Sumqayıtda partlayış baş verən binaya qaz nə vaxt veriləcək?

"Sumqayıtda, 13-cü mikrorayonda partlayışla əlaqədar olaraq kəsilən qazın verilişi günün ikinci yarısında bərpa olunacaq".

Bu məlumatı Lim10.az-ın sorğusuna cavab olaraq "Azəriqaz" İstehsalat Birliyinin şöbə müdiri Eldəniz Vəliyev verib.

"Hadisə baş verən anda təhlükəsizlik səbəbindən əraziyə qazın verilməsi dayandırılmışdı.

Günün ikinci yarısında hadisənin baş verdiyi bina istisna olmaqla, təhlükəsizlik tam təmin olunduqdan sonra ətraf binalara qazın verilməsi təmin olunacaq. Hadisə baş verən binanın qazı isə istintaq getdiyinə və təhlükəsizlik qaydaları pozulduğuna görə hələ ki verilməyəcək.

Novxanıda baş verən partlayış fərdi yaşayış evində olub. Bu barədə istintaq getdiyi üçün nəsə deyə bilmərəm. Ətraf ərazilərdə isə qaz kəsilməyib", - deyə E.Vəliyev bildirib.

"Sumqayıt Şəhər İcra Hakimiyyəti bu gün səhər saatlarında bağlı müvafiq tədbirlər görür".

Bu məlumatı Lim10.az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev verib.

O qeyd edib ki, partlayış nəticəsində zərərçəkmiş evlərdə yaşayan ailələr müvəqqəti olaraq yaxınlarının evlərində məskunlaşıblar.

"Hadisənin nəticələrinin aradan qaldırılması üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.

Hazırda mütəxəssislər tərəfindən zədələnmiş binanın texniki vəziyyəti ilə bağlı araşdırmalar aparılır. Veriləcək ekspert rəyləri əsasında binanın bərpası və ya digər zəruri tədbirlər barədə qərar qəbul ediləcək.

Sumqayıt Şəhər İcra Hakimiyyəti hadisə baş verən andan etibarən vəziyyəti nəzarətdə saxlayır. Zərərçəkmiş ailələrə lazımi dəstəyin göstərilməsi, sakinlərin təhlükəsizliyinin təmin olunması və yaşayış şəraitinin bərpa edilməsi üçün bütün resurslar səfərbər edilib", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, hadisə nəticəsində altı nəfər xəsarət alıb. Ətrafdakı binalara və maşınlara ziyan dəyib.

Əzizə İsmayılova