Valideyn etiraz edir - “İctimai nəqliyyatda məktəblilərə niyə güzəşt edilmir?”

 

Bildiyimiz kimi, bu gün ictimai nəqliyyatda 5 yaşından yuxarı uşaqlara gedişhaqqı ödənilməsi tələb olunur. Konkret olaraq, avtobus şirkətləri ictami nəqliyyatın salonuna yazıb yapışdırıb ki, 5 yaşından yuxarı uşaqların gediş haqqı ödənilməlidir. Bunu çoxlarımız görmüşük. Təsəvvür edin ki, gün ərzində bir aildən iki, üç, bəzən dörd uşaq məktəbə gedir və valideyn onların hamısına gediş haqqı ödəməlidir, ödəməyə məcbur edilir də.
Bir çox valideynlər şikayət edirlər ki, onlar uşaqları üçün ödəniş etməyəndə sürücü ödəniş olunana qədər avtobusu yerindən tərpətmir ki, ödəniş edin, sonra yolumuza davam edək.
Belə halla demək olar ki, hər gün qarşılaşırıq.
Valideynlərin əksəriyyətinin bundan narazılıq etdiyi məlumdur, bəziləri bunu sosial şəbəkələr vasitəsilə edir, bəziləri isə etirazını sürücü vasitəsilə sahibkara çatdırmağa çalışır.
Valdeynlərin istəyi odur ki, məktəblilər üçün ictimai nəqliyyatda güzəştlər edilsin.
Filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu bu səhər qarşılaşdığı mənzərəni bizimlə bölüşdü. Bildirdi ki, “Köhnə Günəş”li qəsəbəsindən “Sədərək” Ticarət Mərkəznə işləyən E2 ekspres avtobusunda məktəbli övladları üçün gediş haqqı ödəmədiyi üçün sürücünün kobudluğu ilə qraşılaşıb, sürücü ondan ödəniş etməyi tələb edib və bildirib ki, əks təqdirdə avtobus hərəkət etməyəcək.
“Məktəbə gedən şagirddən avtobusda gediş haqqı alınır. Uşaq pulu verilmirsə, niyə avtobusda məktəblidən gediş haqqı alınır?
18 yaşına qədər bizim övladlarımızın necə böyüdüyü ilə hal-hazırda aidiyyatı qurumlar maraqlanmır.
Bu mövzu ilə bağlı niyə Milli Məclisdə müzakirə aparılmır.
Valideyn bir uşağı məktəbə aparmaq üçün ən azından 30-60 manat ictimai nəqliyyata gediş haqqı ödəməlidir. İki-üç uşağını məktəbə yola salanların daha çox xərci çıxır.
İctimai nəqliyyatda məktəblilərə niyə güzəşt edilmir?”-deyə E.İslamoğlu bildirdi.
E.İslamoğlu dedi ki, bu təkcə onun yox, bütün məktəblilərin valideynlərinin istəyidir, uşaqlar üçün gediş haqqı ləğv edilməlidir.
Elgün