Azərbaycanda 30-40 ilin ən soyuq qışı gözlənilir: Aidiyyəti qurumlar hazırdırlarmı?
Azərbaycanda qarşıdan gələn qış fəsli son 30-40 ilin ən soyuq qışı ola bilər.
Lim10.az xəbər verir ki, Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev ölkə ərazisində havanın temperaturunun normadan aşağı enəcəyi və kəskin şaxtalı günlər müşahidə ediləcəyi barədə
Məlum olduğu kimi, şaxtalı hava şəraitində bir sıra problemlərin meydana çıxma ehtimalı artır. Məsələn, yolların buz bağlaması nəqliyyatın hərəkətində çətinliklər yarada bilər. Həmçinin, kommunal xidmətlərdə nasazlıqlar yarana, istilik sistemlərində qəzalar baş verə bilər.
Havanın kəskin soyuyacağı təqdirdə aidiyyəti qurumların qışa nə dərəcədə hazır olub-olmaması ilə bağlı sual yaranır. Lim10.az suala cavab tapmağa çalışıb.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən Lim10.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon icra hakimiyyətlərində qərargahlar yaradılıb və hazırlıq iclasları keçirilib.
"Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin texnikası hazır vəziyyətə gətirilib, kifayət qədər duz ehtiyatı yaradılıb.
Qar yağan zaman küçələrin təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb", - deyə açıqlamada vurğulanıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə Lim10.az-a bildirilib ki, qurum hazırda qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir.
"Əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir ki, bu tədbirlər nəticəsində xətlər intensiv yağışlar zamanı həm yağış sularını, həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilsin. Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.
Bundan başqa, qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurmalardır. Vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunsun, ya da torpaq altına keçirilsin.
İstehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə don vurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.
Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün onun giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri məqsədilə sayğacların üzərinin quru ağac yonqaları ilə əhatə olunması tövsiyə edilir", - deyə qurumun açıqlamasında qeyd olunur.
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Lim10.az-ın sorğusuna cavab olaraq bildirib ki, təmsil etdiyi qurum hər il may ayının 1-dən noyabr ayının 1-nə qədər payız-qış mövsümünə hazırlıq prosesini icra edir.
"Hazırlıq prosesi nədən ibarətdir? Yeraltı boru xətlərinin yerüstü dayaqlar üzərinə çıxarılması, korroziyaya uğramış boru xətlərinin yeni borularla əvəz olunması, onların boyanması prosesi, şkaf və siyirtmələrin, avadanlıqların sazlığının yoxlanması, kipliyə davamlığın yoxlanması (bu o deməkdir ki, qış aylarında tələbata uyğun olaraq, mavi yanacaq yüksək təzyiqlə verilir, kipliyi yoxlayırlar ki, əgər yeni xətlərdə yüksək təzyiqlə qaz verilərsə, boru xətləri həmin təzyiqə davamlıdır yoxsa yox), sızmaların maksimum dərəcədə yoxlanması ki, qış aylarında o sızmaların nəticəsində məcburi dayanmalara getməyək".
E.Vəliyev vurğulayıb ki, bütün bu işlərin görülməsinə baxmayaraq, sızıntıların qarşısının 100% alınmasına nail olmaq mümkün deyil.
"Dünyanın ən aparıcı, supergüclü ölkələrində belə, qaz təsərrüfatında bu sızmalar müşahidə olunur. Yəni bu, tam normal haldır, çünki qazın aşılanma xüsusiyyəti var, bu səbəbdən istismarda olan boru xətlərinin aşılanması prosesi sonradan müəyyən bir müddətdə çatların və sızmaların əmələ gəlməsinə səbəb ola bilir. Ona görə də bu sızmaların genişmiqyaslı olmaması üçün əməkdaşlarımız ilin bütün fəsillərində və bütün aylarında bununla bağlı müşahidələr, yoxlamalar və təftişlər aparırlar ki, qış aylarında bizim məcburi dayanma kimi problemlərimiz olmasın.
O ki qaldı dediyiniz son 40 ilin ən soyuq qışı proqnozuna, "Azəriqaz" İB bu işlərin hamısını həm də ona görə görür ki, fors-major hallarda biz, bir xidmət sahəsi olaraq, abonentlərimizə yüksəksəviyyəli mavi yanacağın təhlükəsiz və davamlı verilişinə nail ola bilək.
Yəni "Azəriqaz" İB olaraq əminliklə deyə bilərik ki, əgər bizim qəbul məntəqələrimizə və ya nöqtələrimizə qədər mavi yanacaq tələbatımıza uyğun olaraq verilərsə ki, indiyə qədər bu məsələdə hər hansı problem yaşamamışıq və inanıram ki, bundan sonra da yaşamarıq, abonentlərin, hətta dediyiniz kimi, son 40 ilin ən soyuq günündə belə, mavi yanacaqla, yəni qazla heç bir problemi olmayacaq", - deyə E.Vəliyev bildirib.
"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı da Lim10.az-a açıqlamasında hava şəraitinin kəskin dəyişəcəyi təqdirdə təmsil etdiyi qurumun adekvat tədbirlər görəcəyini vurğuladı.
O qeyd etdi ki, "Azəristiliktəchizat" ASC hava proqnozu ilə bağlı Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatlarına istinad edir:
"Bildiyiniz kimi, qazanxanaların və istilik məntəqələrinin iş prinsipi xarici havanın temperaturuna uyğun tənzimlənir. Hava soyuduqca istehlakçıların keyfiyyətli istilik təchizatı məqsədilə istiliyin miqdarı xüsusi tərtib olunmuş qrafikə əsasən, müvafiq qaydada artırılır. Təmir briqadalarımız payız-qış mövsümündə, eləcə də kəskin hava şəraitində iş başında olur, 24 saat fəaliyyət göstərən "qaynar xətt"imizə daxil olan müraciətlər də dərhal araşdırılır. Bir sözlə, hava kəskin dəyişəcəyi təqdirdə buna uyğun, adekvat tədbirlər görüləcək".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli də Lim10.az-a açıqlamasında hazırlıq işlərinin hansı istiqamətdə getməsinə aydınlıq gətirib.
O qeyd edib ki, hər il olduğu kimi, qış mövsümünə hazırlıqla bağlı öncədən AAYDA gücləndirilmiş iş rejiminə keçir.
"Yolların qardan təmizlənməsi, buzlaşmanın qarşısının alınması üçün öncədən qum ehtiyatı toplanır, maşın mexanizmləri, texnikalar hazır vəziyyətə gətirilir, yanacaq-sürtgü ehtiyatı toplanır ki, qarın yağması, buzlaşmanın qarşısının alınması üçün vaxtında müdaxilə olunub tədbirlər görülsün.
Təkcə Bakı şəhərində xidmət göstərdiyimiz yollarda deyil, o cümlədən respublikanın avtomobil yollarında xidmət göstərmək üçün bütün texnikalar hazır vəziyyətə gətirilib. Lazım olan dağlıq ərazilərdə duz-qum ehtiyatının toplanması ilə bağlı işlər həyata keçirilir və bu istiqamətdə bütün işlər davam etdirilir.
Bakı şəhərində də duz ehtiyatının toplanması tədbirləri görülür. Yəni hər hansı problem olduqda müdaxilə olunub aradan qaldırılacaq. Amma bu o demək deyil ki, qarın yağacağı və ya yolların buz bağlayacağı təqdirdə hər hansı problem olmayacaq. Çünki texnikaların əraziyə cəlb olunması və müvafiq işlərin həyata keçirilməsi müəyyən vaxt tələb edir".
A.Nəcəfli qeyd edib ki, bu işlərə sürücülər də hazır olmalıdırlar .
"Avtomobillər qış mövsümünə uyğun təchiz olunmalı və mütləq şəkildə qış şinlərindən istifadə edilməlidir. Əks halda, hətta tərəfimizdən tədbir görülsə belə, yenə də problem yaranacaq. Çünki onların yaratdığı problem digər nəqliyyat vasitələrinin hərəkətinə, o cümlədən bizim texnikaların əraziyə cəlb olunmasına və problemin aradan qaldırılmasına maneə törədəcək", - deyə A. Nəcəfli vurğulayıb.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bu gün mətbuata verdiyi açıqlamada bildirib ki, bu ilin qış aylarında Azərbaycanda havanın orta temperaturunun çoxillik normaya yaxın, yağıntının miqdarının da normaya yaxın, bəzi yerlərdə bir qədər az olacağı proqnozlaşdırılır.
Əzizə İsmayılova