Dövlət Statistika Komitəsinin ötən həftə dərman satışı ilə bağlı açıqladığı rəqəm əhali arasında bir qədər təəccüb doğurub.
Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 424,1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satıldığı bildirilir. Bu rəqəm 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 24,3% çoxdur.
Məlumata görə, təkcə noyabrda əhali 138,6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıb.
Bu statistika günü-gündən aptek və klinikaların sayı artdığı bir dövrdə təbii olaraq ağıllara “xəstəliklər də artıbmı?” sualını gətirir.
Mövzu ilə bağlı Lim10.az -a danışan tibb məsələləri üzrə ekspert, professor Adil Qeybulla insanlara təəccüblü və böyük görünən bu rəqəmləri “normal” adlandırıb:

“Ümumiyyətlə, aptek və klinikaların sayının artması əslində, təbii bir məsələdir. Deməli, buna tələbat var. Tələbat olamyanda bunlar da azalacaq. Amma nəzərə alaq ki, bir tərəfdən də əhali artır. Digər tərəfdən, Bakı şəhərində əhalinin toplanması artır və bu çox ciddi şəkildə statistikaya təsir edir. Bundan əlavə, əhali artdıqca təbii olaraq xəstəliklərin də sayı artır”.
A.Qeybulla koronavirus pandemiyasının vəziyyətə mənfi təsir etdiyini söyləyib:
“Koronavirus pandemiyasından sonra xeyli xəstəliklərin sayı artmaqda davam edir. Ona görə də, əlbəttə, dərman və tibbi ləvazimatın istehlakı da artır. Bu statistikaya əməliyyat otaqlarında, tibb müəsssiələrində müxtəlif yerlərdə istifadə edilən tibbi ləvazimatlar, sərfiyyat materialları, dərmanlar və s. hamısı daxildir. Ona görə də mən bu statistikada təəccüblü bir şey görmürəm. Hesab edirəm ki, növbəıti illərdə də artacaq. Bu vəziyyət hansısa tibbi xidmətin pisləşməsindən irəli gəlmir. Belə bir artım tendensiyası dünyanın hər yerində var.
Əgər xatırlayırsınızsa, pandemiyadan sonra bir müddət dərman defisiti yaranmışdı. Ona görə bu vacib bir məsələdir və normal baxılmalıdır”, - deyə o əlavə edib.
Billurə Yunus



















