Qərb Ermənistanı eyni vaxtda müharibəyə və seçkiyə hazırlaşdırır....

Paşinyan komandası seçkini dinc yolla udmaq planını tərtib edib

Rəsmi İravanın muxtəlif ölkələrdən silah almasından və  Qərbin onu silahlandırmasıdan belə görünür ki, Ermənistan müharibəyə hazırlaşır. Belə ehtimallar var ki, Paşinyan nüfuzunu itirib və qarşıdan da seçkilər gəlir, o, seçkidə məğlub ola biləcəyindən qorxur. 

Bundan yayınmaq üçün isə seçkilərə qədər yenilik etmək, Azərbaycanla kiçik də olsa bir qalibiyyətli müharibə salmaq istəyir ki, erməni cəmiyyətinin gözündə öz nüfuzunu bərpa etsin. Ehtimal edilir ki, Paşinyan bunsuz seçkiyə getməyi öz hakimiyyəti üçün risq sayır.

Bəli, hazırda doğrudan da Paşinyan hakimiyyətinin 2026-ci il parlament seçkilərində yeniden qalib gələcəyinə müəyyən şübhələr var.

Amma bəri başdan onu da  deyək ki, ölkədə hazırkı iqtidar komandasının qarşısında duruş gətirə bilən siyasi qüvvə mövcud deyil. Bu, Paşinyan hakimiyyətinin ən vacib siyasi üstünlüyüdür.

Silahlanmaya və müharibəyə hazırlaşmaq məsələsinə gəldikdə,  bu gün erməni cəmiyyəti müharibə istəmir. Özünü "revanşist" adlandıran qüvvələrə ermənilər nifrət edir. Yəni cəmiyyətdə müharibə etmək barədə sosial sifariş yoxdu. Ermənilər muharibə, onun itki və digər problemlərindən  bezib artıq. Ermənilər rahat, sərhədləri açıq olan bir dövlət istəyir.

Digər tərəfdən, Paşinyan və onun müttəfiqləri anlayir ki, Ermənistan Azərbaycanla müharibə etsə, onun nəinki qalib gəlmək, heç müqavimət göstərmək şansı belə yoxdur. Ona görə də Ermənistanın Azərbaycana qarşı kiçik də müharibə başlatmaq və hansısa uğur əldə etmək barədə düşüncəsi belə mövcud deyil.

Sadəcə olaraq, Ermənistan və müttəfiqləri düşünür ki, Azərbaycan birdən Zəngəzur dəhlizini güc yolu ilə açmaq qərarına gələ bilər. O halda rəsmi İrəvan müdafiə olunmaq qabiliyyətinə malik olmalıdır. Məlumdur ki, 44 günlük müharibə dönəmində Ermənistan silahlı qüvvələrinin hərbi texnikası  darmadağın edildi. Hazirkı silahlanma məhz həmin itkilərin yerini doldurmaq məqsədi daşıyır. Amma Ermənistan S-300 tipli raketlərlə təchiz ediləcəksə, Azərbaycan da sərhəddə analoji müdafiə və hucum silahlarına malik olmalıdir. Buna qədər isə Ermənistan ərazisinə rəsmi olaraq S-300 raket kompleksi gətirirsə, bunu qonsu ölkələrlə razılaşdırmalıdır. Məsələn, Rusiya 2014-cü ildə Kalininqrad vilayətində S-300 M raket kompleksini təlimlərə cəlb edəndə Avropa İttifaqi buna narazılıq elədi və Rusiyanı onunla razılaşmaq məcburiyyətində qoydu ki, kompleks yalnız müdafiə xarakteri daşıyır.

Qeyd edək ki, Rusiya ordusunun Kalininqraddakı həmin hərbi təlimləri NATO-nun Baltikyanı dövlətlərin ərazisində keçirdiyi "Saber Stike-2014" və "Baltops-2014" təlimləri ilə eyni vaxtda başlayıb.

Paşinyanın 2026-cı ildə keçiriləcək parlament seçkilərində qələbəsini təmin edəcək planına gəldikdə isə, o, yuxarıda qeyd etdiyimiz kimi, əsas problem olan müxalifəti 2024-cü il ərzində sınadı və gördü ki, müxalifətin ölkədə ciddi sosilal dayağı yoxdur. Keşiş Baqrat Qalstanyan hərakatının iflası, onların "payız döyüsü" vədində "barıtlarının yaş" çıxmaşı buna bariz nümunədir. Artıq Nikol arxayındır ki, ölkədə qarşıdakı bir il ərzində atacağı addımlardan kompromat kimi istifadə edib onu devirə bilən bir qüvvə mövcud deyil. Artiq qarşıdaki bir il ərzində görüləcək işlərin anonsu verilib: Ermənistan "erməni soyqırımı"nı prioritet saymadığını elan edib; Pasinyan Ermənistan konstitusiyasının dövlətin yaşamasını sual altına aldıgını deyib; bundan sonrakı sərhəd mubahisələrinin delimitasiya və demarkasiya yolu ilə həll ediləcəyini net şəkildə ortaya qoyub.

Fikrimizcə, Ermənistan qarşıdakı bir il ərzində konstitusiyasına dəyisiklik etməklə və digər addımlarla Azərbaycanın bütün sülh şərtlərini yerinə yetirərək sülh sazişi imzalayacaq. 2026-ci il seçkilərinə qədər Turkiyə və Azərbaycanla sərhədləri açaraq, bu yolla cəmiyyətin rəğbətini qazanacaq. Bununla da indiki hakimiyyət yenidən iqtidarda qalacaq. Bu yolu ona Qərb tövsiyə edib, yoxsa bu iqtidar komandasının planıdır, bunu dəqiqləşdirmək bir qədər cətindir. Amma aydın görünən odur ki, Nikol Paşinyan məhz bu yolu tutub. Zatən onun başqa bir yolu da yoxdur...

Akif NƏSİRLİ