İsveçrədə çadra və niqab geyinməyə qadağa qüvvəyə mindi
İsveçrə hakimiyyəti 1 yanvar 2025-ci ildən ictimai yerlərdə üzü tam örtən geyim və geyim əşyalarının, o cümlədən çadra və niqabın geyinilməsini qadağan edib. Qadağanın pozulmasına görə 100-dən 1000 İsveçrə frankına qədər (110.2-dən 1102 dollara qədər) cərimə nəzərdə tutulur.
Lim10.az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, İsveçrə əhalisi 2021-ci ilin mart ayında keçirilən referendumda müvafiq təşəbbüsə səs verib. O zaman sorğuda iştirak edənlərin 51.2%-i qadağanı dəstəkləyib. Əvvəllər bu məhdudiyyət yalnız Sankt-Qallen və Tiçino kantonlarında regional səviyyədə tətbiq edilirdi.
Qadağa müsəlman dindarlarının niqab və çadra kimi geyimlərinə, həmçinin futbol azarkeşlərinin geyindiyi balaklavalara şamil ediləcək. Onları artıq mağazalarda, restoranlarda, dövlət müəssisələrində və ictimai nəqliyyatda geyinmək qadağandır. Bununla belə, üzü örtən geyimləri ibadət yerlərində, karnavallarda və ya soyuqdan qorunmaq məqsədilə geyinmək mümkün olacaq.
İsveçrə Prezidenti Karin Keller-Zutterin sözlərinə görə, qadağa İsveçrədə yaşayan 400 min müsəlmanın yalnız kiçik bir hissəsinə təsir edəcək. Siyasətçinin qeyd etdiyi kimi, onlardan yalnız 20-30 qadın niqab geyinir.
Qadağanın tətbiqi ilə İsveçrə artıq oxşar qaydaların qüvvədə olduğu Avropa ölkələrinin siyahısına qoşulub. Bu ölkələrə Avstriya, Belçika, Bolqarıstan, Danimarka və Niderland daxildir. Üzü örtən geyimlərə ilk qadağanı 2011-ci ildə Fransa tətbiq edib.