Dörd ildir təmirə bağlanan muzey niyə hələ də açılmır?
Gəncənin Nizami Gəncəvi adına Dövlət Tarix Diyarşünaslıq Muzeyi 2019-cu ilin noyabr ayında təmir və bərpa işləri üçün bağlanıb. Təmir işlərinin 2021-ci ildə tamamlanmasına baxmayaraq, muzey hələ də fəaliyyətini bərpa etməyib.
Muzeyin əsası 1924-cü ildə qoyulub və bir neçə şöbə ilə fəaliyyətə başlayıb. 1972-ci ildən isə hazırkı binasında eksponatların sərgilənməsinə başlanılıb. Muzeyin fondunda 30 minə yaxın eksponat qorunur. Binanın özü isə tarixi əhəmiyyət daşıyır. Belə ki, bu bina Cavad xanın nəticələri Adil və İsmayıl xan Ziyadxanovların şəxsi mülkü olub.
Lim10.az "ATV Xəbər"ə istinadən xəbər verir ki, sakinlər muzeyin açılmasını səbirsizliklə gözləyirlər.
Onların sözlərinə görə, muzeyin fəaliyyət göstərməməsi şəhər sakinləri və turistlər üçün böyük itki hesab olunur:
"Bu cür tarixi muzeylər işləməlidir. Niyə bağlıdır? Nə üçün açılmır? İnsanlar tariximizi görməkdən məhrum olurlar".
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət edilib. Nazirlikdən verilən məlumata görə, muzeydə ekspozisiyanın bədii tərtibatı ilə bağlı işlər aparılır. Bu işlərin 2024-cü ildə tam başa çatdırılması və muzeyin yenidən fəaliyyətə başlaması planlaşdırılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: