Gürcüstan azərbaycanlılarını hakimiyyətə qarşı qaldıran xüsusi missionerlər işləyir...
Dəyanət Osmanlı: “Bu, soydaşlarımızın tutduğu obyektiv yola təsirini göstərə bilməyəcək, etiraz, təxribat, üsyan müəlliflərinin cəhdləri boşa çıxacaq”
Oktyabrın 26-da Gürcüstanda keçirilən və hakim “Gürcü arzusu” pariyasının qələbəsi ilə başa çatan parlament seçkilərinin nəticələri Avropa İttifaqını (Aİ), kollektiv Qərbi qane etməyib. Bu səbəbdən də Qərb dairələri bu ölkədəki emissarlarından istifadə edərək, qonşu ölkədə qarşıdurmalar, etiraz aksiyaları təşkil edir.
Nəticədə isə Gürcüstanda vəziyyət gərginləşib. Hadisələr fonunda diqqəti çəkən məqamlardan biri odur ki, bəzi qüvvələr, Qərbin bu ölkədəki emissarları Gürcüstanda yaşayan azərbaycanlıları da hakimiyyətə qarşı qaldırmaq üçün müxtəlif işlər görürlər. Gürcüstanda yaşayan soydaşlarımızdan aldığımız məlumata görə, buradakı bəzi qüvvələr, xüsusən də radikal müxalifət, xarici ölkələrin emissarları soydaşlarımız arasında da parçalanma yaratmağa, onları öz tərəflərinə çəkməyə cəhd edirlər. Bəzən bölücülüyə nail olmaq üçün müxtəlif üsullardan da istifadə edirlər. Baxmayaraq ki, azərbaycanlıların mütləq əksəriyyəti parlament seçkisində hakim "Gürcü arzusu" partiyasına səs verib, amma yenə də bu qüvvələr azərbaycanlıları öz tərəflərinə çəkməyə cəhdlər edirlər. Bu cəhdi edənlər, soydaşlarımızı öz oyunlarına alət etməyə cəhd edən Qərb emissarları, missionerlər unudurlar ki, Gürcüstanda yaşayan azərbaycanlılar bütün dövrlərdə öz tarixi vətənlərinin - Gürcüstan dövlətinin təəssübünü çəkiblər və dövlətçiliyi qorumaq üçün vahid mövqe göstəriblər. Soydaşlarımız bu çətin sınaq dövründə də Gürcüstan dövlətinin yanında olduqlarını sübut edirlər.
“İctimai birlik olaraq soydaşlarımıza bir daha səslənirik və inanırıq ki, Qərbin və müxalifətin onların ictimai-siyasi, sosial statusundan istifadə etməsinə imkan verməyəcəklər...”
“Borçalı” İctimai Birliyinin İdarə Heyətinin sədri Dəyanət Osmanlı “Bakı-Xəbər”ə “Gürcüstandakı hadisələrin gedişatı özü haqqında müxtəlif mülahizələrin və şərhlərin meydana gəlməsinə səbəb olan birinci amildir. Qərb və Gürcüstan müxalifəti etiraz aksiyalarına daha çox insanı cəlb etmək üçün əvvəldən cızdığı planları yerinə yetirir. Şübhəsiz ki, ictimai rəyə təsir göstərə bilən güclərdən biri azərbaycanlı əhalidir. Qərb yaxşı təxribatçı ənənəyə və düşüncəyə malikdir. Ona görə də müxalifətə ciddi dəstək verərək, eyni zamanda özünün rıçaqlarından və emissarlarından istifadə edərək soydaşlarımızı da aksiyalara cəlb etməyə çalışır. Mən də müəyyən sosial media məlumatlarında azərbaycanlıların aksiyalarda iştirakı barədə məlumatlara rast gəlmişəm. Ancaq biz bu məlumatların qərəzli şəkildə hazırlandığını və yayıldığını bilirik.
Reallıq seçkilərdə özünü təqdim etdi. Gürcüstanda yaşayan təxminən 300 min azərbaycanlı öz bölgələrində yüksək seçici fəallığı göstərdilər. Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasına soydaşlarımızın kompakt yaşadığı Marneulidə 34 328 nəfər (79,601 faiz) Bolnisidə 20 788 nəfər (81,426%) səs verib, Dmanisidə isə səsverməyə 9360 nəfər (75,32%) qatılıb”-deyə bildirdi.
D.Osmanlının sözlərinə görə, azərbaycanlı seçicilər Gürcüstanın siyasi arenasında mühüm statusa sahib olmaqla yanaşı, onların verdiyi səslər seçkilərin nəticəsinə təsir göstərən əsas amillərdən biri oldu: “ Azərbaycanlı seçicilərin səsləri hakim partiyaya verilən ümumi səslərin 7-8 faizini təşkil edir.
Gürcüstanda yaşayan azərbaycanlıların son seçkilərdəki fəallığı və hakim “Gürcü arzusu” partiyasını dəstəkləməsi Qərbə və onun əlində alətə çevrilən müxalifətə sərf etmir. Gürcüstan azərbaycanlıları öz milli maraqlarına görə ictimai fəaliyyətini qurub, yaşadıqları ölkədə baş verən olaylardan da dürüst nəticə çıxarmağı bilirlər. Onlar həmişə barış və qarşılıqlı anlaşma tərəfdarı olublar. Azərbaycanın Gürcüstana münasibəti soydaşlarımızın ictimai-siyasi mövqeyində, sosial durumunda həlledici rola malikdir. Bu baxımdan, Azərbaycan-Gürcüstan əlaqələri və əməkdaşlığının inkişafı gürcü və azərbaycanlı əhalinin ən cox marağında və arzusunda olduğu məsələdir.
Borçalı türkləri 90-cı illərdə Gürcüstanda özlərinə qarşı törədilən təxribatları da ayıq-sayıqlığı ilə dəf etməyi bacarıb. O hadisələr unudulmayıb. Bu ölkənin rifahında soydaşlarımızın müstəsna iştirakı var. Ona görə bu amil də nəzərə alınmaqla, Qərb indi əsas gücünü Gürcüstanda yaşayan digər xalqların etirazlara qoşulmasına yönəldib. Bu isə, digər tərəfdən milli münasibətlərin gələcəyinə xələl gətirən addımdır və soydaşlarımızın tutduğu obyektiv yola təsirini göstərə bilməyəcək, etiraz, təxribat, üsyan müəlliflərinin cəhdləri boşa çıxacaq.
İctimai birlik olaraq soydaşlarımıza bir daha səslənirik və inanırıq ki, Qərbin və müxalifətin onların ictimai-siyasi, sosial statusundan istifadə etməsinə imkan verməyəcəklər, həmişə olduğu kimi prinsipial mövqedə dayanacaqlar. Sözsüz ki, regiondakı hadisələrin Azərbaycan-Gürcüstan münasibətlərinə də təsiri az deyildir”.
İradə SARIYEVA