reysterindən keçin və MİA-nın təlimatlarına əsasən fəaliyyət göstərin.
Mən bəlkə də qocalmışam, yaddaşım zəifləyib ansaq onu bilirəm ki, dünyanın heç bir yerində dövlət medianın inkişafına pul xərcləmir, bunun üçün xüsusi dövlət qurumları yaratmır. Çünki bütün normal inkişaf etmiş dövlətlərdə media 4-cü hakimiyyət kimi qəbul olunur və onun yazdıqları və dedikləri ilə hökumətin digər qolları da razılaşmalı olur. Bizdə isə hökumət bütün mediaya nəzərət üçün büdcədən vəsait ayırır və həmin vəsaiti xərcləmək üçün qurumlar yaradır.
Əlqərəz, bu gün demokratiya məhbəs həyatı yaşayır, söz azadlığı isə lallara məxsusdur.