Həbs edilmiş diplomatımızla bağlı vəziyyət hələ durulmayıb...

Türk polisi diplomatı təsadüfən dərindən yoxlaya bilərdimi?

Türkiyədən Azərbaycan diplomatının ölkəyə qacaqmalçılıq yolu ilə gətirdiyi 70 kq qızılın tutulması cəmiyyətdə şok effekti yaratdı. Son zamanlar diplomatik korpusla bağli aparılan səmərələşdirici işlər fonunda belə bir hadisənin baş verməsi gözlənilən deyildi.

Azərbaycanlı diplomat şübhəli şəxs qismində Sarıyer səmtində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında taksidə olarkən Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Taksidə 70 kq qızıl olduğu aşkarlanıb. Şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına qızılların özünə məxsus olduğunu və diplomat kimi çalışdığını deyib.

Tutulan şəxs həqiqətən də əvvəllər Azərbaycanın ABŞ-dəki səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə Səudiyyə Ərəbistanında fəaliyyət göstərən səfirliyimizin hərbi attaşesi təyin olunub.

Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.

Bəs bu diplomat kimdir? Yayılan məlumata görə, Bakıya çağırılaraq haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilən bu şəxs Məmmədov Qəhrəman Şamil oğludur. O, uzun illər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olub, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) direktoru vəzifəsini tutub, daha sonra YAP Yasamal rayon təşkilatının sədri işləyən mərhum Tağı Əhmədovun müavini olub, akademik Qərib Məmmədovun qardaşıdır.

Qəhrəman Məmmədov əvvəllər Azərbaycanın dövlət strukturlarında, xüsusən də 2017-2021-ci illərdə Müdafiə Nazirliyinə tabe olan qurumlarda müxtəlif vəzifələrdə çalışıb. Bildirilir ki, qaçaqmalçılıq əməliyyatı Səudiyyə Ərəbistanı ərazisindəki müəyyən ticarət və tranzit əlaqələri vasitəsilə həyata keçirilib. Diplomatik toxunulmazlıq hüququndan istifadə olunaraq qızılın sərhəd keçidlərində yoxlanışdan kənar daşındığı ehtimal olunur. Hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində bu şəbəkənin bir hissəsi olaraq Qəhrəman Məmmədovun adının hallandığı bildirilir. Araşdırmalar göstərir ki, ittiham olunan diplomat ya qaçaqmalçılıq şəbəkəsinin birbaşa iştirakçısı olub, ya da bu əməliyyata bilərəkdən və ya bilməyərəkdən cəlb edilib. Hələlik məsələ ilə bağlı istintaq davam edir və hadisənin tam mənzərəsi aydınlaşmayıb.

İndi əsas suallardan biri budur ki, qızıl qaçaqmalçılığının arxasında kim dayanır. Ələ keçən Qəhrəman Məmmədov sadəcə diplomatik toxunulmazlığından istifadə edib qaçaqmalçılıq edib, yoxsa kuryer olub?

Diplomat Türkiyədə elə bir şəraitdə tutulub ki, bu təsadüfə oxşamır. Birincisi, diplomatı saxlayan sadə polis deyil, Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşlarıdir. İkincisi, ona təsadufən müraciət etsəydi, ən azı diplomatik pasportunu görüb onun oturduğu maşını yoxlamaqdan vaz kecərdilər. Amma Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları israrla masını yoxlayıb və 70 kq qaçaqmalçılıq yolu ilə daşınan qızıl aşkarlayıb. Görünür, qızılın qaçaqmalçıliq yolu daşındığı sonradan, qızıl ölkədən çıxarıldıqdan sonra Səudiyyə Ərəbstanı polisinə bəlli olub. Onlar da qızılı daşıyan adamın şəxsi məlumatlarını Turkiyə tərəfinə ötürüb. Böyük ehtimalla, Türkiyə Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları

Səudiyyə Ərəbistanının ötürdüyü məlumat əsasında Qəhrəman Məmmədovu saxlayıb və onun Azərbaycan diplomatı olmasına baxmayaraq əyləşdiyi maşını yoxlamali olub.

Qəhrəman Məmmədovun Səudiyyə Ərəbistanında diplomatik fəaliyyətlə məşğul olması bu ehtimali gücləndirən amillərdəndir.

Amma hər şey, sözsüz ki, aparılan istintaq nəticəsində aydın olacaq.

Akif NƏSİRLİ