Aktauda qəzaya uğramış təyyarənin "qara qutu"ları Braziliyaya göndəriləcək

Azərbaycan Respublikasının obyektiv və prinsipial mövqeyi nəzərə alınaraq, "Azərbaycan Hava Yolları"na məxsus və Aktau yaxınlığında qəzaya uğrayan "Embraer 190" tipli sərnişin təyyarəsinin "qara qutu"ları Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul olunub.

Lim10.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

"Xüsusilə vurğulanmalıdır ki, CENIPA-da "qara qutu"ların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcək. Bununla yanaşı, Azərbaycan tərəfindən cəlb edilmiş beynəlxalq ekspertlər də bu prosesdə iştirak edəcəklər. Bu yanaşma, qəza araşdırmalarının tam şəffaf və beynəlxalq standartlara uyğun şəkildə aparılmasını təmin etmək məqsədi daşıyır.

Bu addım həm də qəzaya dair araşdırmaların obyektivliyi ilə bağlı mümkün şübhələrin qarşısını almağa və nəticələrin beynəlxalq ictimaiyyət üçün etibarlılığını artırmağa xidmət edir. Azərbaycanlı mütəxəssislərin bilavasitə iştirak etməsi və beynəlxalq ekspertlərin prosesi müşayiət etməsi araşdırmanın əhatəliliyini və dəqiqliyini daha da gücləndirəcək. Məlumat üçün bildiririk ki, CENIPA təyyarə qəzalarının araşdırılmasında yüksək texniki imkanlara malikdir. Mərkəz müasir avadanlıqlarla təchiz olunub və məlumatların deşifrə edilməsi üçün beynəlxalq səviyyədə sertifikatlaşdırılmış laboratoriyalara sahibdir",- deyə məlumatda bildirilir.

Qeyd edək ki, "Embraer" təyyarələri Braziliyada istehsal olunur.