IATA 30 gün ərzində AZAL-ın təyyarə qəzası ilə bağlı aralıq hesabatı gözləyir
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı qərəzsiz və şəffaf araşdırmaya çağırıb və 30 gün ərzində aralıq hesabatın dərc edilməsinin zəruriliyini xatırladıb.
Lim10.az xəbər verir ki, bu barədə interfax.ru məlumat yayıb.
"Belə bir araşdırma Çikaqo Konvensiyasının 13-cü Əlavəsinin müddəalarına uyğun aparılmalıdır ki, bu da qəzadan sonra 30 gün ərzində aralıq hesabatın dərc olunmasını tələb edir", - təşkilatın bəyanatında deyilir.
IATA-nın müraciəti Rusiya və Azərbaycan prezidentlərinin Rusiya hava məkanında faciəli hadisənin baş verdiyini təsdiqləyən bəyanatlarından sonra verilib.
"Mülki aviasiya heç vaxt hərbi əməliyyatların qəsdən və ya təsadüfi hədəfi olmamalıdır. Bir neçə ölkənin, o cümlədən Rusiya və Azərbaycanın hökumətlərinin işarə etdiyi kimi, "Azərbaycan Hava Yolları"nın 8243 saylı reysinin hərbi əməliyyatların qurbanı ola biləcəyi ehtimalının yüksək olması hərtərəfli, şəffaf və qərəzsiz araşdırmanın aparılmasını ön plana çəkir. Beynəlxalq ictimaiyyət Çikaqo Konvensiyasında təsbit edilmiş beynəlxalq öhdəliklərə uyğun olaraq, 30 gün ərzində aralıq hesabatın dərc edilməsini səbirsizliklə gözləyir. Əgər bu faciəyə görə döyüşənlərin məsuliyyət daşıdığı qənaətinə gəlinsə, günahkarlar məsuliyyətə cəlb edilməli və ədalət məhkəməsinə verilməlidir", - deyə IATA-nın baş direktoru Villi Uolş bildirib.