Putin "30 milyon(?) Suriya kürdünə dövlət" istəyir...

Rusiya prezidenti Vladimir Putin canlı efirdə Türkiyənin Suriyadakı hərəkətlərini və region ölkələrini - Türkiyə, İran, İraq və Suriyanı əhatə edən mürəkkəb kürd problemini ətraflı şərh edib. Putin qeyd edib ki, kürdlər ciddi qüvvədir:

“Kürdlər ciddi uşaqlardır, sona qədər döyüşən ciddi döyüşçülərdir. Kürd məsələsini həll etmək lazımdır, bu, Əsədin dövründə edilməli idi, lakin indi bu, Suriyanın indiki hakimiyyətləri üçün xüsusilə vacibdir”.

Prezident tarixi aspektə də toxunub:

“Bəzi avropalı siyasətçilər mənə xatırlatdılar ki, Birinci Dünya müharibəsindən sonra kürdlərə öz dövlətlərini yaratmaq vəd edilib, lakin onlar aldanıblar. Bu gün bölgədə 30-35 milyon kürd yaşayır və bu, ciddi kürd problemi yaradır”.

Putin vəziyyətin ehtiyatlı yanaşma və diplomatiya tələb etdiyini vurğulayıb:

“Türkiyənin Kürdüstan Fəhlə Partiyası (PKK) ilə onilliklərdən bəri problemi var. Bununla belə, Türkiyə ilə kürdlər arasında şiddətin artmasının qarşısını almaq vacibdir. Türkiyənin təhlükəsizliyinin təmin edilməsi kürd qüvvələrinin öz sərhədindən uzaqlaşdırılmasını tələb edə bilər, lakin bu, danışıqlar məsələsidir”.

Prezident yekunda regionda sabitliyin qorunub saxlanacağına ümid etdiyini bildirib:

“Ümid edirəm ki, zorakılıq artmayacaq. Kürd problemi qarşılıqlı kompromis və dialoq əsasında həll edilməlidir”.

Putinin kürdlərə dövlət istəməsinin arxasında nə dayanır?

Zərdüşt Əlizadə: "Deməli, Ukrayna xalqının mövcud dövləti olmamalıdır, amma kürd xalqının dövləti qurulmalıdır?.."

Baki-xeber.com saytına açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi ki, siyasətdə bir-birinə zidd iki fikir söyləyən siyasətçilərə "siyasi şizofrenik" deyirlər: "2023-cü ildə Putin böyük bir məqalə yazmışdı. Həmin məqalədə o israr edirdi ki, Ukrayna xalqı yoxdur, ona görə də Ukrayna dövləti də olmamalıdır. Yəni o, 42 milyonluq Ukrayna xalqının mövcudluğunu inkar edir, dünya ictimaiyyəti tərəfindən tanınan, bütün beynəlxalq təşkilatların üzvü olan Ukrayna dövlətinin mövcudluğunu inkar edirdi. Tutalım, bu, Putinin əqidəsidir. Digər tərəfdən isə o, heç bir dövlət və dünya ictimaiyyətinin tanımadığı, dörd dövlətdə (Turkiyə, Suriya, İraq və İranda) yaşayan 35 milyonluq kurd xalqına israrla dövlət qurmaq istəyir. Deməli, Ukrayna xalqının mövcud dövləti olmamalıdır, amma kürd xalqının dövləti qurulmalıdır?..  Buna "siyasi şizofreniya" deyirlər.

Putinin "kürd kartını" ortaya atmasının səbəbi var. Çunki Rusiya Türkiyənin siyasəti nəticəsində ağır məğlubiyyətə uğradı. Bunun ardınca isə dekabrın əvvəllərində cənab Ərdoğan Putinə müraciət etdi ki, qoşunlarını da götür Ukraynadan çıx, boş vaxtın varsa, get Rusiyanın problemləri ilə məşğul ol. Yəni Ərdoğan Putini açıq-aşkar təhqir elədi. Putin də acığından bilmir neyləsin, "kürd kartı"nı ortaya atır.

Kürd xalqının ağlı olsa bilər ki, Putin bunu onlara ürəyi yandığına görə deyil, Türkiyəyə ziyan vurmaq üçün edir. Yəni erməni xalqının da ağlı olsaydı anlayardı ki, "Artsax"ın "müstəqilliyi üçün dəsmal götürüb ağlayan" dövlətlərin də heç biri Qarabağ erməniləri üçün ağlamırl. Öz maraqlarını güdürlər. Anlasaydılar bu günə düşməzdilər - bu gün "Artsax"da erməni qalmayıb. İndi kürdlər də anlasalar ki, onlara yad-yabançı, ziyanlı qüvvələr bu məsələdən sui-istifadə edib öz maraqlarını güdurlər, bu təxribata getməzlər. Onlar əsatiri kürd dövləti yaratmaqdansa, Türkiyədə türk xalqı ilə, Suriyada suriya xalqı ilə, İraqda iraq xalqı ilə, İranda iran xalqı ilə birlikdə ümummilli demokratik dəyərlər uğrunda mübarizə aparsalar daha yaxşı olar. Onların yaşadığı dövlətlərdə insan haqları və bərabərlik təmin olunsa, kürdlərin də hüquqları avtomotik olaraq təmin ediləcək. Bunun üçün hansısa ayrıca dövlət qurmaq, ayrıca milli məmur təbəqəsi yaratmaq, bu dövlətin təhlukəsizliyi naminə sıravi vətəndaşı əzmək, istismar etmək, xüsusi bir korrupsioner kürd məmur təbəqəsi yaratmaq, xaricdən asılı olan kürd ordusu yaratmaq, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən kürd xüsusi xidmət orqanları yaratmaq - bunlar hamısı artıq işdir.

Bütün dünyada qloballaşma gedir, müsəlman dövlətləri isə dağıdılır, parçalanır. Bunu öz dövlətini, ərazi bütövlüyünü və suverenliyini göz bəbəyi kimi qoruyan İngiltərə, Fransa, Rusiya, Çin, Amerika və s. bu kimi dövlətlər edir".

Elşad Musayev: "Tehran və Moskva anlayır ki, onlar birbaşa Türkiyənin apardığı siyasət nəticəsində uduzublar"

Məsələ ilə bağlı baki-xeber.com saytına şərh verən siyasi şərhçi Elşad Musayev bildirdi ki, Suriyada çox ciddi geosiyasi mübarizə gedirdi: "Rusiya və İran Suriyada açıq-aşkar məğlub oldular. Bundan sonra isə onlar məğlub olmadıqlarını nümayiş etdirmək istədilər. Həmin dövlətlər indi bütün vasitələrlə Suriyaya müdaxilə etmək istəyirlər. İran və Rusiya rəhbərliyi mütəmadi olaraq Suriya ilə bağlı məsələlər qaldırırlar. Tehran və Moskva anlayır ki, onlar birbaşa Türkiyənin apardığı siyasət nəticəsində uduzublar. Ona görə də Putin belə bir bəyanatla çıxış edir ki, kürdləri Türkiyəyə qarşı qaldırsın. Bilirlər ki, kürd məsələsi Turkiyənin "axillis dabanı"dır.

Onların kürdlərə xüsusi simpatiyası-filanı yoxdur. Nə də ruskar ilə kürdlər arasında dini, milli, mədəni bağlara mövcud deyil. Türkiyəyə ziyan vurmaq, ona problem yaratmaq üçün kürd, PKK, PYD, YPG terror dəstələrini aktivləşdirmək istəyirlər.

ABŞ, İran və Əsəd rejimi də bu terror dəstələrindən istifadə edir.

Düşünürəm ki, Türkiyə Suriyanın yeni hakimiyyəti ilə bu məsələni çözəcək. Çünki Rusiya, İran və Amerikadan fərqli olaraq, Colani hökuməti öz ərazisində bu terror dəstələrinin fəaliyyətini istəmir. Suriyada hakimiyyətə gələn qüvvələr daha çox Türkiyənin nəzarətində olan qüvvələrdir. Ona gorə də Putinin nə deməsindən asılı olmayaraq Türkiyə yeni hakimiyyətlə birlikdə bu məsələləri özü qaydasına qoyacaq.

Yəni Putinin kürdlərə dövlət istəməsi Moskvanın kürdlərə sevgisindən qaynaqlanmır. Rusiya kürdlərdən istifadə edərək Türkiyəni zəiflədib öz siyasətlərini həyata keçirmək, maraqlatını təmin etmək istəyir".

Dəniz NƏSİRLİ