"Hər şey yaxşı olacaq..."

25 dekabr 2024-cü il. Neçə-neçə arzuların, ümidlərin yarım qaldığı o an.

"Ölüm gözlə qaşın arasındadır."-deyirlər. Uşaq olanda bu sözü dərk etmirdim. Amma az da olsa, yaşa dolduqdan sonra artıq həyat mənə bu sözün əsl üzünü göstərdi. Ələlxüsus da, bu yaxınlarda baş verən təyyarə qəzasından sonra. Hər bir insan, hər bir Azərbaycan vətəndaşı kimi bu xəbəri aldığımdan bəri özümə gələ bilmirəm. Qıraqdan çox sadə deyilə bilər-"təyyarə qəzası". Amma bəlkə də, o təyyarə də neçə qurulan xəyallar yarım qaldı, neçə ümidlər puç oldu. Və neçə, neçə nələr...
Qəhrəmanlıq, qorxmazlıq, mərdlik deyildikdə ağıla ilk gələn ölkənin Azərbaycan olmasını bu hadisədən sonra bir daha sübut etdik. Sübut etdik ki, bizim Hökümə Əliyeva kimi dişi; İqor Kşnyakin, Aleksandr Kalyaninov kimi erkək aslanlarımız var. Ölümlə burun-buruna olarkən, elə gərgin, ziddiyyətli bir vaxt da belə öz canlarını bir kənara qoyub, ordakı insanları qurtarmaq üçün əllərindən nə gəlir etdilər. Bəli, həm də nə gəlir etdilər.
Son 2 gün də bütünlüklə xalqın dilində əzbər olan bu şüar "Hər şey yaxşı olacaq." Hökümə Əliyevanın sonuncu dəfə səsləndirdiyi söz. Biz hər birimiz bu sözdən ilham alırıq və sənə inanırıq, Hökümə hər şey çox yaxşı olacaq. Amma bu gün vəziyyət heç də yaxşı deyil. Şəhidlərimizin qanı bahasına yüksəkliklərə sancılan o üç rəngli, aylı ulduzlu bayraq belə boynun büküb və yarıya qədər aşağı enib. Bu gün biz hamılıqla xəbər sorağındayıq sanki gözümüz yollar da qalıb ki, siyahıda yanlışlıq var. Sanki bir yuxudaymışıq kimi hiss edirik. Sənin səsindən güc alaraq bunları düşünürük. Baxın, əsas olan da elə budur. Gücümüzün, qüvvətimizin əsla tükənməməsi. Biz ən son anda belə, ölümlə üzbəüz qalsaq da hər şeyin yaxşı olacağına inanan bir millətik.
Gəlin, bu inamımız, ümidimiz heç vaxt ölməsin. Alnı açıq, öz adıyla bütün dünyaya səs salan Azərbaycan olaraq hər zaman düşmənə göz dağı olaq.
Vursanız da yıxılmarıq. Hətta yıxılsaq da belə, o yerdən qalxmağı bacaran bir xalq olduğumuzu hər kəsə göstərək, bir daha sübut edək. Necə ki, həmişə etmişik də. Çünki bizim xalqımızın övladları göydə də, yerdə də, suda da, quruda da, hər yerdə hünər göstərməyə qadirdirlər! Hünər göstərənlərin səni var edir, uca xalqım. Biz canımızı verməyi, amma təslim olmamağı öyrəndik. Bu qəhrəman pilotlarımızın, stüardessa Hökuməmizin timsalında bir daha gördük. Özləri getsə də, adlarını əbədiyyən qəlbimizə yazdılar.
Başın sağ olsun, Azərbaycan!

Məmmədrzayeva Nuray, Bakı Slavyan Universitetinin jurnalistika ixtisası üzrə ikinci kurs tələbəsi.